Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2816/2025 15.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X2 İdarəsinin nümayəndəsi Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qiasmində cəlb edilmiş Xudat şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X2 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli attestasiyanın nəticələrinin ləğv olunması, “11” iyul 2025-ci il tarixli əmrlə onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respubikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbində dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli attestasiyanın nəticələrinin ləğv olunması, 11 iyul 2025-ci il tarixli əmrlə onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsinin Xudat şəhər uşaq musiqi məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 64-cü maddəsinə və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli Qərarına əsasən Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəfindən attestasiya təşkil olunmuşdur. Həmin attestasiyanın nəticəsinə uyğun olaraq 5 nəfərlik komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səs toplayaraq kəsilmişdir. Qeyd edir ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilə bilər. O, pianino müəlliməsidir və vəzifəsi şagirdlərə pianinonun nəzəri olaraq düzgün dərk edilməsi və düzgün ifa olunması üzrə bilikləri nəzəri və praktiki öyrətməkdir. 30 ildən yuxarıdır ki, o, bu sahədə vəziflərini həyata keçirir. Şagirdlərinə bu bilikləri dərin şəkildə ötürmüş və şagirdləri arasından musiqi istiqaməti üzrə müxtəlif uqurlar qazananlar var. Yəni attestasiyanın məqsədi onun tutuduğu vəzifəyə uyğun olub-olmadığını ortaya çıxarmaqdır. Yəni əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə və öhdəlikləri layiqincə yerinə yetirib-yetirmədiyini ortaya çıxarmaqdır. Əmək müqaviləsi üzrə nəzərdə tutulmuş vəzifə funksiyalarımı qeyd edir: Müəllimin əmək funksiyaları: - davranışı, geyimi, etikası, əməyi və şəxsi nümunəsi ilə şagirdlərə mənəvi dəyərlərə, milli və ümumbəşəri sərvətlərə hörmət və məhəbbət aşılamaq; - əmək intizamına əməl etmək, müdiriyyətin əmr, sərəncam və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək; - Məktəbin fəaliyyətini əhatə edən bütün işlərdə (şöbə və pedaqoji şuranın iclaslarında, akademik konsertlərdə, dinləmə, baxış, yoxlama-sorğu və imtahanlarda, açıq və nümunəvi dərslərdə, metodik məruzələrdə, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, ictimai işlərdə və s.) fəal iştirak etmək; - müntəzəm olaraq öz üzərində işləmək, dərslərə hazırlıqlı olmaq, peşə-ixtisas səviyyəsini, pedaqoji ustalığını artırmaq; - tədris planlarının yerinə yetirilməsini, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarını təmin etmək; - şagirdlərin akademik konsertlərdə, dinləmə, baxış, yoxlama - sorğu və imtahanlarda, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə iştirakını təmin etmək (öz iştirakı ilə); - şagirdləri şəhər, respublika, beynəlxalq miqyaslı müsabiqələrə, festivallara və sərgilərə hazırlamaq, onların istedadlarını aşkar edərək inkişaf etdirmək; - şagirdin dərslərdə müntəzəm iştirakının və dərslərə hazırlıqlı gəlməsinin təmin olunması məqsədi ilə valideynlə müntəzəm əlaqə saxlamaq; - şagirdlərin bilik və bacarığının obyektiv qiymətləndirilməsinə məsuliyyət daşımaq; - sinif jurnalını, gündəlik dərs planını, şagirdlərin fərdi vərəqələrini aydın və ətraflı yazmaq; - dərs ilinin yekunlarına görə sinif konserti və sərgi təşkil etmək; - şagirdlərin ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə arayışların hər tədris ilinin oktyabr ayının 1-dək rəhbərliyə təqdim olunmasını təmin etmək (ixtisas müəllimləri); qanunvericiliyə əsasən digər əmək funksiyalarını həyata keçirmək. Attestasiya keçirilərkən onun vəzifə funksiyalarında nəzərdə tutulmuş öhdəliklər üzrə bilikləri yoxlanılmalıdır. Attestasiya başladıqda ilkin olaraq mənim pianino üzrə praktiki bacarıqları yoxlanılıb və yüksək dərəcədə bu bacarıqlarını yerinə yetirmişdir. Bu bacarqıların yoxlanılması həqiqətən onun vəzifə funksiyalarına uyqun gəlir. O, pianino müəlliməsidir və işi bunu şagirdlərə tədris eləməkdir və bu istiqmətdə işimi ideal görür. Buna rəğmən ona verilən suallara yaxşı cavab vermişdir. Düzdür ki, ilk dəfədir keçirilirdi attestasiya və həyəcan var idi. Mədəniyyət Nazirliyi xx.xx.2025-ci ildə rəsmi saytına xəbər elan edərək 2 lehinə 3 əleyhinə səs toplayan müəllimlərin əlavə inkişaf imkanlarının yaradılması məqsədilə xüsusi təlim proqramlarına cəlb olunacaqlarını bildirib. Əmək Məcəlləsinin 67.2-ci bəndində qeyd olunmuşdur ki, “İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.” Yəni burada qeyd olunan hissə və Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci ildə rəsmi yaydıqı xəbər üst-üstə düşür, yəni ki, attestasiya komissiyasının tövsiyəsinə əsasən əlavə təlimlərə cəlb oluna bilər. Bu zaman əmək müqaviləsinə xitam verilmir. Yəni Mədəniyyət Nazirliyi bu rəsmi xəbəri elan edərkən Əmək Məcəlləsinin 67.2-ci bəndində qeyd olunan müddəaya riayət etmiş olmuşdur. Amma Mədəniyyət Nazirliyinin X2 İdarəsi buna məhəl qoymayaraq əmək müqaviləsinə xitam vermək istəyir, yəni ki, Əmək Məcəlləsinin imperativ tələbini və Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci ildə rəsmi yaydıqı xəbəri pozaraq bu addımı atmaq istəyir. O, işdə qalmaq şərti ilə əlavə təlimlərə cəlb olunmalıdır. Əmək Məcəlləsinin 67.3-cü bəndində qeyd olunmuşdur ki, “İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir”. Amma mənimlə bir yerdə digər çoxsaylı işçilər attestasiyadan kəsilib və əmək müqavilələrinə xitam vermək istəyirlət. Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci ildə rəsmi xəbərdə bunu rəsmi qeyd etmişdir; “Attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib. Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub”. Əgər işçilərin əmək müqqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilsə Əmək Məcəlləsinin 67.3-cü bəndində qeyd olunmuş tələb pozulmuş olacaqdır. Əmək Məcəlləsinin 67.4-cü bəndində qeyd olunmuşdur ki, “İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Yəni attestasiyasının keçirilərkən məqsəd işçinin əmək müqaviləsinə xitam vermək deyildir. Amma burada məqsədin sırf kütlləvi ixtisar olmaqı aydın olur. Əmək Məcəlləsinin 67.5-ci və 67.6-cı bəndlərində qeyd olunmuşdur ki, “İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır” Qeyd edir ki, əmr xx.xx.2025-ci il tarixdə verilsə də əmr ilə xx.xx.2025-ci il tarixdə tanış olmuş, həmin günü ona əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmr rəsmi qaydada verilmişdir. İşdən çıxdığı gün ona həm əmr, həm əmək kitabçası, həm də son haqq-hesab verilməli olsa da ona xx.xx.2025-ci il tarixdə bunlar təqdim olunmuşdur. Bundan əlavə ona indiyə qədər attestasiyanın nəticələri barədə qərar təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, attestasiya imtahanının keçirilməsi qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarının 1.2-ci maddəsində qeyd olunmuşdur ki, konkret müddət göstərilməklə 1 ay qabaqcadan xəbərdar edilməlidir. Lakin ona SMS bildiriş may ayının 9da göndərilmiş və may ayının 14-də attestasiya imtahanı keçirilmişdir. O, 1990-cı ildən musiqi məktəbində müəllimə işləyir, 30 ildən yuxarıdır ki, o, bu sahədə vəzifələrini həyata keçirir. Şagirdlərinə bu bilikləri dərin şəkildə ötürmüş və şagirdləri arasından musiqi istiqaməti üzrə müxtəlif uğur qazananlar var. Attestasiyanın nəticəsinə əsasən 5 nəfərlik komissiya tərəfindən 2 lehinə, 3 ələyhinə səs toplayaraq kəsilmişdir. Həmin attestasiya 35ildə birinci dəfədir ki, keçirilir. Həmin attestasiyada zəif çıxış etməmiş, ən azından həmin attestasiyadan onu 3+ ilə, keçirməli idilər. Lakin komissiya ona qarşı qərəzli mövqedə olaraq ədalətsiz qərar qəbul etmişdir. Bütün bunları nəzərə alaraq həmin komissiya qərarının əsassız hesab edilərək ləğv edilməsini və iddia tələbi təmin edilməklə işinə bərpa olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksədilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilmişdir. Attestasiyanın 14 may tarixində keçiriləcəyi ilə bağlı sms-i 9 may tarixində iddiaçıya göndərmişlər. Halbu ki, attestasiya ilə bağlı xəbərdarlıq bildirişi attestasiya tarixindən 1 ay əvvəl məlumat verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyanın keçirilməsi qaydalarının 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərda tutulan təqvim ilinin başlanmasına qədər müəssisi rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu əmək funksiyasına, peşəsinə dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu peşəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məslələrlə əlaqədar suallar verilməlidir. Lakin iddiaçıya onun əmək funksiyasına aid olmayan suallar verilmişdir. Ümumi olaraq attestasiya qərarında qeyd olunub ki, iddiaçı attestasiyada ümumi olaraq 8 sualdan 6 suala natamam cavab verib, 2 suala iddiaçı cavab verməyib və 1 suala isə tam olaraq cavablandırılıb. Attestasiya verəqəsi tərtib olunarkən verilən suallar və verilən şullara cavablar attestasiya vərəqəsində öz əksini tapmalıdır, lakin həmin qərarda qeyd olunub ki, verilən suallar öz əksini tapıb, lakin verilən suallara cavablar attestasiya verəqəsində qeyd olunmayıb. İmtahan vərəqəsi də natamamdır. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu peşəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir ya tutduğu peşəyə uyğundur ya tutduğu peşəyə uyğun deyil. Attestasiya nəticələrinə əsasən tövsiyələr verilməlidir, lakin attestasiyanın tövsiyyəsi yoxdur. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qərar qəbul edilməlidir. Nazirlər kabinetinin qərarına əsasən attestasiyadan 2+ alan müəllimləri təlimə cəlb olunmalıdır. Lakin attestasiyadan 2+ alan müəlimlərin əmək müqaviləsinin xitam verilərək daha sonra təlimə cəlb olunublar. Komissiya iddiaçıya qarşı qərəzli mövqedə olaraq ədalətsiz qərar qəbul etmişdir. Bu barədə video görüntü də yoxdur. Bundan sonra məktəb direktorunun müvafiq əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70c bəndinə əsasən xitam verilmişdir. İşə götürən tərəfindən işdən azad olunma barədə tərtib olunmuş əmr pozuntularla tərtib olunmuş əmrdir. Həmin əmrdə yalnız 70c bəndi göstərilmiş, əmrin qəbul edilməsini təşkil edən əsaslar, normalar göstərilməmiş, əsaslandırılmamışdır. İddiaçı olan anası artıq 35 ildir ki, həmin mətəbdə fəaliyyət göstərib və həmin müəllimə bu zamana qədər heç-bir xəbərdarlıq, tənbeh almayıb. İş fəaliyyətində müəllimlikdən yuxarı vəzifəyə, şöbə müdiri vəzifəsinə alınmışdır. Bütün bunları nəzərə alaraq həmin komissiya qərarının əsassız hesab edilərək ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X2 İdarəsinin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 65-ci maddəsinə əsasən Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəfindən musiqi məktəbi müəllimlərinin attestasiyası təşkil olunmuş, həmin attestasiya 2025-ci ilin may ayının 30-dan başlayaraq iyun ayınadək davam etmişdir. Həmin attestasiyada onlar iştirak etməmişlər. Attestasiya komissiyasının qərarına əsasən İddiaçı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səs toplayaraq kəsilmişvə bundan sonra onun əmək müqaviləsinə məktəb direktoru tərəfindən xitam verilmişdir. İşə götürən və işdən azad edən məktəbin özüdür. Sistemdə VÖEN onların adına olduğu üçün bildirişdə X2 İdarəsi göstərilir. Attestasiya prosesinin videogörüntüsü Regional Mərkəzdə saxlanılmır, Mədəniyyət Nazirliyində saxlanılır. Heç bir müəllimlə şəxsi qərəzlik aparılmamışdır. Bir neçə müəllim imtahan zamanı heç bir suala cavab verə bilməmiş və öz ərizələri əsasında işdən çıxarılmışlar. Əsasnamədə göstərilmişdir ki, Mədəniyyət Nazirliyinin göstərişi əsasında müəllimi işə qəbul etməsi və qanunamüvafiq qaydada işdən azad etməsi barədə məktəblərə səlahiyyət verilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Xudat şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə2 göstərmidir ki, iddiaçının yaxşı müəllim olmasını təsdiq edir, bir yerdə işləmişlə. Fəaliyyətində tutduğu vəzifəyə uyğun olmasaydı Musiqi məktəbində şöbə müdiri işləməzdi. Lakin attestasiya prosesində iştirk etməmiş və attestasiyada nələrin baş verməsini bilmir. Komissiyasnın qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmədiyindən tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70c bəndinə əsasən iddiaçının əmək fəaliyyətinə xitam verilmişdir. Attestasiyanın nəticəsində yalnız tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. Başqa bir hal qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xudat şəhər uşaq musiqi məktəbinin müəllimi X4 göstərmişdir ki, o, attestasiya keçirilərkən həmin attestasiyada iştirak edən beş nəfər müəllimdən biri olmuşdur. İddiaçı attestasiyada iştirak etmiş, lakin attestasiyadan çıxdıqdan sonra komissiya üzvləri imtahanın nəticəsinə dair qərarı iddiaçıya verməmişlər. Nahar fasiləsindən sonra qərarı iddiaçıya təqdim etmişlər. İlahə müəllim musiqini çox gözəl ifa etmiş, lakin onun ifasını yarıdan saxlamışlar. Komissiya üzvləri iddiaçıya suallar da vermişlər və iddiaçı suallara da cavab vermişdir. Ancaq pedaqoq haqqında suallar verməmişlər. Ədəbi və nəzəri suallar verirdilər. İddiaçı attestasiyadan kəsildikdən sonra yerli nümayəndə kimi komissiya üzvlərindən nə səbəbə iddiaçını attestasiyadan kəsdiklərini soruşsa da normal cavab ala bilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli 24k nömrəli əmrin sirətindən görünür ki, X2 İdarəsi (Xaçmaz) Xudat uşaq müsiqi məktəbi bölməsində müəllim işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70.”c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı X3 iştirak etmiş, cavabdehlər iştirak etməmişlər. - Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat köçürülmüşdür. - xəbərdarlıq bildişindən görünür ki, iddiaçıya attestasiyasının keçiriləcəyi tarix göstərilmədən işçilərin attestasiya haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. - “SMS” bildiriş haqqında məlumatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə iddiaçıya 14 may 2025-ci il tarixdə saat 12:50-də Bakı Xoreoqrafiya Akademiyasının binasında attestasiya keçirilməsi barədə məlumat verilmişdir. - attestasiya vərəqəsində olan məlumatlardan görünür ki, İddiaçı Xudat uşaq müsiqi məktəbində fortepiano şöbəsinin müdiri vəzifəsində çalışmışdır (xx.xx.1990). - əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişdən görünür ki, İddiaçı ilə xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Xudat uşaq müsiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün xx.xx.2025-ci il tarixdə işdən azad olunmuşdur. Hazırda isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun öz vəzifəsinə bərpa edilməsini və və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
70. “c” maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbui edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
288. “x” maddəsinə əsasən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarım araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Xudat uşaq müsiqi məktəbinin xx.xx.1990-cı il tarixli əmrinə əsasən həmin məktəbdə musiqi müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə onunla işə götürən arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. 14 may 2025-ci il tarixdə Xudat şəhər Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 24k nömrəli əmrinə əsasən İddiaçı 11 iyul 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Eyni zamanda komissiya İddiaçı nəzəri biliklərinin zəif olmasını qeyd etmişdir. Halbu ki, attestasiya vərəqəsindən iddiaçının verilmiş nəzəri suallardan əksəriyyətini tam və ya qismən cavabdlandırdığı müəyyən edilir. Bundan başqa, işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq Xudat şəhər Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda işçilərin kütləvi şəkildə işdən çıxarıldığını təsdiq etmiş, əksər işçilərin attestasiyadan sonra öz ərizələri ilə işdən çıxarıldığını bildirmişdir. Qərəzli mövqə halının araşdırılması məqsədilə attestasiyanın keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin məhkməyə təqdim edilməsi barədə məhkəmə tərəfindən müvafiq sorğu verilməsinə baxmayaraq, məhkəmənin sorğusu cavablandırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiyanın keçrilməsi barədə attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq məlumat verilməli olduğu halda, 14 may 2025-ci il tarixdə keçiriləcək attestasiya barədə iddiaçıya xx.xx.2025-ci il tarixdə “sms” bildiriş vasətəsilə məlumat verilmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Bununla yanaşı, işəgötürən iddiaçının uzun müddət fortepiano müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbini pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Xudat şəhər Uşaq Musiqi Məktəbi 11 iyul 2025-ci il tarixli, 23 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 24 saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin musiqi müəllimi (fortepiano şöbəsinin müdiri) vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 24k saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin musiqi müəllimi (fortepiano şöbəsinin müdiri) vəzifəsinə bərpa edilsin, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Samir Bayramov