Məhkəmə qərarları › İş №e-2(064)-714/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-714/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-714/2024 11.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” barədə verdiyi iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəlikləri üzrə cəmi 9245,08 manat və ödənilmiş dövlət rüsumuna görə cəmi 113,33 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, nümayəndəsi Nümayəndə2 (bundan sonra – iddiaçının nümayəndəsi) isə məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı ümumi qaydada onunla əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə bağladığı müvafiq tarixli əmək müqavilələrinə əsasən ilk dəfə 05 noyabr 2009-cu il tarixdə iddiaçının Pərakəndə biznes departamentinin Pərakəndə biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsinə, sonuncu dəfə isə 07 mart 2023-cü il tarixdə iddiaçının Strategiya ofisinin meneceri vəzifəsinə təyin edilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” 10 yanvar 2022 (bundan sonra – İ müqavilə) və 04 noyabr 2022-ci (bundan sonra – İİ müqavilə) il tarixli müqavilələrə əsasən İ müqavilə üzrə “X1” (PMP) sertifikatı əldə etmək üçün keçirilmiş kursda, İİ müqavilə üzrə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Koç Universitetində “Executive Mini-MBA” təhsil proqramına dair keçirilmiş tədrisdə iştirak etmişdir. İddiaçı həmin müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, İ müqavilə üzrə kurs haqqı üçün 1250 manat, İİ müqavilə üzrə təhsil haqqı üçün 8050 manat, otel üçün 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün 1022 manat, digər ezamiyyə xərcləri üçün 681,57 manat və vergi ödənişləri üçün 727,14 manat olmaqla, cəmi 13814,63 manat məbləğində pul xərcləmişdir. İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən cavabdeh müvafiq olaraq kurs və təhsil proqramlarını müvəffəqiyyətlə tamamladığını təsdiq edən sənədləri əldə etdiyi tarixdən sonrakı 1 il və 2 il ərzində iddiaçı ilə bağladığı əmək müqaviləsinə müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi istisna olmaqla, digər əsaslar üzrə xitam verilərsə, yuxarıda iddiaçı tərəfindən çəkildiyi göstərilmiş bütün xərcləri (o cümlədən, kurs və təhsil haqları üçün çəkilmiş xərcləri) işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. İİ müqavilənin 1.1-ci bəndinin mətnində iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı əvvəlcə “(bundan sonra – ayrılıqda “təhsil haqqı”)” adlandırılsa da, sonra isə cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar iddiaçının çəkməli olduğu digər bütün xərclərlə birlikdə “(bundan sonra – birlikdə “Xərclər”)” adlandırılmaqla, müqavilənin məqsədləri üçün ümumi məzmunda işlədilmiş “xərclər” anlayışının tərkibinə daxil edilmişdir. Cavabdehin İ və İİ müqavilələr üzrə tədris proqramlarını müvafiq olaraq 21 oktyabr 2022 və 15 may 2023-cü il tarixlərdə bitirməsi, iddiaçı ilə bağladığı əmək müqaviləsinə isə 31 may 2023-cü il tarixdə özünün təşəbbüsünə əsasən xitam verilməsi hər iki müqavilənin 1.2-ci bəndlərində göstərilmiş qaydaların tətbiq edilməsi üçün hüquqi əsasın, cavabdehin iddiaçıya İ müqavilə üzrə çəkilmiş 1250 manat məbləğində xərcin işlədiyi dövrə proporsional olan 489,73 manat hissəsini və İİ müqavilə üzrə çəkilmiş cəmi 13814,63 manat məbləğində xərci qaytarmaq vəzifəsinin, iddiaçının isə cavabdehdən həmin xərcləri ona qaytarmasını tələb etmək hüququnun yaranması ilə nəticələnmişdir. Buna görə də iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra cavabdehə ödəməli olduğu son haqq-hesab məbləğinin 5059,28 manat hissəsini yuxarıda İİ müqavilə üzrə çəkdiyi göstərilmiş xərclərə görə öz xeyrinə tutmuş, cavabdehdən İ müqavilə üzrə çəkdiyi xərcə görə 489,73 manat, İİ müqavilə üzrə çəkdiyi xərclərə görə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat məbləğində pulu ona qaytarmasını dəfələrlə şifahi və yazılı qaydada tələb etmiş, cavabdeh həmin tələbə əməl etməmişdir. Buna görə də iddiaçı hazırki məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi cəmi 113,33 manat məbləğində pul ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatları, məhkəmə çıxışı və 11 iyun 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəsində ümumi qaydada iddianın təmin olunmasını, cavabdehdən İ müqavilə üzrə 489,73 manat və İİ müqavilə üzrə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat, ödənilmiş dövlət rüsumuna görə cəmi 113,33 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışına qədərki icraat dövrünə aid olan 23 may 2024-cü il tarixdə və 11 iyun 2024-cü il tarixdə məhkəmə baxışı iclasının başlanmasına qədər iddiaya dair verdiyi yazılı etirazlarında iddianın təmin edilməməsini xahiş etsə də, məhkəmə baxışı iclasında verdiyi izahatında və məhkəməyə şəxsən yazıb təqdim etdiyi ərizəsində işin faktiki halları barədə iddiaçının iddia ərizəsində, nümayəndəsinin isə məhkəmə iclaslarında verdiyi izahatlarında göstərdikləri ilə eyni məzmunda (İİ müqavilənin 1.1-ci bəndinin mətnində işlədilmiş “xərclər” anlayışının tərkibinə iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı üçün xərcin də daxil edilməsi və cavabdehin həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçının təhsil haqqı üçün çəkdiyi xərci sonuncuya qaytarmalı olması ilə bağlı hallar istisna olmaqla) bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının İ müqavilə üzrə kurs haqqı üçün ödədiyi pulun 489,73 manat hissəsini, İİ müqavilə üzrə otel üçün ödədiyi 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və vergi ödənişləri üçün ödədiyi 727,14 manat olmaqla, cəmi 6254,36 məbləğində pulu iddiaçıya sonuncu ilə bağladığı İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən qaytarmalı olduğunu etiraf edir. İddiaçı həmin məbləğin 5059,28 manat hissəsini onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən sonra ona ödəməli olduğu son haqq-hesab məbləğindən tutduğuna görə iddia ərizəsi üzrə iddiaçıya 1195,08 manat məbləğində pul ödəməli olduğunu hesab edir. Buna görə də iddianın həmin hissədə, yəni qismən təmin edilməsinə etiraz etmir. İİ müqavilənin 1.1-ci bəndində işlədilmiş “xərclər” anlayışına iddiaçının təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pul daxil edilmədiyinə görə həmin məbləği müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş hüquqi əsasın mövcud olmasına baxmayaraq, iddiaçıya ödəməli olmadığını hesab edir. Buna görə də iddianın həmin hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə yuxarıda göstərilən mülki-prosessual qanunvericilik normalarına və cavabdehin qismən etirafedici məzmunda olan, məhkəmə baxışı iclasında verdiyi izahatına və təqdim etdiyi, məhkəmə tərəfindən qəbul edilmiş yazılı ərizəsinə əsaslanaraq hesab edir ki, yuxarıda iddiaçının iddia ərizəsində, nümayəndəsinin isə məhkəmə iclaslarında verdiyi izahatlarında iddia ərizəsini əsaslandırmaları ilə bağlı göstərilmiş işə dair halların yalnız İİ müqavilənin 1.1-ci bəndinin mətnində işlədilmiş “xərclər” anlayışının tərkibinə iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı xərcinin də daxil edilməsi və cavabdehin həmin müqavilə üzrə iddiaçının təhsil haqqı üçün çəkdiyi xərci sonuncuya qaytarmalı olmasından ibarət olan hissələri cavabdeh tərəfindən mübahisələndirildiyinə görə işin mübahisəli hallarını, təkrarlanmasına ehtiyac olmadığı qalan bütün hissələri isə cavabdeh tərəfindən etiraf edilməklə mübahisələndirilmədiyinə görə işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə buna görə də işin mübahisəsiz hallarını cavabdehin etirafı ilə yanaşı, tərəflər arasında bağlanmış 05 noyabr 2009-cu il tarixli əmək müqaviləsi, İ və İİ müqavilələr, İ müqavilə üzrə kurs haqqı, İİ müqavilə üzrə otel, bir dəfə gediş-dönüş aviabilet, digər ezamiyyə xərcləri və vergi ödənişləri üçün xərclərə dair iddia ərizəsinə əlavə edilmiş maliyyə sənədləri, cavabdehin adına verilmiş 21 oktyabr 2022-ci il tarixli “X1” (PMP) sertifikat və iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncunun təşəbbüsü üzrə 31 may 2023-cü il tarixdə xitam verilməsi barədə iddiaçı tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 1288k nömrəli əmrin surətləri əsasında yuxarıda iddiaçının iddia ərizəsində, nümayəndəsinin isə məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı əsaslandırmaları ilə bağlı göstərilmiş məzmunda təkrarlamadan müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı və nümayəndəsinin iddia etdikləri kimi, İİ müqavilənin 1.1-ci bəndinin mətnində iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı xərci əvvəlcə “(bundan sonra – ayrılıqda “təhsil haqqı”)” adlandırılsa da, sonra isə cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar iddiaçının çəkməli olduğu digər bütün xərclərlə birlikdə “(bundan sonra – birlikdə “Xərclər”)” adlandırılmaqla, müqavilənin məqsədləri üçün ümumi məzmunda işlədilmiş “xərclər” anlayışının tərkibinə daxil edildiyinə, həmin müqavilə üzrə iddiaçının öhdəlikləri içərisində ödəməli olduğu təhsil haqqı xərci digər xərclərə münasibətdə müqavilənin məqsədinə nail olmaq sahəsində məntiqi ardıcıllıqla birinci sırada olduğuna və İİ müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə 31 may 2023-cü il tarixdə, yəni Türkiyə Respublikasının Koç Universitetində təhsil proqramını müvəffəqiyyətlə tamamladığını təsdiq edən sənədi əldə etdiyi 15 may 2023-cü il tarixdən 2 il müddət keçməmiş özünün təşəbbüsü əsasında xitam verildiyinə görə cavabdehin İİ müqavilə üzrə ona münasibətdə iddiaçının otel üçün ödədiyi 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və vergi ödənişləri üçün ödədiyi 727,14 manat məbləğində pulla yanaşı (bu hallar işin mübahisəsiz hallarını təşkil edir), təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pulu da iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. İddiaçının İİ müqavilə üzrə cavabdehə görə təhsil haqqı üçün 8050 manat məbləğində pul xərcləməsi cavabdehin etirafı ilə yanaşı, iddiaçının iddia ərizəsinə əlavə etdiyi maliyyə sənədləri ilə sübut edilir. Məhkəmə göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə uyğun olaraq hesab edir ki, iddiaçı İİ müqavilə üzrə cavabdehə görə təhsil haqqı xərci üçün ödədiyi 8050 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarılmalı olduğunu sübut etmiş, cavabdeh isə bunun əksini təşkil edən etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də cavabdehin iddia ərizəsinə İİ müqavilə üzrə iddiaçının ona görə ödədiyi 8050 manat təhsil haqqı məbləğini iddiaçıya qaytarmalı olmadığı barədə verdiyi etiraz əsassızdır. Məhkəmə işin müəyyən etdiyi faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 11-ci maddəsinin 1-ci hissəsinin ğ) bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etməkdir. - 10-cu maddəsinin ç) hissəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. - 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə yuxarıda göstərilmiş, işin mübahisəsiz və mübahisəli halları ilə bağlı müəyyən etidiyi faktiki halları və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq, iddiaçının irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara, eləcə də cavabdehin iddia ərizəsinə dair verdiyi etiraza obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 13 və 18 mart 2024-cü il tarixli mədaxil qəbzləri əsasında iddiaçının iş üzrə dövlət rüsumu ilə əlaqədar cəmi 113,33 manat məbləğində pul ödədiyi müəyyən edildiyinə və iddia təmin edilməli olduğuna görə iddiaçının dövlət rüsumu ilə əlaqədar ödədiyi cəmi 113,33 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə 489,73 manat və 04 noyabr 2022-ci il tarixli müqavilə üzrə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat, ödənilmiş dövlət rüsumuna görə cəmi 113,33 manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar