Məhkəmə qərarları › İş №e-2(066)-1453/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1453/2025

04.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1453/2025 04.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Göy-Göl Milli Parkına qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı Göy-Göl Milli Parkında əmək müqaviləsi bağlanaraq bələdçi işində işləmiş, xx.xx.2025-ci il tarixli, 110 saylı əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi -əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.

Məhkəmədə icraat:

2. İddiaçı cavabdeh Göy-Göl Milli Parkına qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidməti Göygöl Milli Parkının 110 nömrəli, 10 sentyabr 2025-ci il tarixli əmrini ləğv edib onu Göygöl Milli Parkına bələdçi vəzifəsi işinə bərpa edib işə bərpa olunma, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Göygöl Milli Parkının 68 nömrəli 02 dekabr 2015-ci il tarixli əmri ilə Göygöl Milli Parkına gözətçi vəzifəsinə, 08 iyul 2021-ci il tarixli əmri ilə X3 Xidməti Göygöl Milli Parkına bələdçi vəzifəsinə təyin edilmişdir və işlədiyi dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də olsun inzibati tənbeh almamış, qanun pozuntusuna yol verməmişdir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işlədiyi on il müddətində əmək fəaliyyətini layiqincə icra etmişdir. Dəfələrlə yaxşı işinə görə fərqlənmiş və pul mükafatlarına layiq görülmüşdür. Ancaq buna baxmayaraq Göygöl Milli Parkının 110 nömrəli, 10 sentyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh ona aid olmayan maddə ilə işdən qanunsuz olaraq çıxarmışdır. Belə ki, cavabdeh (Göygöl Milli Parkının son dövrlərdə digər işçilərlə, o cümlədən onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli 69 nömrəli əmrlə 3 ay müddətində əmək müqaviləsi uzadılmışdır. Cavabdeh Göygöl Milli Parkının 10 sentyabr 2015-ci il tarixli, 110 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əsassız olaraq işdən azad edilmişdir. Onun işi ixtisara düşməmiş və yenə də başqa işçilərə həvalə edilmişdir.Əlavə olaraq bildirir ki, o, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikasının müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Prezidentİlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Onunla cavabdeh təşkilat arasında bağlanmış ilk əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, sonradan xx.xx.2025-ci il tarixdə 69 nömrəli əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Halbuki, göstərilən xidmətlər daimi xarakterə malikdir. 4.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti Göygöl Milli Parkının direktoru Nümayəndə2 tərəfindən xx.xx.2025-ci il tarixində ünvanlanmış etiraz məktubunda bildirilir ki, e-2(066)-1453/2025 nömrəli iş üzrə İddiaçı Azərbaycan Respublikasının Göygöl Milli Parkına qarşı "işə bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, iddiaçının "işə bərpa olunması”na dair iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə son dəfə 10 iyun 2025-ci il tarixindən 10 sentyabr 2025-ci il tarixinədək 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. 1 avqust 2025-ci ıl tarixli, 180 nömrəli məktubla ona bildiriş göndərilməklə müddətli əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra Göygöl Milli Parkının 10 sentyabr 2025-ci il tarixli 110 nömrəli əmrinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Qeyd olunanlardan və əmək qanunvericiliyinin tələblərindən də görünür ki, İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsində heç bir qayda pozuntusuna yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Göygöl Milli parkına qarşı “İşə bərpa olunması” tələbi barədə iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək qeyd etdi ki, ona işdən çıxarılmaya dair bildiriş təqdim olunub. O, müddətli müqaviləyə keçiriləndə pretenziya bildirməmişdir. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, onun işdən azad olunması barədə qanunsuz olaraq verilmiş əmri əsassız hesab edir. Göstərir ki, 2015-ci ilin dekabr ayında Göygöl rayonunun Milli parkında onunla müddətsiz əmək müqaviləsi bağlanılmış, o, gözətçi vəzifəsinə təyin edilmişdir. 2021-ci il tarixdə isə öz ərizəsi əsasında digər vəzifəyə dəyişdirilmişdir. Bundan sonra isə, 2025-ci ilin yanvar ayından 3 ay, 3 ay olaraq onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. 2025-ci il tarixdə özbaşına olaraq, əmək qanunvericiliyi pozularaq onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Daha sonra isə, onunla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bu hərəkət işçinin hüquqlarının pozulmasıdır. Hazırda hüquqlarını müdafiə etdiyi şəxs müharibə iştirakçısı olmuş, Azərbaycan torpaqlarının qaytarılmasında vətən müharibəsi iştirakçısı, Suqovuşanın azad olunması medalları ilə təltif olunmuşdur. İddiaçı veterandır. Azərbaycan Respublikasının əmək qanunvericiliyin 45-ci maddəsinə əsasən bildirir ki, Göygöl Milli Parkı mövsümi iş fəaliyyəti deyildir ki, iddiaçını heç bir səbəb olmadan işdən çıxaralar. İşə götürənin özbaşına işçini işdən çıxarması qanunvericiliyə uyğun deyildir. Göygöl Milli Parkında bələdçiyə ehtiyac var, yəni iddiaçının işdən çıxarılması həmin yerin boşalması deyil, başqa işçinin işə götürülməsidir. Hazırda qeyd olunan vəzifə durur. İşdən çıxarılma əmrini qanunsuz və əsassız hesab edirlər, ona görə də məhkəməyə müraciət ediblər. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 çıxışında bildirmişdir ki, iddiaçı 2021-ci ilin 10-cu ayında öz ərizəsi ilə bələdçi vəzifəsinə təyin olunub. O, təyin olunduğu vaxtdan müddətli əmək müqaviləsi ilə işə təyin olunmuşdur. Bir neçə dəfə isə onun müqaviləsi 6 aylıq olub. O, vəzifəyə təyin olduqda onun müqaviləsi 3 aylıq idi. Əmək məcəlləsinin 68.2, 70-ci maddələrinə uyğun olaraq, iddiaçı işdən qanuni şəkildə azad edilib. İddiaçıya bir ay əvvəldən bildiriş də təqdim olunub.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər:

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 11.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

12. İşin mübahisəsiz halıdır ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti Göygöl Milli Parkında əmək müqaviləsi əsasında bələdçi vəzifəsində işləmiş, bundan sonra işçinin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə işəgötürən tərəfindən xitam verilmişdir.

13. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Göygöl Milli Parkına gözətçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixində öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş, eyni tarixdə Göygöl Milli Parkına bələdçi vəzifəsinə işə təyin edilmiş, xx.xx.2025-ci il tarixində isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddənin “b” bəndinə əsasən işindən azad edilmişdir.

14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli 69 №-li əmrə əsasən Göygöl Milli Parkının bələdçisi İddiaçı əmək müqaviləsinin vaxtı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 (üç) ay müddətinə uzadılmışdır.

15. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti Göygöl Milli Parkının xx.xx.2025-ci il tarixli 113 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Göygöl Milli Parkı haqqında əsasnamənin” 7.4.1-ci bəndini rəhbər tutaraq Göygöl Milli Parkının bələdçisi İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir.

16. xx.xx.2025-ci il tarixli 80 nömrəli bildirişdən gprünür ki, işçi İddiaçın işəgötürən tərəfindən əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyinə dair bildiriş verilmiş, işçi tərəfindən bildiriş imza edilərək qəbul edilmişdir.

17. Təqdim edilən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2025ci il tarixli əmək müqavilələrinin hər ikisində müqavilənin müddətli olması əks olunmuşdur.

18. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı Göy-Göl Milli Parkına bələdçi kimi müddətli müqavilə əsasında işlədiyi müəyyən olunur. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötürənin hüquqları çərçivəsində olduğundan yenidən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Belə halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməsi səbəbindən xitam verilmiş və işəgötürən tərəfindən əmək müqavilənin müddəti uzadılmamışdır.

19. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətinin bitdikdən sonra uzadılmaması əmək münasibətlərin təməl prinsiplərindən olan tərəflərin bərabərliyi və iradə sərbəstliyinin təzahürüdür.

20. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Göy-Göl Milli Parkına qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Göy-Göl Milli Parkına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar