Məhkəmə qərarları › İş №e-2(067)-137/2025

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(067)-137/2025

18.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-137/2025 18.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzi olaraq pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 17857,30 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 84 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcıkassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X10 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 04 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2404 saylı Əmrindən göründüyü kimi, “Oba – Bakıxanov 13” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 15012,3 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəl yazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, artıq və əskik mallara baxılmış, sayım qrupundan heç bir narazılığı olmamışdır. İkinci inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2642 saylı Əmrindən göründüyü kimi, “Oba – Bakıxanov 13” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3379,82 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamalarının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdəmüvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 17857,30 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert əsassız olaraq rəy verməkdən imtina etmişdir ki, bu imtinanın səbəbini əsaslı hesab etmir, çünki ekspert rəyinin verilməsi üçün zəruri olan 15 cilddən ibarət ilkin mühasibat uçotu sənədləri, habelə dəfələrlə keçirilmiş inventarizasiya yoxlamaları ilə bağlı sənədlər tərəflərindən tam şəkildə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. Bununla belə, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AT/247 saylı İcazəyə (lisenziyaya) əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru sərbəst auditor X8 tərəfindən Cavabdeh administrator kimi çalışdığı ünvan 1 ünvanında yerləşən “Oba-Bakıxanov 13” mağazasında ərzaq və qeyri-ərzaq mallarının əskik gəlməsinin audit yoxlaması aparılmış və cavabdehin öhdəliyində olan maddiyatdan 18392,12 manat dəyərində məhsulun əskik gəlməsi müəyyən edilmişdir. Bu barədə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli Auditor Rəyləri iş materiallarına əlavə edilmək üçün tərəflərindən təqdim edilir. “Auditor xidməti haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Odur ki, hazırki iş üzrə qətnamə qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasınıı və iddianın tam həcmdə təmin edilməsini xahiş edir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə çağırış vərəqəsi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -22 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 15012.30 manat, xx.xx.2022-ci il tarixində 3379.82 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 17857.30 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 22 may 2023-cü il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 17857.30 manat təşkil edir. -xx.xx.2017-ci il tarixli 433-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış şöbəsinə xx.xx.2017-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə 028 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli 04 saylı əmrlə Cəmiyyətin Satış Departamentinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. -İddiaçı MMC-nin cavabdehə ünvanladığı xəbərdarlıqlardan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin İnventarizasiya komissiyasının iltizamnaməsində Cavabdeh sayımda sona qədər iştirak etdiyini, sayılan miqdarların yoxlanıldığını əksik mallara baxıldığını, sayımla bağlı etirazının olmadığını qeyd etmişdir. -xx.xx.2022-ci il tarixli İmtina aktından məlum olur ki, "01 "Noyabr 2022 ci il tarixli 136 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə X1; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri: X4, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X6, Satış Departament müdiri: X9, İnventarizasiya şöbə müdiri - X2 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Bakıxanov 13” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 15012.30 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. -xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin İnventarizasiya komissiyasının iltizamnaməsində Cavabdeh sayımda sona qədər iştirak etdiyini, sayılan miqdarların yoxlanıldığını əksik mallara baxıldığını, sayımla bağlı etirazının olmadığını qeyd etmişdir. -xx.xx.2022-ci il tarixli İmtina aktından məlum olur ki, "01 "Noyabr 2022 ci il tarixli 136 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə X1; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri: X4, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X6, Satış Departament müdiri: X9, İnventarizasiya şöbə müdiri - X2 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən “Oba-Bakıxanov 13” (439) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-3379.83 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. -xx.xx.2023-cü il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı tərəf X3 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli X10 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 04 saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 17857,30 manat təşkil edir. -auditor rəydən görünür ki, Audit yoxlaması nəticəsində elə müəyyən olunur ki, İddiaçı MMC-nin ünvan 6 25b küçəsi ünvanında yerləşən “Oba-Bakıxanov” №13 mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan ümumilikdə 15 012.30 manat dəyərində məhsul əskik gəlmişdir. Onların mülahizələrinə görə əskikgəlmə faktının aşkarlanması 14 noyabr 2022-ci il tarixində keçirilən inventarizasiya yoxlamasına əsasən bütün mövcud aspektlərdə müəssisənin faktiki 15 012.30 manat (On beş min on iki manat, 30 qəpik) zərərə uğradığı əməliyyatların nəticələrinin düzgünlüyünü göstərməklə Azərbaycan Respublikasının bütün normativ və hüquqi aktlarının tələblərinə müvafiqdir. 2. X13 audit yoxlama prossesində dindirilmək üçün tərəflərindən dəvət olunmuşdur, lakin heç bir səbəb bildirmədən görüşdə iştirak etməmişdir. 3. Rəhbərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədə uyğundur. 4. Rəhbərliyə tövsiyyə olunur ki, yaranmış əskik gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülsün. -auditor rəydən görünür ki, Audit yoxlaması nəticəsində elə müəyyən olunur ki, İddiaçı MMC-nin ünvan 6 25b küçəsi ünvanında yerləşən “Oba-Bakıxanov” №13 mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan ümumilikdə 3 379.82 manat dəyərində məhsul əskik gəlmişdir. Onların mülahizələrinə görə əskikgəlmə faktmm aşkarlanması 13 dekabr 2022-ci il tarixində keçirilən inventarizasiya yoxlamasına əsasən bütün mövcud aspektlərdə müəssisənin faktiki 3 379.82 manat (Üç min üç yüz yetmiş doqquz manat, 82 qəpik) zərərə uğradığı əməliyyatların nəticələrinin düzgünlüyünü göstərməklə Azərbaycan Respublikasının bütün normativ və hüquqi aktlarının tələblərinə müvafiqdir. 2. X13 audit yoxlama prossesində dindirilmək üçün tərəflərindən dəvət olunmuşdur, lakin heç bir səbəb bildirmədən görüşdə iştirak etməmişdir. 3. Rəhbərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədə uyğundur. 4. Rəhbərliyə tövsiyyə olunur ki, yaranmış əskik gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülsün. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən:

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən:

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 195-ci maddəsinə əsasən: İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçınə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçınə ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17857.30 manat məbləğində pul, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 84 manat pul vəsaiti alınaraq İddiaçın xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar