Məhkəmə qərarları › İş №e-2(068)-194/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-194/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-194/2022 17.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" QSC (bundan sonra –iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34,20 manat maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2019-cu il tarixli, e-2(068)-106/2019 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 228 manat məbləğində olan vəsaitin "xxxx" MMC-nin vasitəsi ilə ödənilməsi təmin edilmiş və buna görə də iddiaçı tərəfindən "xxxx" MMC-yə 34,20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş hər məbləğin 15% həcmində, yəni cəmi 34,20 manat məbləğində xidmət haqqı ödəmişdir. Eyni zamanda, xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.20-ci bəndinə əsasən “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazimi qaydada geri qaytarılmasına görə bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1954-cü ildə anadan olmuş, hazırda Xızı rayonu, Xızı qəsəbəsində qeydiyyatdadır. İş materiallardan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV\S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. İş materiallardan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehin cəmi 228 manat məbləğində borcunun banka ödənilməsi "xxxx" MMC tərəfindən təmin edildiyindən, göstərilən xidmətə görə ümumi məbləğin 15 faizi yəni, 34,20 manat iddiaçı bank tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1). Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (121.1). Məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehin ümumilikdə 228 manat məbləğində olan borcunun banka ödənilməsi "xxxx" MMC tərəfindən təmin edildiyindən göstərilən xidmətə görə 34,20 manat iddiaçı bank tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bununla da, iddiaçı bankın çəkdiyi məhkəmə xərcinin ödənilməsi ilə bağlı cavabdehə qarşı tələb etmək hüququ yaranmışdır. Ona görə də, iddia təmin edilməlidir. Həmçinin, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-458,4 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 34 (otuz dörd) manat 20 (iyirmi) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar