Məhkəmə qərarları › İş №e-2(067)-2668/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2668/2025

03.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2668/2025 03.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı işdən çıxarma əmrinin ləğvi, işə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbi direktorunun 21 iyun 2025-ci il tarixli 42№-li Əmrinin ləğv olunması, iddiaçının işə bərpa edilməsi, işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi və X1 tətbiqi ilə əlaqədar ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) əmək müqaviləsi əsasında 16 sentyabr 2015-ci il tarixindən 21 iyun 2025-ci il tarixinədək (əmək müqaviləsinə xitam verildiyi tarix) Xaçmaz rayonu Ləcət kənd orta məktəbinin ibtidai sinif müəllimi vəsifəsində işləmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan qaydanın aşağıdakı bəndlərinə əsasən : 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra– Nazirlik) tərəfindən həyata keçirilir. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı 2022-ci il avqust ayında keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etmiş, uğur əldə edə bilməmişdir. Qeyd olunan qaydaların 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təhsilverənlərin 29 avqust 2023cü il tarixində təkrar sertifikatlşdırma imtahanı keçirilmiş və iddiaçı səhhəti (“onkoloji” xəstəlik) ilə əlaqədar həmin imtahanda iştirak edə bilməmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahanında üzrlü səbəblərdən iştirak edə bilməməsinə baxmayaraq 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə “işəgötürən” tərəfindən xitam verilmişdir. İddiaçı onun əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsi səbəbindən Xaçmaz rayon məhkəməsinə “xx.xx.2023-cü il tarixli, 38№-li əmrin ləğvi, işə bərpa və işdən azad edildiyi gündən işə bərpa olunduğu günə qədər məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(067)-346/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı qeyd olunan qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-984/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(067)-346/2024 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuşdur. Cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-984/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3192/2024 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-984/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 23 yanvar 2025-ci il tarixili, 07 №-li əmrlə yenidən öz əvvəlki işinə (vəzifəsinə) qayıtmışdır. Lakin 5 (beş) ay müddətinə işlədikdən sonra, qısa bir zaman kəsiyində 20 iyun 2025-ci il tarixində təkrar sertifikatlaşdırma imtahanına cəlb edilmişdir. Məlum olduğu kimi “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.4.-ci bəndinə və eləcədə Əmək Məcəlləsinin 67-2 -ci maddəsinin 2-ci bəndin əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikatlaşdırmadan keçirilmirlər. Göründüyü kimi sözügedən qayda hamilə qadınlara münasibətdə, sosial məzuniyyətdən qayıtdıqdan sonra 1 (bir) ildən az müddətə müvafiq vəzifədə işləyirsə sertifikatlaşdırma imtahanına cəlb olunmur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı “onkoloji” xəstədir. Onkoloji yardım haqqında Azərbaycan Respublikası Qanunun 8.0.4-ci maddəsinə əsasən müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq, 8.0.7-ci maddəsinə əsasasən isə pozulmuş hüquqları barədə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək onkoloji xəstələrin hüquqlarıdır. Qeyd olunan qaydaların ağır “onkoloji” xəstə olan və işə bərpa olunduqdan 1 (bir) ildən az müddət, cəmi 5 (beş) ay vaxt keçdikdən sonra iddiaçının təkrar sertifikatlaşdırma imtahanına cəlb edilməsi tamamilə qanunsuz və əsassızdır. Əhalinin həssas təbəqəsi olan və daima maddi və mənəvi yardıma ehtiyacı ola işçiyə qarşı bu addımın atılması ona münasibətdə yaranmış bir qərəzin nümunəsidir. Yuxarıda qeyd olunan qaydaların 3.14-cü bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı qeyd olunan imtahandan 28 (iyirmi səkkiz) bal toplayaraq nəzərdə tutulmuş keçid balını toplaya bilməmişdir. S onradan QubaXaçmaz Regional Təhsil İdarəsinin məsul şəxslərindən biri tərəfindən aidiyyatı məktəb rəhbərlərinə məlumat verilərək, təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə əlaqə saxlanılsın və dərhal gəlib işdən azad olunması xahişi ilə işlədiyi məktəbin direktoruna ərizə ilə müraciət edilməsi tapşırılmışdır. S özügedən məktəbin direktoruda onlardan aslı olmadığını məhz yuxarı qurumun göstərişinin olduğunu iddiaçının diqqətinə çatdırmışdır. Əks halda öz xahişləri ilə işdən azad olunması ilə bağlı ərizə yazmayanları Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ilə hədələnilmişdir. Əmək Məcəlləsinin 67-2 -ci maddəsinin 4-cü bəndinə əsasən Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Eyni zamanda “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi qeyd olunan qaydalara əsasən belə olduğu təqdirdə “İddiaçı” (işçi) ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu təqdirdə, əgər öz xahişi ilə işdən çıxarılması barəsində ərizə yazmadığı halda onunla bağlanmış əmək müqaviləsinə sözügedən maddənin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə xitam veriləcəyi hədəsi ilə təsir edilmişdir. Və beləliklə də iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur. Eyni zamanda qaydalara əsasən sertifikatlaşdımanın nəticələri ilə razılaşmayan təhsilverənlər Apellyasiya şikayəti vermək hüququna malikdirlər. Apellyasiya şikayətinin verilməsi müddətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi saytında verilən məlumata əsasən Apellyasiya şikayətinin verilməsi proseduru xx.xx.2025-ci il tarixindən başlanmış və 3 (üç) gün müddətində davam etmişdir. Təəssüflər olsun ki, işəgötürən tərəfindən iddiaçının öz xahişi ilə işdən çıxma ərizəsinin yazılmasına məcbur edilməsi onun Apellyasiya şikayəti vermək hüququndan da məhrum etmişdir. Nəzərə alsaq ki, iddiaçı cəmi2 (iki) balla kəsilmişdir. İddiaçı məlumatsızlığından, həmin an onda yaranan stressdən, “onkoloji” xəstə olması və uzun müddət əmək fəaliyyətilə məşğul olub sonunda əmək müqaviləsinə arzuolunmaz maddə ilə xitam verilməsindən ehtiyat edərək, məcbur qalıb işdən azad olunma ilə bağlı Cavabdeh1 direktoru Nümayəndə3 adına 21 iyun 2025-ci il tarixində ərizə yazmışdır. İddiaçı üzərindən təqribi 1-2 saat keçməmiş yenidən Ləcət kənd orta məktəbinə yaxınlaşaraq sözügedən məktəbin direktoru Nümayəndə3a ərizə ilə müraciət edərək bundan az öncə məcbur qalıb yazdığı ərizənin geri götürülməsini xahiş etmişdir, lakin sözügedən məktəbin direktoru ərizəni qəbul etməmiş və 1 (bir) saat ərzində çox surətli şəkildə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2. “a” bəndinə əsasən xitam verilmişdir, guya iddiaçı özü işdən azad olunmağını xahiş etmişdir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçı qeyd olunan ərizəni təsir tədbirləri altında, iradəsinin ziddinə məcbur qalıb yazmışdır. Baş vermiş qanun pozuntularl ilə əlaqədar, dərhal X3 Xidmətinin “142” qaynar xəttinə iddiaçı tərəfindən şikayət olunmuş və sözügedən xidmət tərəfindən sonuncunun əmək müqaviləsinə öz ərizəsi ilə xitam verildiyi bildirilmişdir. Hesab edir ki, Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbi direktorunun 21 iyun 2025-ci il tarixli 42№ li əmri qanunsuz, əsassız olduğundan ləğv olunmalı və “iddiaçı”nın aşağıdakı pozulmuş hüquqlarının təmin olunması və çəkdiyi xərclərin ona ödənilməsi barəsində yekun məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı Cavabdeh1ndə uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2025-ci ilin yanvar ayında yenidən məhkəmə mübahisəsi nəticəsində yenidən həmin məktəbdə əmək fəaliyyətinə davam etmişdir. 2025-ci ilin iyun ayının 20-də isə təkrar sertifikatlaşdırma imtahanına cəlb olunub və həmin imtahandan keçid balı 30 olduğu halda, 28 bal toplamış və uğur əldə edə bilməmişdir. Səs yazısına qədər də müəyyən qanunsuzlar var ki, onları da məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, 2025-ci ilin yanvar ayında iddiaçı işə bərpa olmasına baxmayaraq, təxminən 5 ay sonra yenidən setifikatlaşdırma imtahanına cəlb edilmiş, hansı ki, həmin imtahana hazırlaşması üçün müəyyən bir müddət verilməli olsa da, vaxt verilməmişdir. Daha sonra isə məlum səs yazısı ilə bağlı şahid qismində Novruz bəy də dinlənilmişdir. O, özü də qeyd edir ki, faktiki olaraq tapşırığı o özü vermiş, bu hər hansı bir yuxarı qurumun tapşırığı deyil. Onlar hesab edirlər ki, təcrübədə də dəfələrlə rast gəlinir ki, bu özbaşına hər hansı bir qərarı verməmiş, özbaşına versəydi belə, həmin qrupda 8 nəfər direktor olmuş, bu qərarın özbaşınalığının mübahisələndirilməsi ilə bağlı yuxarı rəhbərliklə məsləhətləşmələr aparılardı. Görünür ki, bunu da istəməmişlər və aydın məsələdir ki, məhz həmin səs yazısı əsasında hərəkət etmişlər. İddiaçı onkoloji xəstədir, uzun müddət mütəmadi olaraq müalicə müəssisələrinə gedir, bununla əlaqədar yetərincə sənədləri, sübutları əlavə olunmuşdur. Böyük bir stress, sarsıntı keçirmiş və məhz həmin səs yazısında göstərilən tarix, saatına kimi, bir az da dərinə getsə, saatına qədər uyğun gəlir ki, iddiaçı həmin vaxt direktorun yanında olmuş və öz ərizəsində tarixinə kimi göstərməklə, ərizəsini yazmağa məcbur olunmuşdur. Daha sonra, üzərindən 2 saat keçməmiş, yeni ərizə yazmışdır ki, səhv etmiş, anlaşılmazlıq olmuş, o düzgün başa salınmamış, ərizəsini geri götürmək istəyir. Onun bu ərizəsi də qəbul olunmamışdır. Direktor Romik müəllim demişdir ki, poçtla göndərsin. Amma halbuki, direktor onu yaxşı başa salsaydı, o, heç birinci ərizəsini yazmayacaqdı. Səs yazısı qalsın kənara, iddiaçının həmin tarixdə, məhz o səs yazısı əsasında alınan ərizəsindən sonra da məlum olduğu kimi sertifikatıaşdırmanın nəticələrindən sonra 3 gün müddət var ki, iddiaçı əgər nəticədən narazıdırsa, bununla bağlı Təhsil Nazirliyinin nəzdində yaradılmış apellyasiya şurasına müraciət edə bilər. İddiaçı ərizəsini yazıb işdən çıxandan sonra məlum məsələdir ki, apelyasiya vermək hüququ da artıq itirilmiş olur. Bütün bunları ümumiləşdirərək qeyd etmək istəyir ki, əgər cavabdehlərin əlində kifayət qədər əsas varsa, sertifikatlaşdırmanın təsdiq edilməsi qaydası barəsində də Nazirlər Kabinetinin 2020-ci il tarixli qərarı mövcuddur, o qərarda da göstərilir ki, əgər təkrar sertifikatlaşdırmada təhsil verən keçid balını toplamayıbsa, bunun üçün əsas ƏM-nin 70-ci maddəsinin C-sidir. Onunla xitam verilə bilər, onunla bağlı hər hansı problem yoxdur. Cavabdehlər gələcəkdə iş uzanmasın, məhkəməyə getməsin deyə, 70-cisini mübahisələndirmək imkanı olduğuna görə, birbaşa öz ərizəsini alıb, könüllü ərizəsini almaqla əmək müqaviləsinə xitam vermişdir. Hansı ki, könüllü, öz xoşluğu ilə ərizə olmur. Hesab edir ki, Cavabdeh1 direktorunun xx.xx.2025-ci il tarixli 42 saylı əmri tamamilə əsassız olduğundan, ləğv edilməlidir və işə bərpa olunmalı, məcburi boş dayanmaya görə əmək haqqı ödənilməsi barədə qərar qəbul olunmalıdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddianın nümayəndəsinin çıxışında ona uyğun olmayan sözlər ifadə olunmuşdur. (məcburiyyət, təhdid, səs yazısına görə). Bu həqiqətə uyğun deyil. Yəni iddiaçı ilə imtahandan kəsiləndən sonra heç bir ünsiyyətdə olmamış, ona heç bir söz də deməmişdir. Gəl ərizə yaz deməmiş, hökmən bu gün saat 10-da yazmalısan deməmiş və ya digər nəsə söz deməmişdir. Sadəcə səhər o işə gələndən sonra iddiaçı özü öz ərizəsi ilə gəlib ona yaxınlaşmış, ondan sonra o ardıcıllıqla digər prosesləri yerinə yetirmiş, yerinə yetirməli idi, çünki şəxsin ərizəsi olmuşdur. O müəllimə bir kəlmə söz deməmişdir ki, gəl sən ərizə yaz çıx işdən. Ümumiyyətlə onunla ünsiyyəti olmamışdır. Məktubda yazılan vaxt, bunlar hamısı bir məqamdır ki, təsadüf gəlib duşub. Müəllimə ilə qərəzli münasibəti olmayıb. Sadəcə bu bir reallıqdır, bir təsadüfdür ki, müəllimə öz xoşu ilə gəlib işə, ona işə gəl demiş, sadəcə o məqama düşüb ki, işə gəlib öz ərizəsini yazıb işdən çıxıb. Orada başqa heç bir nüans yoxdur ki, onu təhdid etsin, nəsə bir xəbər göndərsin. Qərəzli mövqe yoxdur. Ona görə xahiş edir nəzərə alasınız ki, onların burada bir səhvləri yoxdur. Başqa məktəbdə işləmiş və orada da dəfələrlə kəsilən müəllimlər olmuşdur. 4 nəfər müəllim sertifikasiyadan kəsilib. O, onları da Ç bəndi ilə çıxarmamışdır, çünki işini bilir ki, onu Ç ilə yox, C ilə çıxarmaq lazımdır. Onun nəzarəti altında 50 nəfər müəllim var, 14 nəfər də texniki işçi işləyir. O məktəbdə nə baş verirsə cavabdehdir. Müəllimənin hər bir hərəkəti birincisi ondan sorğulanır. Səs yazısı da məhz ona məxsusdur, ona atılıb. Qaldı ki, müəllimin dediyinə, müəllim orada Ç deyib, ola bilər var səsdə. O, bilir ki, o Ç deyil, C-dir, qətiyyən iddiaçını o səsə görə işdən çıxarmamışdır. Səs yazısı ona qətiyyən təsir, təzyiq etmir. Digər nüanslar var, ikinci dəfə kəsilən adam artıq avtomatik olaraq xitam verilir 70-in C ilə. O işə bərpa edilsə yenidən 5 il işləməlidir. Onun 5 il işləməsi də artıq düzgün gəlmir. Onlar iddiaçının heç bir hüquqlarını pozmamışlar, öz ərizəsi ilə işdən çıxarmışlar. Məcburiyyət olmamışdır. Heç o istəməzdi ki. o müəllimə çıxsın. Amma ona heç bir təzyiq göstərməmiş, o səsin üzərindən heç nə etməmiş, heç müəlliməyə deməmiş, demişdir ki, səhər işə gəlsin. İddiaçı demişdir ki, gəlmək istəmir. Demişdir ki, müəllimə işdə olmalısız, şənbə günü gəlin işdə olun. Müəllimə səhər gəlib demişdir ki, öz ərizəsi ilə yazıb çıxır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasına əsasən qeyd olunur ki, hansı şəxslər sertifikasiyada iştirak etməməlidir və kimlərə 1 il müddət verilir. Orada qeyd olunan şəxslər hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar 3 il müddətində, azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər, 60 və daha yuxarıda yaşda olan şəxslər könüllü olaraq və uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar. İddiaçı bildirir ki, onkoloji xəstə olduğu üçün ona 1 illik müddət verilməli idi. Göründüyü kimi qaydalarda konkret əhatə dairəsi müəyyən edilib və həmin şəxslərə xəstəlik vərəqəsi təqdim edənlər aid edilməmişdir. Yəni iddiaçının sertifikasiyaya cəlb edilməsi tam qanuni və doğrudur. İddiaçı ərizəsində müraciət etdiyi zaman tarix qeyd etdiyi üçün Əmək Məcəlləsinin 69-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddiaçının tələbi qanunsuzdur. Məhkəmə, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, o 3 ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində məsləhətçi vəzifəsində çalışır. Bundan əvvəl maliyyə sektorunda məsləhətçi işləmişdir. 3 ildir ki, artıq orada işləyir. Sadəcə təhsillə bağlı müəllimlər, şagirdlər, şikayətlər, müraciətlər, yerdəyişmələrlə bağlı məsələlərə baxmışdır. Vəzifə təlimatında vəzifələri ümumi təhsilə nəzarət, müəyyən layihələrin, tədbirlərin keçirilməsi, sistemdə olan işlərdən ibarətdir. Səs yazısı barədə məlumatı var. Həmin qrupda yalnız müəllimlər olub, direktorlar olub. O artıq 3 ildir ki, sertifikasiyadan kəsilən müəllimləri görür. Təcrübədə də var ki, çox müəllimlər 70-ci maddənin “C” bəndi ilə işdən çıxmaqdan imtina edirlər, öz ərizələri ilə 68-ci maddənin 2 a bəndi ilə işdən çıxırlar. Buna görə direktorları həmin qrupa əlavə etmiş, direktorlara səs atmışdır ki, müəllimlərə bildirsinlər. Çünki çox müəllimlər 70-ci maddənin C bəndi ilə işdən çıxmaq istəmirlər. O da direktorlara bununla bağlı təlimat vermişdir. Çünki setifikasiyadan 2-ci dəfə kəsilən müəllim hər bir halda işdən azad edilməlidir. O da direktorlara bunu bildirmişdir ki, hansı müəllim öz razılığı ilə işdən çıxmaq istəyirsə, öz ərizəsi ilə müraciət etsin və həmin şəxsi işdən azad edə bilərlər. Yox əgər çıxmayacaqsa, 70-ci maddənin C bəndi ilə işdən azad olunacaq. Təqdim etdiyi izahatında da bunu bildirmişdir ki, işin yorğunluğunu nəzərə alaraq, çünki 8 nəfərə yaxın ixtisar oldu, o idarədə tək qalmış, müdir də məzuniyyətdə olmuşdur. Demək olar ki, bütün işləri tək görmüşdür. Buna görə ifadəsi C kimi yox, Ç kimi səslənə bilər. O, konkret olaraq Ç kimi, Ç bəndi ilə çıxarılacaqlar demiş, yəni o hissəni elə vurğulamışdır ki, ya ərizəsini alın, əks halda onu maddə ilə çıxaracaqlar. O özü bu qənaətə gəlmişdir ki, bu ilk dəfə olan şey deyil, sadəcə məlumat vermişdir. Müəllim və direktor özü bilər. Müəllim istəyər özü çıxar, istəməsə Emin Əmrullayevin qərarı var, işdən azad olunacaq. Bu hədələmək deyil. Bundan başqa onu direktora göndərmişdir. Həmin şəxsə göndərib təhdid etməmişdir. O, direktora demiş, müəllimlərə bildirsinin, əgər öz razılığı ilə işdən çıxmaq istəyən varsa, öz ərizəsi ilə direktora müraciət etsin, yox əgər çıxmaq istəmirsə, hər bir halda ikinci dəfə imtahandan kəsilibsə işdən azad olunur. Qrup da yalnız direktorlardan ibarətdir. Səs yazısını göndərəndə bilmişdir ki, bu səlahiyyət həddini aşmadır, direktorlara belə bir tapşırığın verilməsi 70-ci maddənin Ç hissəsində qanunsuzdur. Onu özü etmiş, tövsiyə məqsədi ilə etmişdir. Orada təhdid olunacaq heç bir müəllim də yoxdur. Direktorlar isə sertifikasiya imtahanını keçmirlər ki, onları təhdid etsin. Ç bəndini işin yorğunluğuna görə demişdir. Amma ondan sonra direktorlar da ona müraciət etmişlər ki, hansı maddə ilə işdən azad olunacaqlar? Bir-bir onlara maddəsinə kimi yazıb göndərmiş, 70-ci maddənin C bəndi. Qrupun nə vaxt yaradılması yadında deyil. O qrup cəmi 1 gün aktiv olmuş, ondan sonra ehtiyac qalmamışdır. Qrup həmin gün yaranıb, həmin gün də bağlanılıb. Belə ki, bütün məktəb üzrə ayrıca qrupları var. 1 gün içində sırf ona görə o qrupu yaratmışdır. Hazırda həmin qrup qalıb, ləğv olunmayıb, sadəcə ora heç nə yazılmır. O qrupu direktorlara tapşırıqların verilməsi üçün istifadə etmirik. Hər hansı bir tapşırığı iclas keçirib verirlər. Sadəcə belə istisna hallarda qruplar yaradılır, müəyyən layihələr, keçiriləcək tədbirlər üçün belə qruplar yaradılır. O, Ləcət kənd məktəbinin direktoru Romik müəllimi idarəyə çağıracağına, vatsapp qrupu yaradıb sözünü orada bildirir. Səhv etmirsə sertifikasiyadan 1 ya 2 gün sonra idi, iddiaçının yenə vaxtı var idi. İddiaçının ərizəsi alınmayıb, ərizəni özü yazıb. Onun səsini kimsə paylaşıb, həmin səs yazısında şəxsi təhdid etməmişdir. O özü qrup açıb tövsiyə etdiyinə görə ona töhmət verilmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -ərizənin surətindən görünür ki, Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə işlədiyi məktəbin direktoruna müraciət edərək öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə 42 nömrəli əmrdən müəyyən olunur ki, "Xaçmaz rayonu üzrə təhsil sektoru /Məktəblər/ Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbi" bölməsində "ibtidai sinif müəllimi" vəzifəsində işləyən OGLANGƏRƏK SANAYEVA SAİDOVNA ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 68.2."a" (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. -Xaçmaz rayonu Ləcət kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə3 iddiaçıya ünvanladığı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizəyə əsasən bağlanmış əmək müqaviləsinə Xaçmaz rayonu Ləcət kənd tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli 42 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. -xx.xx.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı ilkin Mediyasiya Sessiyasında iştirak etmiş, cavabdehlər iştirak etməmişdir. Mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. -özündə səs yazısını əks etdirən fayl məhkəmə iclası zamanı səsləndirildikdə məlum olmuşdur ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun məsləhətçisi Şahid “Whatsapp” mobil tətbiqində məktəb direktorları ilə yaradılmış sosial qrupa səs yazısını göndərmiş və həmin səs yazısında qeyd olunmuşdur ki, yuxarı rəhbərliyinin göstərişinə əsasən 20 və ya son müddət 21 tarixinədək attestasiyadan keçməmiş müəllimlərin öz xahişləri ilə işdən azad olunmalarına dair ərizələri alınmalı və onlar işdən azad olunmalıdırlar. Əks halda, həmin müəllimlərə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacaqları barədə xəbərdarlıq olunsun. -Quba-Xaçmaz Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli əmrindən müəyyən olunur ki, vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun məsləhətçisi Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 7-ci bəndinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı səsləndirilmiş və tədqiq olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun məsləhətçisi Şahid “Whatsapp” mobil tətbiqində məktəb direktorları ilə yaradılmış sosial qrupa göndərdiyi səs yazısı, iş üçün böyük önəm kəsb edir və əhəmiyyətli sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, həmin səsi göndərən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun məsləhətçisi Şahid səsin ona məxsus olmasını, lakin həmin səslə məktəb direktorlarına verdiyi göstərişin rəhbərlik tərəfindən yox, özbaşına verdiyinə tənqidi yanaşır və inandırıcı qəbul etmişdir. Məhkəmə bu qənaətə aşağıdakı amillərə görə gəlir: Belə ki, həmin səs yazısının mənbəyi və mötəbərliyi iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Səsə qulaq asaraq məlum olur ki, səs yazısı 20 iyun 2025-ci il tarixdə göndərilib və məktəb direktorlarına konkret göstəriş verilir ki, attestasiyadan keçməyən müəllimlərin son tarix xx.xx.2025-ci il saat 10:00-dək öz xahişləri ilə işdən azad olunma ərizələri alınmalıdır. Əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılacaqları barədə hədəqorxu gəlinmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məhz xx.xx.2025-ci il tarixdə saat 10:00-da öz xahişi ilə işdən azad olunması barədə ərizənin məktəb direktoruna təqdim etməsi habelə, məktəb direktorun da, çox operativ şəkildə (2 saat ərzində) əməkdaşın ərizəsi əsasında işdən azad olunma əmrinin verilməsi təsadüfi hal deyil. Bundan başqa, səsi göndərən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun məsləhətçisi Şahid məhkəmə iclasında həmin göstərişin yuxarı rəhbərliyi tərəfindən verilmədiyini, özbaşına direktorlara bu cür tapşırığın verilməsini qeyd etsə və bu hal həqiqət kimi qəbul edilsə belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məktəb direktorları həmin səsin Şahid tərəfindən özbaşına verilməsini bilə bilməzdirlər və məktəb direktorunun, hazırki halda cavabdeh Nümayəndə3 həmin səs yazısına psixi münasibəti məhz “rəhbərliyin göstərişi” kimi qəbul etməsi daha inandırıcıdır. Bu səbəbdən də, məktəb müəllimi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunacaqğı hədə-qorxusunun göstərilməsi ehtimal olunaraq, ərizənin könüllü surətdə yazılması təkzib olunur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı öz iradəsinə zidd olan, kənar təsir nəticəsində yazmış olduğu “öz xahişi ilə işdən çıxmaq barədə” ərizəsini 21 iyun 2025-ci il tarixdə yazaraq məktəbin direktoruna təqdim etsə də, xəbərdarlıq müddəti, yəni 1 ay ərzində daha dəqiq isə ərizəsini yazdıqdan 2 saat sonra məktəbin direktoruna yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirmiş, lakin onun xahişi nəzərə alınmamışdır. Məhkəmə iclasında cavabdeh Nümayəndə3 bununla bağlı bildirmişdir ki, həqiqətən də Oğlangərək xanım ona yaxınlaşıb ərizəsini geri götürmək istədiyini bildirsə də, o, Oğlangərək xanımın ərizəsini qəbul etməmiş və ərizəsini poçt vasitəsilə göndərilməsini tövsiyyə etmişdir. Bundan başqa, Oğlangərək xanımın ərizəsi əsasında işdən azad olunma barədə əmrin qəbul edilməsini bildirmişdir. Cavabdeh məktəb direktoru Nümayəndə3 həmin anda Oğlangərək xanımın yerinə təyinatın olmamasını da təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin verdiyi məlumata əsasən işdən azad olunmuş İddiaçı azad edildiyi Ləcət tam orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsinə təyinat olmamışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş Əmək Kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə nəzər keçirərək müəyyən etmişdir ki, İddiaçı əvvəllər də, işdən azad olunsa da, daha sonra məhkəmə qərarına əsasən işə bərpa edilmişdir. Və işə bərpa edilməsi barədə əmr məhz məktəb direktorunun özü vermişdir. Yəni bu o deməkdir ki, müəllimin işə bərpa etmək səlahiyyəti məhz direktora məxsusdur. İddiaçı da, “işdən azad olunması barədə” ərizəsini yazdıqdan 2 saat sonra direktora yeni ərizə ilə müraciət edərək, ilk ərizənin geri qaytarılmasının xahiş etməsi, direktorun isə bu ərizəni qəbul etməməsi (halbuki 2 saat ərzində həmin vəzifəyə təyinat olmamışdır) bir daha ona dəlalət edir ki, iddiaçıya ərizənin yazılmasında təsir göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Ləcət kənd tam orta məktəbin direktoru Nümayəndə3 42 nömrəli 21 iyun 2025-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Xaçmaz rayon Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa olunmalı və ona məcburi iş buraxmaya görə əməkhaqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödənəkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbi direktorunun 21 iyun 2025-ci il tarixli 42№-li Əmri ləğv olunsun. İddiaçı Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbində əvvəlki iş yerinə bərpa edilsin. İddiaçı işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi boşdayanma dövrü üçün əmək haqqı ödənilsin. İş üzrə X1 tətbiqi ilə əlaqədar ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdehlərdən 100 manat dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar