Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1212/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli 54 saylı əmrinin ləğv olunaraq, onun məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq 33 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə təhsilin inkişafına və tədrisin keyfiyyətinə daim diqqətlə yanaşmışdır. Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbdə dərslərin tədrisi ilə bərabər direktor müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-cı il tarixində Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh iş kabinetinə gələrək, istilik sistemi üçün istifadə olunan kömürün keyfiyyətsiz olduğunu və bununla bağlı tədbir görülməli olduğunu bildirmişdir. Direktor onun yanında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna zəng edərək bu barədə məlumat verdikdən sonra ona bildirmişdir ki, indi gəlib vəziyyəti yerində yoxlayacaqlar. Bir qədər sonra, Fikrət Heybətov, İmran Müseyibli, Elşən Sətiyev və Novruz Musayevdən ibarət tərkibdə rayon təhsil sektorunun əməkdaşları Xaçmaz rayonu, Qalağan kənd tam orta məktəbinə gəlmişlər. Məktəbə gəlmiş həmin əməkdaşlar yoxlama adı ilə gəldiklərini bildirmiş və ondan fəaliyyət və iş planlarını, proqramları təqdim etməyini tələb etmişlər. Təqdim etdiyi sənədləri təftiş etdikdən sonra guya bəzi qüsurların və nöqsanların müəyyən edildiyini və dərs bölgüsünün düzgün hesablanmadığını, buna görə də mənimsəmə müəyyən etdiklərini bildirmişlər. Tərəfindən onun fəaliyyətində hər hansı ciddi nöqsanın olmadığını, “yoxlamanın” müəyyən etdiyi qüsurların ona deyil, direktorun səlahiyyətlərinə aid olduğunu onların nəzərinə çatdırmışdır. Xaçmaz rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Fikrət Heybətov direktorla da bağlı tədbirlərin görüləcəyini və rəhbərliyə məruzə etdikdən sonra, prokurorluğa məlumat veriləcəyini bildirmişdir. Bu məsələ ilə bağlı yaranmış fikir ayrılığı xeyli müzakirə edildikdən sonra ondan direktor müavini vəzifəsindən azad olunmağı ilə bağlı ərizə yazmağı tələb edilmişdir. Gərgin psixoloji təzyiqlərə davam gətirməyib tələb olunan ərizəni yazıb onlara təqdim etmişdir. Bir neçə gün sonra məktəbin direktoruna ərizəni geri götürmək istədiyini bildirmiş, bu müraciəti ilə bağlı hərəkətsizlik göstərildiyinə görə, xx.xx.2022-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə xx.xx.2022-ci il tarixli direktor müavini vəzifəsindən azad olunmağı ilə bağlı ərizəsindən imtina etməyi barədə yeni ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, məktəbin direktoru Cavabdeh ona bildirmişdir ki, artıq onun direktor müavini vəzifəsindən öz ərizəsinə əsasən azad edilməyi ilə bağlı əmr hazırlanır. O, direktora ərizəsindən imtina etdiyi üçün bu əsasla vəzifədən azad edilməyinin qanunsuz olduğunu bildirmiş və əmrin surətini ona təqdim olunmasını xahiş etsə də, əmrin surəti ona verilməmişdir. Tutduğu vəzifədən öz xahişi ilə azad olunmağı barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə ünvanladığı ərizəyə rəsmi cavab verilmədiyinə görə, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 146 №li qaynar xəttinə (saat 15:06) zəng etmişdir. Nazirlikdən bu məsələ ilə bağlı məlumat əldə etməyi üçün ********** mobil nömrəsinə zəng etməyi tövsiyə olunub. Həmin vaxt təqdim olunan mobil nömrə vasitəsilə əlaqə yaradılmış və onunla danışan xanım əməkdaş ilk əvvəl onun ərizəsinin İdarəyə daxil olmadığını bildirsə də, məktubun poçt vasitəsilə daxil olduğu və Mirzəməmmədova adlı şəxs tərəfindən qəbul edildiyini ona xatırlatdıqdan sonra daxil olan sənədin qeydə alınmadığını və bu məsələ ilə bağlı məktəbin direktoru ilə əlaqə saxlanılması məsləhət görülmüşdür. Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli əmrinin surəti ona xx.xx.2023-cü il tarixində verilmişdir. xx.xx.2022-ci il tarixli ərizəai əsasında dərhal vəzifəsindən azad edilməyi barədə əmrin verilməsi, lakin ərizəsindən imtina ilə bağlı ərizəsinin ümumiyyətlə qeydiyyatdan keçirilməməsi, eləcə də qanuni əsaslarla cavablandırılmaması və onun uzun illər səmərəli pedaqoji fəaliyyətinin nəzərə alınmaması, həmçinin işçinin peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə əhəmiyyət verilməməsi həmin tarixdə formal təşkil olunmuş “yoxlamanın” bir teatr səhnəsi olduğunu deməyə əsas verir İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin fikrini nəzərə almaqla, maraqlı şəxsin iştirakı olmadan iclasın davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçının işə bərpası ilə bağlı rəsmi olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət olunmuş və İdarənin 17 yanvar 2023-cü il tarixli 3-29-32/2-27/2023 saylı məktubu ilə iddiaçıya cavab verilmişdir ki, ümumtəhsil müəssisələrdə çalışan Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə əmək münasibətlərinin tənzimlənməsi həmin təhsil müəssisəsinin direktorunun səlahiyyətləri daxilindədir. Tutduğunuz vəzifədən azad olunmağınızla bağlı aidiyyatı üzrə ərizə ilə çalışdığınız təhsil müəssisəsinin direktoruna müraciət etməyiniz tövsiyyə olunur. İddaçının işdən azad olunması ilə bağlı əmrinə də, məhz məktəbin direktoru Gülnar xanım imza etmişdir. Hazırki məhkəmə prosesində çıxış edən Cavabdeh isə iddianı tam qəbul etmiş, İddiaçı işə bərpasına dair heç bir etirazın olmadığını bildirmiş, iddiaçının işdən azad olunmasına dair əmrinin onun iradəsinə zidd şəkildə imzalandığını bildirmişdir. Bu səbəbdən də, əmrin qanunsuz olduğunu, iddiaçının işə bərpa olunmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili ilə razı olduğunu bildirərək, iddia ərizəsinə və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddia ərizəsində göstərilənlərlə razıdır, iddia tələbini qəbul edir. Həqiqətən də, hadisə iddiaçının nümayəndəsinin dediyi kimi baş verib. Sahibə xanım məktəbdə istilik sistemi üçün istifadə olunan kömürün keyfiyyətsiz olması ilə bağlı ona müraciət etmiş, o da öz növbəsində bu barədə Regional İdarəyə məlumat vermişdir. Heç 10 dəqiqə keçməmiş məktəbə yoxlama gəlmiş və Sahibə xanımın iş fəaliyyətini yoxlamağa başlamışlar. Daha sonra Sahibə xanıma öz xahişi ilə işdən çıxma barədə ərizənin yazılması təklif olunmuşdur. Hətta onun özünə də bildirmişdirlər ki, işdən çıxma barədə ərizə yazsın. Sahibı xanım ərizəsini yazıb təhsil idarəsinin əməkdaşlarına təqdim etdikdən sonra, onlar ərizəni aparmışlar. Təxminən 2 gündən sonra Sahibə xanım onun yanına gələrək ərizəsini geri almaq istəsə də, ərizə onda olmadığından o, Sahibə xanıma ərizəni geri qaytara bilməmişdir. Onun özünə də işdən çıxma ərizəsini yazılmağa göstəriş vermişlər, və o, ərizəsini yazsa da, sonda şiddətli töhmət almışdır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi bugünədək vakantdır, təyinat olmayıb. İddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, 1. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini verdiyi ərizəsinə əsasən vəzifəsindən azad edilmiş 2. Məktəbin rus dili müəllimi İddiaçı 12 saat dərs saatı saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba- Xaçmaz Regional Təhsil İdarəsinin 17 yanvar 2023-cü il tarixli 3-29-32/2-27/2023 saylı məktubundan görünür ki, ümumtəhsil müəssisələrdə çalışan Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə əmək münasibətlərinin tənzimlənməsi həmin təhsil müəssisəsinin direktorunun səlahiyyətləri daxilindədir. Vəzifədən azad olunmaqla bağlı aidiyyatı üzrə ərizə ilə təhsil müəssisəsinin direktoruna müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan göründüyü kimi, İddiaçı öz iradəsinə zidd olan, kənar təsir nəticəsində yazmış olduğu “öz xahişi ilə işdən çıxmaq barədə” ərizəsini 01 dekabr 2022-ci il tarixdə yazaraq məktəbin direktoruna təqdim etsə də, xəbərdarlıq müddəti, yəni 1 ay ərzində daha dəqiq isə ərizəsini yazdıqdan 2 gün sonra məktəbin direktoruna yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirmiş, lakin onun xahişi nəzərə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh bununla bağlı bildirmişdir ki, həqiqətən də Sahibə xanım ona yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirsə də, o, Sahibə xanıma bunun onun səlahiyyətində olmamasını, hətta onun özünün də işdən çıxarılacağını bildirmiş və ərizəsini geri qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə də, İddiaçı kənar təsir nəticəsində iradəsinə zidd olan “öz xahişi ilə işdən çıxma” ərizəsini xx.xx.2022-ci il tarixdə işəgötürənə, yəni cavabdehə təqdim etsə də, qısa müddət ərzində həmin ərizəni geri götürmək istədiyini, yəni iradə ifadəsini işəgötürənə bildirsə də, işəgötürən tərəfindən buna heç bir məhəl qoyulmamışdır. Cavabdehin verdiyi məlumata əsasən işdən azad olunmuş İddiaçı azad edildiyi Qalağan tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bugünədək təyinat olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba- Xaçmaz Regional Təhsil İdarəsinin 17 yanvar 2023-cü il tarixli 3-29-32/2-27/2023 saylı məktubundan göründüyü kimi, iddiaçının işə bərpa edilməsi səlahiyyəti məktəbin direktoru, yəni hazırki iş üzrə cavabdehə məxsusdur. Cavabdeh isə iddia tələbini tam qəbul etdiyindən, iddiaçı bu faktların sübutetmə vəzifəsindən azad olunur. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı kənar təsir nəticəsində, iradəsinə zidd şəkildə “öz xahişi ilə işdən çıxma” barədə ərizəsini işəgötürənə təqdim etdikdən sonra, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində göstərilən tələblərə uyğun şəkildə işəgötürənə ərizəsini geri götürmək istədiyini, yəni iradə ifadəsini açıq-aşkar bildirsə də, işəgötürən tərəfdən buna heç bir məhəl qoyulmadan, işçinin ərizəsi geri qaytarılmamış və Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla, işçi vəzifəsindən azad edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və İddiaçı Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunmalı və ona məcburi iş buraxmaya görə əməkhaqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunmalı və ona məcburi iş buraxmaya görə əməkhaqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödənəkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 100 manat pul tutulub, dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin olunsun. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin direktoru Cavabdeh 54 nömrəli 07 dekabr 2022-ci il tarixli əmri ləğv olunsun. İddiaçı Xaçmaz rayon Qalağan kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunsun. İddiaçı məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1212/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1212/2023
04.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver