Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-994/2024 01.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nın X4 İstismar İdarəsinin 12 oktyabr 2023-cü il tarixli, 14-2-2-8/3-1K-217/2023 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun Cavabdeh İB-nın X4 İstismar İdarəsində əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi əsasında X4 istismarı İdarəsinin Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuşdur. Sonradan, yəni xx.xx.2023-cü il tarixdə ştat cədvəlində edilən dəyişikliyə əsasən peşənin adı “qaz təsərrüfatının nəzarətçisi” kimi adlandırılmağa başlanmışdır. Halhazırda ona məlum olmuşdur ki, guya onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətli olmuş və müqavilənin bitmə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşımasından məlumatsız olmuşdur. Belə ki, bununla bağlı cavabdeh qurumdan ona əmək müqaviləsinə xitam verildiyi günə qədər heç bir məlumat verilməmiş və hətta hər dəfə müddət bitdikdən sonra müqavilə yenilənməsi ilə bağlı da yeni hər hansı əmr və ya bildiriş verilmədiyi üçün o əmək müqaviləsinin müddətli olduğunu bilməmişdir. Belə ki, adına tərtib edilmiş əmək kitabçasında da bununla bağlı hər hansı qeyd olmamışdır. Eyni zamanda o haqlı olaraq hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş heç bir hala uyğun gəlmədiyi üçün onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü maddəsinə əsasən müqavilə müddət müəyyən edilmədən bağlanmışdır. Hətta hesab edir ki, ona məlum olmayan səbəbdən müddətsiz əmək müqaviləsi elektron sistemə işlənərkən müddətli kimi qeyd edilmişdir. O sadə bir işçi kimi işəgötürənin şəxsi kabinetində onunla bağlanmış əmək müqaviləsinin müddətli, yoxsa müddətsiz bağlanmasını araşdıra bilməzdi. Belə ki, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir və cavabdeh qurum da daha güclü tərəf olduğundan istifadə edərək onu işsiz qoymuşdur. Halbuki əmək funksiyalarının yerinə yetirilməsi xarakterinə görə onun tutduğu vəzifə daimi xarakter daşıyır, ona görə də müddətli əmək müqaviləsinin bağlanması üçün heç bir hüquqi əsas mövcud olmamış, müddətli müqavilənin bağlanmasına tərəfindən heç bir razılıq verilməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, işlədiyi müddətdə nöqsanları olmamış, əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirmişdir. Buna baxmayaraq Cavabdeh İB-nın X4 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli,14-2-2-8/3-1K-217/2023 nömrəli əmrinə əsasən o Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, yerinə yetirdiyi işin xarakteri həmin işin müddətli görülməsinə əsas vermədiyi, o cümlədən onunla cavabdeh təşkilat arasında müddətli əmək müqaviləsinin bağlanmasına hər hansı razılıq tərəfindən verilmədiyi üçün bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Cavabdehlə aralarında olan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi və qanunvericiliyin tələbləri baxımından mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında nümayəndə vasitəsi ilə təmsil olunmadığı üçün mediator tərəfindən 22 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh təşkilatla aralarında yaranmış mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi əsasında X4 istismarı İdarəsinin Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuşdur. Məzuniyyətdən qayıtmağına 1 gün qalmış Kənan Hüseynov ona zəng edərək demişdir ki, regionun rəisinə yaxınlaşsın. Səbəbini soruşduqda demişdir ki heç nə yoxdur. Onun yanına gedəndə məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Səbəbini soruşanda ona demişlər ki, bunun səbəbi aldığı töhmətlərdir. Halbuki töhmətlərdən xəbəri olmayıb, işlədiyi müddətdə nöqsanları olmayıb, əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirmişdir. 3 il işlədiyi müddətdə ərazisində kənar xətt olmamışdır. Ona demişlər ki, Rəşad Cavadov onu işdən çıxarıb. Onunla da görüşmüşdür. O, Vüqar müəllimə zəng etmiş, ona vakant yer açmağı təklif etmişlər, lakin razı olmamışdır. Bildirmişdir ki, “Socar”ın təlim mərkəzində oxumuş, ərazisində 165000 manat debitor borc olmuş, həmin borcu 95000 manata endirmişdir. 146900 manat pul yığımı olmuşdur. Məzuniyyəti xx.xx.2023-cü il tarixdə bitmiş və xx.xx.2023-cü il tarixdə işdə olmalı idi. Bir gün əvvəl onunla əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmrin surətini xx.xx.2023-cü il tarixdə almış, müdiriyyət ona haqsız yerə işdən çıxarılmasını demiş, gözləmişdir ki, onu iş yerinə bərpa edəcəklər. Ona görə də məhkəməyə gec müraciət etmişdir. Onunla müqavilənin müddətinin uzadılmamasından narazıdır. Onunla eyni vaxtda işə qəbul olunan işçilərin əmək müqavilələrinin müddəti uzadılmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının dedikləri iş fəaliyyətinə aid məsələlərdir. İddiaçı hər hansı neqativ hala yol verdiyinə görə işdən azad edilməmişdir. Onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsi 1 il müddətinə bağlanılmış, müqaviləyə əsasən tərəflər müqavilənin müddəti bitəndən 1 həftə ərzində müqavilənin ləğvinə təşəbbüs göstərməsələr, müqavilə 1 il müddətinə uzadılmış hesab olunur. Lakin işəgötürən müqavilənin ləğvinə təşəbbüs göstərdiyinə görə, müqavilənin müddəti uzadılmamışdır. Bundan başqa iddia müddəti anlayışı var. İddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv olunmuş, işdən çıxarılması barədə əmri də iddiaçı həmin tarixdə imza edib almışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, X4 istismarı İdarəsinin Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz təsərrüfatının nəzarətçisi İddiaçı Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli 12 nömrəli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçıya bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-ci ildən X4 istismarı İdarəsinin Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə qeyd edir ki, İddiaçı İddiaçı xx.xx.2020-ci ildən X4 istismarı İdarəsinin Quba rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hər hansı neqativ hala yol verdiyinə görə işdən azad edilməmiş, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsi 1 il müddətinə bağlanılmış, müqaviləyə əsasən tərəflər müqavilənin müddəti bitəndən 1 həftə ərzində müqavilənin ləğvinə təşəbbüs göstərməsələr, müqavilə 1 il müddətinə uzadılmış hesab olunur. Lakin işəgötürən müqavilənin ləğvinə təşəbbüs göstərdiyinə görə, müqavilənin müddəti uzadılmamışdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı həqiqətən də iddia müddətini ötürmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv olunmuş, işdən çıxarılması barədə əmri də iddiaçı həmin tarixdə imza edib almışdır. Lakin məhkəməyə iddia ərizəsi ilə 01 fevral 2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-994/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-994/2024
01.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver