Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1944/2024 29.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14649.46 manat əsas borc, 492.56 manat faiz borcu olmaqla, cəmi 15142.02 (on beş min yüz qırx iki manat iki qəpik) manat borcun və ödənilmiş 133.95 (yüz otuz üç manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********81 nömrəli X4 müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********81 nömrəli X4 müqaviləsinin 7.3.7ci maddəsinə əsasən texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində, 4.1.1.2-ci yarımbənddə qeyd olunan Borc alanın Bank tərəfindən təsdiq edilmiş Kredit sifarişində və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və Bankın Tariflərində və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi, həmin müqavilənin 7.3.8-ci maddəsinə əsasən bank tərəfindən hesablara səhv daxil olmuş pul vəsaitlərini bankın müvafiq tələbini aldıqdan sonra 1 (bir) iş günündən gec olmayaraq geri qaytarmağı öhədəsinə götürmüşdür. Borclu Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim olunmuş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan istifadə edərək ümumilikdə 14649.46 manat məbləğində ona məxsus olmayan vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 14649.46 manat əsas borc, 492.56 manat faiz borcu olmaqla cəmi 15142.02 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 133.95 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə 28 avqust 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14649.46 manat borcun və ödənilmiş 133.95 (yüz otuz üç manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində 14649.46 manat əsas borc, 492.56 manat faiz borcu olmaqla, cəmi 15142.02 manat borcun cavabdehdən tutulması barədə qərar qəbul olunması qeyd edilmişdir. İşin məhkəmə gedişi zamanı iddia ərizəsi üzrə tələb olunan borc məbləği ilə xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuş borc məbləğinin arasında fərq olduğu müəyyən olunmuşdur. Həmin maliyyə arayışına əsasən cavabdehin banka 14649.46 manat əsas, 0 manat faiz olmaqla, cəmi 14649.46 manat borcu vardır. Cavabdehdən əsas borc olan 14649.46 manatın və 133.95 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək və iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2022-ci il tarixli, BPM**********81 saylı X5 müqaviləsindən müəyyən olunur ki, Bank tərəfindən sonuncuya ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edilmiş, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. 18 mart 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh sistemdə baş vermiş xəta səbəb ilə əsassız varlanmaya səbəb olmuş 14699.46 manat borcunu 3 (üç) gün ərzində ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 14 may 2024-cü il tarixli, **********1 nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 133.95 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1.-ci maddəsnə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2.-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********81 nömrəli X5 müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün plastik kartın verilməsi təmin edildikdən sonra, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ona təqdim olunmuş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan istifadə etməklə, iddiaçı "xxxx" ASC-nə məxsus olan ümumilikdə 14649.46 manat məbləğində vəsaiti məxaric edərək istifadə etmiş və bununla da əsassız varlanmışdır. Bununla bağlı iddia tələbini cavabdeh özü də məhkəmə araşdırması zamanı verdiyi izahatında etiraf etmişdir. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh əldə etdiklərini vəsaitdən məhrum olanın, yəni iddiaçının tələbi ilə ona qaytarmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin oluduğuna görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 133.95 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və əsassız varlanma nəticəsində əldə etdiyi 14649.46 manat məbləğində pul və ödənilmiş 133.95 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 14649.46 manat məbləğində pul və ödənilmiş 133.95 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1944/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1944/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver