Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2839/2025 13.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin nümayəndəsi Nümayəndə1, cavabdeh Xudat şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Xudat şəhər Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli attestasiyanın nəticələrinin ləğv olunması, “11” iyul 2025-ci il tarixli əmrlə onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 64-cü maddəsinə və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli Qərarına əsasən Mədəniyyət Nazirliyinin X1 İdarəsi tərəfindən attestasiya təşkil olunmuşdur. Həmin attestasiyanın nəticəsinə uyğun olaraq 5 nəfərlik komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səs toplayaraq kəsilmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilə bilər. O, pianino müəlliməsidir və vəzifəsi şagirdlərə pianinonun nəzəri olaraq düzgün dərk edilməsi və düzgün ifa olunması üzrə bilikləri nəzəri və praktiki öyrətməkdir. 30 ildən yuxarıdır ki, o bu sahədə vəziflərini həyata keçirir. Şagirdlərinə bu bilikləri dərin şəkildə ötürmüş və şagirdləri arasından musiqi istiqaməti üzrə müxtəlif uğurlar qazananlar var. Yəni attestasiyanın məqsədi onun tutuduğu vəzifəyə uyğun olubolmadığını ortaya çıxarmaqdır. Yəni əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə və öhdəlikləri layiqincə yerinə yetirib yetirmədiyini ortaya çıxarmaqdır. Attestasiya keçirilərkən onun vəzifə funksiyalarında nəzərdə tutulmuş öhdəliklər üzrə bilikləri yoxlanılmalıdır. Attestasiya başladıqda ilkin olaraq onun pianino üzrə praktiki bacarıqları yoxlanılıb və yüksək dərəcədə bu bacarıqları yerinə yetirmişdir. Bu bacarqıların yoxlanılması həqiqətən onun vəzifə funksiyalarına uyqun gəlir. O pianino müəlliməsidir və işi bunu şagirdlərə tədris eləməkdir və bu istiqmətdə işini ideal görür. Buna rəğmən ona verilən suallara yaxşı cavab vermişdir. Düzdür ki, ilk dəfədir attestasiya keçirilirdi və həyəcan var idi. Mədəniyyət Nazirliyi xx.xx.2025-ci ildə rəsmi saytına xəbər elan edərək 2 lehinə 3 əleyhinə səs toplayan müəllimlərin əlavə inkişaf imkanlarının yaradılması məqsədilə xüsusi təlim proqramlarına cəlb olunacaqlarını bildirmişdir. Əmək Məcəlləsinin 67.2-ci bəndində qeyd olunmuşdur ki, “İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.” Yəni burada qeyd olunan hissə və Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci ildə rəsmi yaydıqı xəbər üst-üstə düşür, yəni ki, attestasiya komissiyasının tövsiyəsinə əsasən əlavə təlimlərə cəlb oluna bilər. Bu zaman əmək müqaviləsinə xitam verilmir. Yəni Mədəniyyət Nazirliyi bu rəsmi xəbəri elan edərkən Əmək Məcəlləsinin 67.2-ci bəndində qeyd olunan müddəaya riayət etmiş olmuşdur. Amma Mədəniyyət Nazirliyinin X1 İdarəsi buna məhəl qoymayaraq əmək müqaviləsinə xitam vermək istəyir, yəni Əmək Məcəlləsinin imperativ tələbini və Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci ildə rəsmi yaydıqı xəbəri pozaraq bu addımı atmaq istəyir. O işdə qalmaq şərti ilə əlavə təlimlərə cəlb olunmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, attestasiya imtahanının keçirilməsi qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarının 1.2-ci maddəsində qeyd olunmuşdur ki, konkret müddət göstərilməklə 1 ay qabaqcadan xəbərdar edilməlidir. Lakin iddiaçıya SMS bildiriş may ayının 9-da göndərilib, may ayının 14-də attestasiya imtahanı keçirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi bildirişdə isə imtahanın vaxt göstərilməmiş, bu da Nazirlər Kabinetinin müvafiq qərarına ziddir. Attestasiya vərəqəsindən görünür ki, iddiaçıya 21 sual verilmiş, suallardan 4-5 sualı cavablandıra bilməmiş, qalan sualları isə qismən və ya tam olaraq cavablandırmışdır. Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilmişdir ki, işəgötürən işçini həmin məcəllənin 70-ci maddəsinə əsaslanaraq işçi işdən çıxarılırsa, işdən çıxarılma səbəbi göstərilməlidir. Lakin işdən çıxarılma əmrində səbəb qeyd olunmamış, yalnız iddiaçının tutduğu vəzifəyə uyğun olmaması göstərilmişdir. Vəsatət verərək attestasiya imtahanının videogörüntülərinin məhkəməyə təqdim edilməsini xahiş etmişlər, lakin həmin videogörüntü təqdim edilməmişdir. Bu da onu göstərir ki, attestasiya imtahanı qərəzli olaraq keçirilmiş, iddiaçıya qarşı qərəzli münasibət vardır. Oxşar iddia tələbləri üzrə digər məhkəmələrin qətnamələri ilə işəgötürənin əmri ləğv olunmuşdur. Əvvəlki məhkəmə iclasında Xudat şəhər Uşaq Musiqi məktəbinin direktoru etiraf edərək bildirmişdir ki, iddiaçı pis müəllim olmamış, tapşırıq olmuşur ki, işdən çıxarılsın, ona görə də işdən çıxarmışdır. İşdən çıxarılma səbəbi əsaslandırılmalı idi. İşəgötürən işçini ixtisasartırma kurslarına göndərə bilər, işçini başqa vəzifəyə təyin edə bilər və ya digər zəruri addımlar ata bilərdi. Attestsiya vərəqəsi inzibati akt deyil, imtahanın nəticələridir. Sertifikasiya imtahanı ilə attestasiya imtahanı tamam fərqlidir. İddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, işə götürən və işdən azad edən məktəbin özüdür. Sistemdə VÖEN onların adına olduğu üçün bildirişdə X1 İdarəsi göstərilir. Attestasiya prosesinin videogörüntüsü Regional Mərkəzdə saxlanılmır, Mədəniyyət Nazirliyində saxlanılır. Heç bir müəllimlə şəxsi qərəzlik aparılmamışdır. Bir neçə müəllim imtahan zamanı heç bir suala cavab verə bilməmiş və öz ərizələri əsasında işdən çıxarılmışlar. Əsasnamədə göstərilmişdir ki, Mədəniyyət Nazirliyinin göstərişi əsasında müəllimi işə qəbul etməsi və qanunamüvafiq qaydada işdən azad etməsi barədə məktəblərə səlahiyyət verilmişdir. Məhkəmə iclasında cavabdeh Xudat şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaxşı müəllim olmasını təsdiq edir, lakin iddiaçının işdən çıxarılması barədə ona tapşırıq verilməsində kiminsə adını çəkməmişdir. Eyni zamanda iddiaçını başqa vəzifəyə keçirə bilməzdi. İşçilərin ixtisasartırma kursuna göndərilməsi isə artıq 10 il müddətdir ki, dayandırılmışdır. Bundan əvvəl attestasiya imtahanı keçirilməmişdir. Attestasiya imtahanının gedişatına əsasən ixtisas fənnindən olan bacarıq əsas götürülmüşdür. Müəllimlər var ki, nəzəriyyəni əzbərləyib imtahana daxil olsalar da, imtahanın gedişatında ixtisası üzrə hər hansı musiqi alətlərində ifa bacarığı əsas götürülmüşdür. İddiaçı Anjela müəllimə özü də etiraf etmişdir ki, imtahana daxil olanda həyəcanlanmış və fortepianoda yaxşı ifa nümayiş etdirə bilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli 23k nömrəli əmrin sirətindən görünür ki, X1 İdarəsi (Xaçmaz) Xudat uşaq müsiqi məktəbi bölməsində müəllim işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70.”c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən verilmişdir. -xx.xx.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı X2 iştirak etmiş, cavabdehlər iştirak etməmişlər. -Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat köçürülmüşdür. -İddiaçı nümayəndəsi-vəkili Vəkil dəqiqləşdirmə ərizəsindən görünür ki, Xudat şəhər uşaq musiqi məktəbinin 11 iyul 2025-ci il tarixli 23k saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. -xəbərdarlıq bildişindən görünür ki, iddiaçıya attestasiyasının keçiriləcəyi tarix göstərilmədən işçilərin attestasiya haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. -“SMS” bildiriş haqqında məlumatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə iddiaçıya 14 may 2025-ci il tarixdə saat 12:50-də Bakı Xoreoqrafiya Akademiyasının binasında attestasiya keçirilməsi barədə məlumat verilmişdir. -əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişdən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. -“Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X5 19 may 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək «Xroniki xolesistit. Xroniki səthi qastrit» diaqnozu ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X5 Terapiya şöbəsində stasionar müalicə almışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat uşaq müsiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün xx.xx.2025-ci il tarixdə işdən azad olunmuşdur. Hazırda isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun öz vəzifəsinə bərpa edilməsini və və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
70. “c” maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbui edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
288. “x” maddəsinə əsasən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarım araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Xudat uşaq müsiqi məktəbinin xx.xx.2003-cü il tarixli əmrinə əsasən həmin məktəbdə musiqi müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 14 may 2025-ci il tarixdə Xudat şəhər Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 23k nömrəli əmrinə əsasən İddiaçı 11 iyul 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Eyni zamanda komissiya İddiaçı nəzəri biliklərinin zəif olmasını qeyd etmişdir halbuki, attestasiya vərəqəsindən iddiaçının verilmiş nəzəri suallardan əksəriyyətini tam və ya qismən cavabdlandırdığı müəyyən edilir. Bundan başqa, işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq Xudat şəhər Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda işçilərin kütləvi şəkildə işdən çıxarıldığını təsdiq etmiş, əksər işçilərin attestasiyadan sonra öz ərizələri ilə işdən çıxarıldığını bildirmişdir. Qərəzli mövqə halının araşdırılması məqsədilə attestasiyanın keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin məhkməyə təqdim edilməsi barədə məhkəmə tərəfindən müvafiq sorğu verilməsinə baxmayaraq, məhkəmənin sorğusu cavablandırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiyanın keçrilməsi barədə attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq məlumat verilməli olduğu halda, 14 may 2025-ci il tarixdə keçiriləcək attestasiya barədə iddiaçıya xx.xx.2025-ci il tarixdə “sms” bildiriş vasətəsilə məlumat verilmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Bununla yanaşı, işəgötürən iddiaçının uzun müddət piano müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbini pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Xudat şəhər Uşaq Musiqi Məktəbi 11 iyul 2025-ci il tarixli, 23 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 23 saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin musiqi müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin 11 iyul 2025-ci il tarixli, 23k saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Xudat şəhər Uşaq Musiqi Məktəbinin musiqi müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Əliyeva