Məhkəmə qərarları › İş №e-2(068)-187/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-187/2021

07.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-187/2021 07.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ X15 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xızı rayon Dövlət Notariat ofisinə qarşı “vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan miras olaraq qalmış Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 31,9 kv.metr, köməkçi sahəsi isə 7,6 kv.metr olan yaşayış evi üzərində vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınaraq, tərəfindən vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işin xüsusi icraata keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, həmin iş nümayəndə olaraq tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilərkən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair alt bölüm olmadığı üçün iddia icraatı qaydasında verilmiş və maraqlı tərəf olan Xızı rayon Dövlət Notariat Kontoru maraqlı şəxs deyil, cavabdeh kimi göstərilmişdir. Halbuki hazırkı işin mahiyyəti hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı icraatdır və bu xüsusi icraat qaydasında baxılmalıdır. Odur ki, iş üzrə iddia icraatını xüsusi icraata keçirilməsini və İddiaçı iş üzrə ərizəçi, Xızı rayon Dövlət Notariat Kontorunu iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini, eləcə də, mərhum X4 məxsus Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 31,9 kv.metr, köməkçi sahəsi isə 7,6 kv.metr olan yaşayış evi (əmlakı) üzrə onun mirası qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2021-ci il tarixli iclas protokoluna əsasən vəsatət təmin olunaraq, iş üzrə iddia icraatı xüsusi icraata keçirilmiş və İddiaçı iş üzrə ərizəçi, Xızı rayon Dövlət Notariat ofisi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır, mərhum X1 heç vaxt ailə qurmamış və ölən günə qədər Xızı rayonu, Altıağac qəsəbəsində onlarla, yəni arvadı Zümrüd və oğlu Ramin ilə birlikdə yaşamışdır. X1 21 may 2002-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 31,9 kv.metr, köməkçi sahəsi isə 7,6 kv.metr olan yaşayış evi üzərində mərhum X3 mülkiyyət hüququ tanınmış və bu fakt Altıağac bələdiyyəsinin 24 oktyabr 2001-ci il tarixli, 10 saylı protokoluna əsasən qeydə alınmışdır. X1 vəfat etdikdən sonra da həmin əmlaka faktiki sahibliyi, kommunal ödənişləri o, etmiş, mərhum vəfat etdikdə dəfn xərclərini və qəbirüstü abidəsinin xərclərini o, qarşılamışdır. Bundan bir müddət sonra, yəni təxminən 2005-ci ildə mərhum bacısına məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olmuş, daha sonra həmin yanmış evin qalıqlarını sökərək yerində yeni fərdi yaşayış evi tikmişdir. Hazırda digər qardaşı X11, bacıları X8 və X5 notariat qaydada təsdiq edilmiş ərizələr verərək, X3 mirasına vərəsəlik hüquqlarından imtina etmişlər. Lakin o hüquqi savadının olmaması səbəbindən mirasın qəbul edilməsi ilə bağlı bu günədək hüquqi hərəkətlər etməmişdir. Buna görə də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini bilmədən ötürmüşdür. Bu məsələ ilə bağlı ilk əvvəl maraqlı şəxs Xızı rayon Dövlət Notariat ofisinə müraciət etmiş, lakin cavab məktubu ilə müraciətindən imtina edilmişdir. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Xızı rayon Dövlət Notariat ofisi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Xızı rayon Dövlət Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Abşeron rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətlərindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 31,9 kv.metr, köməkçi sahəsi isə 7,6 kv.metr olan 2 otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 may 2002-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İşdə olan Xızı rayon Dövlət notariat ofisinin 06 avqust 2021-ci il tarixli, 25 nömrəli məktubundan görünür ki, İddiaçı, 21 may 2002-ci ildə vəfat etmiş mərhum X1ndan miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan X11, X8 və X5 tərəfindən 12 iyun 2019-cu il tarixdə notariat qaydada tərtib edilmiş ərizələrdən görünür ki, onlar məhrum bacıları X3 ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişlər, buna görə də öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədləri yoxdur. İşdə olan 2018-2020-ci illəri əhatə edən ödəniş qəbzlərinin surətlərindən müəyyən olunur ki, İddiaçı və Mətləb Dünyamalıyev tərəfindən "xxxx" ASC-yə, “Azəriqaz” İB-yə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün kommunal ödənişlər edilmişdir. Həmçinin, iş materiallarında olan 01 iyul 2011-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilələrdən görünür ki, bu müqavilələr qaz paylayıcısı ilə istehlakçı, fiziki şəxslər Mətləb Dünyamalıyev arasında sonuncuya aid Xızı rayonu, Altıağac qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən evin, Fəzail Bayramov arasında isə sonuncuya aid Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən evlərin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəyə baxılarkən ilk növbədə mübahisə edilən əmlakın mərhum X3 miras əmlakına daxil olub-olmadığı müəyyən edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisə edilən əmlak, yəni Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış evi mərhum X3 miras əmlakına daxil deyildir. Belə ki, ərizəçi öz izahatında bacısı Navat vəfat etdikdən sonra həmin evin tamamilə yanaraq kül olmasını və daha sonra mərhum bacısına məxsus yanmış evin qalıqlarını sökərək yerində özünə yeni fərdi yaşayış evi tikməsini göstərmişdir. Həmçinin, mərhum X2 miras qalmış fərdi yaşayış evinin tamamilə yanması faktı ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərlə də sübut olunur. Eyni zamanda, ərizəçi tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinin surətlərindən və “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilələrdən görünür ki, həmin kommunal ödənişlər və müqavilələr ərizəçi İddiaçılə deyil, başqa şəxslərlə, yəni Fəzail və Mətləb adlı şəxslərlə bağlanmış və eləcə də, müqavilələrdən biri mübahisə edilən əmlaka, yəni Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən evə aid olsa da, digəri Xızı rayonu, Altıağac qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evinə məxsusdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda mübahisə edilən əmlak mərhum X3 miras əmlakına daxil olmamaqla, ərizəçinin özü tərəfindən tikilmiş yeni fərdi yaşayış evidir. Ərizəçinin mərhum bacısına məxsus olan evi bacısı öləndən sonra faktiki qəbul etməsi iş materiallarında olan sənədlərlə təsdiqini tapmır. Ev yandıqdan sonra ərizəçinin özü tərəfindən tikilmiş hazırda yaşadığını bildirdiyi ev isə onun mərhum bacısına məxsus olmadığı üçün ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi də mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat”ofisinə”mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən,”vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan” Respublikası”Ali” Məhkəməsi” Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə hazırkı ərizənin təmin edilməsi üçün qanuni əsaslar olmadığından, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin olunmamasını nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi İddiaçı mərhum X4 məxsus Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış evini miras kimi qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar