Məhkəmə qərarları › İş №e-2(064)-972/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-972/2025

29.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-972/2025 29.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon 2 saylı tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “əmək haqqının verilməsi, işə bərpa və çəkilmiş vəsaitin iddiaçıya ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Füzuli Rayon 2 saylı tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “əmək haqqının verilməsi, işə bərpa və çəkilmiş vəsaitin iddiaçıya ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayon 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli bağlanılmış əmək müqaviləsinin və işdən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qanunsuz əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə bərpa edilməklə xx.xx.2024-cü il tarixdən işinə bərpa olunduğu günədək əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və dövlət orqanlarına iddia tələbi ilə əlaqədar edilmiş müraciətlər üçün çəkilmiş poçt xidmətlərinə görə 100 manat olmaqla, cəmi 210 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “xahiş edirəm” hissəsində “əvvəlki iş yeri” ifadəsinin əvəzinə “gözətçi vəzifəsi” kimi qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsinin “xahiş edirəm” hissəsində “iddia ərizəsinin müraciət üçün çəkilmiş poçt xidmətlərinə görə 100 manat tələbinin xaric olunmasına köməklik göstərilməsini, həmin hissədə yalnız ödənilmiş 50 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki səhv olaraq əmək haqqının hesablanmasının tarixi xx.xx.2024-cü il əvəzinə xx.xx.2024-cü il kimi göstərilmişdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, ümumilikdə 40 ilə yaxın orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 2023-cü ildə 59 yaşında keçirilən sertifikasiya imtahanında 23 bal toplamışdir. Qaydalara görə təkrar ona 1 il vaxt verilmiş və o, 2024-cü il tarixdə yenidən sertifikasiya imtahanında iştirak etməli olmuşdur. Lakin həmin dövrdə direktor Cavabdeh ona demişdir ki, yaşı 60-ı keçmiş şəxslər könüllü olduğu üçün sertifikasiyada iştirak etməyə bilərlər. Həm də həmin vaxt o, üzürlü səbəblərdən sertifikasiyada iştirak edə bilməmişdir. Buna baxmayaraq ona Təhsil Nazirliyindən bildiriş gəlmiş ki, ona əlavə əmək haqqı saxlanılmaqla sertifikasiyada 1 il vaxt verilir. Amma direktor 1 ili gözləmədən öz tanışlarının məsləhəti ilə onun əmək müqaviləsinə qanunsuz və əsassız xitam vermişdir.(xx.xx.2024-cü ildə). Sonra o, dəfələrlə direktora, Regional Təhsil İdarəsinin sektor müdiri Ramella xanıma müraciət etsə də, onlar onu aldatmağa başlamışdır ki, tələsmə sənin iş problemini həll edəcəyik. 2024-cü ilin iyul tarixindən 2024-cü ilin sentyabr tarixinədək Ramella xanıma və Regional Təhsil İdarəsinin müdiri Anar müəllimə müraciətlər etmiş, teleqramlar göndərmişdir. 2024-cü ilin avqust ayında sentyabr ayının əvvəlində Ramella xanım rayondan Bakı şəhərinə gəlib öz məktəbində yox, gizlicə ayrı məktəbdə onu qəbul edib demişdir ki, şikayət eləmə, biz el qızıyıq, bacıyıq, sənin bank kredit borclarını da verəcəm, sumkasından çıxarıb pul da təklif etmiş, lakin o, qəbul etməyib müəllim işinə qaytarılmağını tələb etmişdir. Sonuncu da müxtəlif yalan və bəhanələr ilə məsələni həll etməmişdir. Daha sonra o, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar müəllimin qəbuluna getmiş, Anar müəllim bildirişə baxıb köməkçisi Orxan adlı şəxslə birlikdə demişlər ki, direktor səhvə yol verib sizi işdən çıxarıb. Həmin vaxt Anar müəllim (əvvəlki müdir) ona orada münasib bir işdə işləməyi üçün ərizə yazmağı təklif etmişdir. O da ərizə yazıb təqdim etmiş və Bakı şəhərinə qayıtmışdır. 2024-cü ilin təxminən sentyabr ayının 18-dən və ya 19-dan ona həm Ramella, həm direktor, həm də Anar müəllim işə çıxıb işini (texniki bir iş adı ilə) davam etdirməyi bildirmişlər. O da onlar dediyi kimi eləmişdir. Lakin əmək haqqı sentyabr 2024-cü ildə verilməli olsa da, direktor demişdir ki, 2 aylıq birlikdə vurulacaq, oktyabr 2024-cü ildə yenə əmək haqqının verilməmiş, yenə direktor demiş ki, birlikdə vurulacaq. Lakin Svetlana və Ramellanın saysız-hesabsız yalanları onun üçün heç bir yaxşı nəticə verməmişdir. Nəhayət Cavabdeh ona göstərmiş ki, Qarabağ Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən sosial vəziyyəti ağır olan işdən çıxan işçilər üçün və həmin komissiyada vəzifə tutan Ramellanın da iştirakı ilə ona 0,5 ştat gözətçi işinə qərar verilib. O, razılaşsa da, şəxsən Ramella müəllimə ona demiş ki, sən bu işi işlə, mən bacın kimi sənə sosial-pedaqoji bir iş təşkil edəcəm. Beləliklə, 2024-cü ilin noyabr ayının 1-də Sənan Mənsimli müdir olan vaxt direktor onu çağırıb tam ştat əmək müqaviləsi bağlamış və Sima imza ilə müqavilənin bağlanılmasını təşkil etmişdir. Yenə o, 1 noyabr 2024-dən 28 dekabr 2024-cü ilədək işinə gedib tapşırılan işləri yerinə yetirsə də, yenə də direktor əmək haqqını verməmişdir. Əmək haqqını noyabr 2024-cü ildə tələb etdikdə direktor demişdir ki, o, 320 manat cibindən verir, amma əmək haqqınızı karta vuracam, borcumu qaytar, o da direktor deyən kimi eləmişdir. Alıb özü vasitəsilə Kapital banka ödəmişdir. Sonra o, əmək haqqının nə üçün kartına vurulmamasını tələb etdikdə, direktor yeni kart sifariş etdiyini demiş, həmin kart bank vasitəsilə ona çatdırılmış, lakin əmək haqqı yox imiş, daha sonra dekabr 2024-cü il tarixdə əmək haqqının verilməsini tələb etdikdə direktor demiş ki, onu o işə götürməmiş, sənin pulunu Sənan və Ramella verəcək. O, hər şeyi düz etmiş, səhv Sənan və Ramellanındır. O, yenə Ramellaya və Sənan müəllimə müraciət etsə də, nəticəsi olmamışdır. 20-21 dekabr 2024-cü il tarixlərində o, yenə əmək haqqını tələb edəndə direktor Svetlana, müavin Arzu, digər müavin İlahənin yanında onu özü və övladları ilə təhdid edib demişdir ki, özündən qorxmursan? Övladlarından qorxmursan? Şikayət etmə. Həmin gün gecə isə Arzu evinə yığıb demişdir ki, bir şeyi bilirəm ki, deyirəm, şikayət eləmə. O, yenə əmək haqqını tələb etsə də, 29 dekabr 2024-cü il tarixdə gecə saat 9 radələrində direktor evini yığıb demişdir ki, sən bizdən şikayət etdiyin üçün Sənan və Ramella dedi ki, Nargizi işdən xəlvət çıxar, daha işə gəlmə. O da 30 dekabr 2024-cü il tarixdə əmək kitabçanı yazmadan heç bir əmr vermədən demişdir ki, hər şey daha sistemdədir, get özün bax. Sistemə baxdıqda görmüşdür ki, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndi ilə tərəflərdən birinin təşəbbüsü bəndi ilə xitam verilmişdir. O, təxminən yenə həmin tarixdə şikayətlərini davam etdirmişdir. Əmək müfəttişliyinə, polisə müraciət etmiş, polisdə Svetlanın və Arzunun izahatlarında hədə-qorxusu etiraf olunmuşdur, müfəttişlik isə direktorun səhvini və nöqsanını qeyd edərək ərizəsiz, gizlincə əmək müqaviləsinə xitam verdiyi üçün 1500 AZN cərimə olunmasını bildirmiş, xx.xx.2025-ci il tarixədək bu səhvin düzəldilməsini məktubda göstərmişdir. Polisin məktubundan Prokurorluğa şikayət etmiş, hazırda araşdırma davam edir. Lakin Əmək müfəttişliyi əmək müqaviləsinə qanunsuz xitam verilməsinə münasibət bildirmiş, əmək haqqının verilməsinə münasibət bildirməmiş, Svetlananın xeyrinə ört-basdır etmişdir. O halda da onlardan (müfəttişlikdən) yenidən şikayət etmiş, dediklərinə görə araşdırma gedir. Daha sonra 2025-ci ilin mart ayında Sənan müəllimin qəbuluna gedəndə bir yalan da öyrənmiş, orda ona demişlər ki, Ramella gəlib Sənan müəllimə deyib ki, guya o, sosialpedaqoji işi bəyənib götürməmişdir, gözətçi işin götürmüşdür. Bu da ağ yalandır. Maraqlıdır ki, həmin iş ona verilməyibsə kimə verilib? Orda ona dedilər ki, sizin haqqınızda Sənan müəllim bir işin verilməsini düşünür. Bu günə qədər Ramellanın yalanları, direktorun qərəzli, qanunsuz, əsassız sözləri bitib tükənmədiyi üçün məcbur olub mediasiyaya müraciət eləmişdir, orada da bir nəticə olmamışdır. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil Val oğlu iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Füzuli Rayon 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı məktəbin ibtidai sinifləri üzrə keçirilmiş sertifikasiya imtahanlarından uğurlu nəticə əldə edə bilmədiyi üçün onun işinə xitam verilmişdir. İddiaçının irəli sürdüyü fikirlər əsassızdır. İddiaçı ailə vəziyyətinə görə Füzuli rayon 2 nömrəli tam orta məktəbdə alternativ işlə təmin olunmaqla bağlı müvafiq qurumlara müraciət etmişdir. Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 38(1)-1281 qeydiyyat nömrəli məktubuna əsasən X1 rayon 2 nömrəli tam orta məktəbə 0,5 ştat gözətçi təyin olunmuşdur. Lakin həmin məktəb 276 nömrəli məktəbin daxilində yerləşdiyi üçün Füzuli rayon 2 nömrəli məktəb üçün gözətçi ştatı nəzərdə tutulmamışdır. Buna görə də vahid 1 C proqram təminatı bir tədris binası üçün əlavə gözətçi ştatını qəbul etməmişdir. Nəticədə vətəndaş X2 təyinatı verilsə də, Nazirlər Kabinetinin 59 nömrəli qərarına uyğun olaraq işlə təmin olunma təsdiqlənməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli işə götürən Qarabağ Regional Təhsil İdarəsi, Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən əsasən İddiaçı Füzuli Rayon 2 saylı tam orta məktəbdə gözətçi vəzifəsinə işə götürülmüşdür. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Qarabağ X3 Füzuli Rayon 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Füzuli Rayon 2 saylı tam orta məktəbində əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, Füzuli Rayon 2 saylı tam orta məktəbində gözətçi peşəsində çalışan İddiaçı əmək müqaviləsinə işçinin ərizəsi olmadan əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı əvvəlki işinə bərpa edilməsini və yol verilmiş nöqsanı aradan aradan qaldıraraq 1 ay müddətində nəticəsi barədə təsdiqedici sənədləri DƏMX-nin Qarabağ regional şöbəsinə verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Qarabağ X3 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun təkrar müraciətinə baxılmış və qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, inzibati icraat başlanmışdır. -Azərbaycan Respublikası Qarabağ X3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci tarixli məktubundan və ona əlavə edimiş xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Füzuli Rayon 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə ona şərti olaraq yəni, 20 gün müddətinə 1500 manat cərimə tədbiq edilmiş və ona izah edilmişdir ki, bu müddət bitənədək göstərilən hüquqpozmanın aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. -Füzuli Rayon 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 121 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Əsas: Nazirlər Kabinetinin 1996-cı il 26 may 59 nömrəli qərarı. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X8 Regional Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-29-38/2-43/2025 saylı məktubunda deyilir: ”Sizin müraciətin araşdırılması məqsədi ilə müvafiq sənədlərin təqdim edilməsi barədə Qarabağ Regional Təhsil İdarəsinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Bildiririk ki, təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırma prosesi keçirilmişdir. Füzuli rayon 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 bu prosesdə uğurlu nəticə əldə etmədiyindən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Vətəndaş sonrakı prosesdə sosial vəziyyəti ilə əlaqədar Füzuli rayon 2 nömrəli tam orta məktəbdə alternativ işlə təmin olunmaqla bağlı müraciət etmişdir. Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 38(1)-1281 qeydiyyat nömrəli məktubuna əsasən X1 rayon 2 nömrəli tam orta məktəbə 0,5 ştat gözətçi təyin olunmuşdur. Lakin məktəb 276 nömrəli məktəbin daxilində yerləşdiyi üçün Füzuli rayon 2 nömrəli məktəb üçün gözətçi ştatı nəzərdə tutulmamışdır. Buna görə də vahid 1 C proqram təminatı bir tədris binası üçün əlavə gözətçi ştatını qəbul etməmişdir. Nəticədə vətəndaş X2 təyinatı verilsə də Nazirlər Kabinetinin 59 nömrəli qərarına uyğun olaraq işlə təmin olunma təsdiqlənməmişdir.” -Azərbaycan Respublikası Qarabağ X3 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda deyilir: “Sizin əmək hüqüqlarınızın pozulması barədə Qarabağ regional DOST Mərkəzinə etdiyiniz müraciətə Nazirlik yanında X7 Xidmətinin Qarabağ regional şöbəsində baxılmışdır. Müraciətlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə Qarabağ Regional Təhsil İdarəsindən sizə aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Təqdim olunan sənədlərə əsasən, işəgötürən əmək müqavilənizə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Əmək müqavilənizə səhv xitam vermişdir. Bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə müvafiq olaraq 04 fevral 2025-ci il tarixli, ******* saylı şərti Qərar qəbul edilmişdir. Tərəfindən işəgötürənə Sizin işə bərpa olunmağınız barədə xx.xx.2025-ci il tarixili 3-17-5/2-M- 9550/2025 nömrəli göstəriş xarakterli məktub göndərilmişdir. Müraciətdə qeyd etdiyiniz məsələ üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xxxxxxx000300 nömrəli əmrə əsasən onunla Füzuli rayonu üzrə təhsil sektoru /Ümumtəhsil Təhsil Müəssisələri/ Füzuli rayonu 2 nömrəli tam orta məktəbi tərəfindən gözətçi vəzifəsinə xitam edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin "a" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verildiyi göstərilsə də, işin araşdırılmış halları ilə həmin əsasların mövcüdluğu və əmək müqaviləsinin xitamının zəruriliyi müəyyən edilməmiş, bu barədə cavabdehdən tərəfindən hər hansı bir sübutlar (sənədlər) məhkəməyə təqdim olunmamışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin "a" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunaraq iddiaçı Füzuli rayon 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməklə əvvəlki işinə bərpa edilməlidir. Həmçinin ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Füzuli rayon 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, iddiaçı həmin məktəbin gözətçi vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Füzuli rayon 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Füzuli rayon 2 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehdən ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar