Məhkəmə qərarları › İş №e-2(064)-50/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-50/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-50/2025 23.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdehdən 3000 manat dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 09 iyul 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə İddiaçı MMC-yə müraciət etmiş və bundan sonra 12 avqust 2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏM-nin 68.2-cimaddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 21 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən cavabdeh 5 (beş) ildən tez İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verərsə İddiaçı MMC-yə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməlidir. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə Məhkəməyə ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki mübahisəyə hüquqi qiymət verilməsi üçün aşağıdakı normativ hüquqi aktlara isatinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli “Təlim keçmə və əməkdaşlıq haqqında” müqavilə əsasında müəyyən edilir ki, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində yalnız “Şirkət”də işləmək, başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verməmək və ya ləğv etməmək, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etmək, "Şirkəf”lə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 3000 (üç min) manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək təlim alanın (Cavabdehin) vəzifələrinə daxildir və "xxxx" öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra elməzsə "xxxx"dan 3000 (üç min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək Şirkətin (İddiaçının) hüququdur. Qeyd olunan şərtlərlə bağlı aralarında razılığa gələn tərəflər müqaviləni öz imzaları ilə təsdiq ediblər. xx.xx.2023-cü il tarixli tərəflər arasında bağlanmış əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əsasında müəyyən edilir ki, Cavabdeh operator vəzifəsinə işə götürülmüş, xx.xx.2023-cü il tarixdən işə başlaması nəzərdə tutulmuş və müqavilə xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixli arayış və hesabdan çıxarış əsasında müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də operator vəzifəsində işləyib və ona xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 5501,37 manat əmək haqqı hesablanıb. xx.xx.2024-cü il tarixli, 189/33-24 saylı arayış əsasında müəyyən edilir ki, Cavabdeh 2024- 2025-ci tədris ilində İ.M.Seçenov adına X1 Tibb Universitetinin Bakı filialının “Əczaçılıq sənayesi; Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisası üzrə magistratura pilləsinə 1-ci kursa qəbul olunub. Cavabdehin İddiaçı MMC-nin direktoru Zaur Abbasova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi əsasında müəyyən edilir ki, Cavabdeh təhsilini davam etdirməklə əlaqədar xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə verdiyini, bu günə qədər ərizənin nəticəsi barədə ona məlumat verilmədiyini bildirib və ƏM 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini, son haqq hesabın ödənilməsini, əmək müqaviləsi, təlim keçmə və əməkdaşlıq haqqında müqavilə və əmək kitabçasının ona təqdim edilməsini xahiş edib. xx.xx.2024-cü il tarixli xəbərdarlıq əsasında müəyyən edilir ki, İddiaçı MMC-nin direktoru Zaur Abbasov Cavabdehə müraciət edərək bildirib ki, əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə İddiaçıya müraciət etməklə o, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur və belə olan halda İddiaçı tərəfindən ona təlim keçilməsi üçün çəkilən 3000 (üç min) manat xərcin ödənilməsi üçün məhkəməyə müraciət ediləcək, məhkəməyə müraciət ediləcəyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də ondan tutulacaq. Xəbərdarlıq məktubunun aşağı hissəsində Cavabdehin öz imzası ilə təsdiq etdiyi xx.xx.2024cü il tarixli qeyd əsasında müəyyən edilir ki, Cavabdeh xəbərdarlıq məktubunun məzmunu ilə tanış olub və İddiaçının peşə öyrətmə ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə ödəniş etmək öhdəliyi olmadığını, tələb əsassız olduğu üçün digər məhkəmə xərclərinin də ondan tutulmasının düzgün olmadığını bildirib. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş materiallar əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Cavabdeh iddia tələbinin əsassız olduğunu və İddiaçının peşə öyrətmə ilə bağlı öhdəliyini yerinə yetirmədiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin müvafiq olaraq Cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 3000 manat dəbbə pulu və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar