Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3432/2025 30.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Əmək münasibətləri üzrə sair mübahisələr üzrə pul tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2158,54 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddia tələblərinin təmin ediməsini xahiş etmişdir. Məhkəmə «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə almaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2158,54 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 2158,54 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddiaçı MMC mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarınzda yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, lakin təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul MMC tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, Cavabdeh 2158,54 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tam maddi masuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə satış nümayəndəsi işinə qəbul olunmuş və müqavilənin şərtləri ilə tanış olaraq imzalamışdır. İş materiallarında olan satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatından görünür ki, İddiaçı tərəfindən Cavabdeh vəzifə təlimatları izah olunmuş və cavabdeh təlimatın şərtləri ilə tanış olaraq imzalamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yoxlama aktından görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2158,54 manat pul vəsaitini cavabdeh müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı Kommersiya direktorluğu tərəfindən tərtib edilmiş satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, cavabdeh tərəfindən Cəmiyyətə vurulmiş zərərin məbləğinin 2158.54 manat olması təsdiq edilmiş və həmin akta İddiaçı əməkdaşları və cavabdeh imza etmişlər. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 592 nömrəli əmrlə, Əmək Məcəlləsinin 66.2a maddəsinə əsasən Cavabdeh ilə əmək müqaviləsinə xitam vermişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Qusar 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyin və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ilə aralarında əmək münasibətlərindən irəli gələn mübahisələr (2158.54 manat pul tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə iddiaçının nümayəndəsi mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməməklə razılığa gəlmədiklərindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul olunmuşdur. Həmin Medisaiya arayışından müəyyən olunur ki, iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti Qusar 1 saylı Mediasiya təşkilatına 50 manat xidmət haqqı ödəmişdir. İş materiallarına olan iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 0821 nömrəli xəbərdarlıq məktubundən görünür ki, «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Cavabdeh 2158.54 manat borcun 5 iş günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. İş materiallarından müəyyən olunur ki, işə götürən İddiaçı ilə işçi- Cavabdeh arasında sonuncu işə qəbul olunanda tam maddi masuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Aparılmış məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması iş materialları ilə tamamilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddianın əsaslı olması tamamilə öz təsdiqini tapdığından iddia tələbi tam təmin edilməklə Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2158,54 manat məbləğində pul, habelə mediasiya xərci olaraq ödənilmiş 50 manat pul alınaraq iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+ 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, “Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən,““Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir”. İş materiallarından müəyyən olunur ki, mediasiya prosesi ilə bağlı xərclər iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət rüsumu ödəməkdən azad edildiyindən verilmiş iddia ilə bağlı ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2158,54 manat (iki min bir yüz əlli səkkiz manat əlli dörd qəpik) məbləğində pul, habelə iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 (əlil) manat pul alınaraq iddiaçı «AVRORA” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilsin. İddiaçının ödəməkdən azad edildiyi, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq müəyyən edilmiş 41.58 manat pul Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(067)-3432/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3432/2025
30.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver