Məhkəmə qərarları › İş №e-2(068)-197/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-197/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-197/2024 03.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdə aldığı mebel əşyalarının qarşılığında ödəməli olduğu məbləğdən qalan 3600 manat borcun, yaşadılmış maddi və psixoloji sarsınıtı nəticəsində dəymiş mənəvi ziyana görə 1000 manat, hüquqi yardım üçün xidmət haqqı olaraq vəkilə ödənilən 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 72 manat, cəmi 5172 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında uzun müddətdir mebel satışı ilə məşğul olur. 01 iyul 2022-ci il tarixində əvvəlcədən tanıdığı Nəzakət adlı xanımın oğlu olan cavabdeh ondan qonaq dəsti, yataq dəsti, masa və oturacaqlar, jurnal masası olmaqla, ümumi dəyəri 4445 manat olan mebel əşyaları nisyə almış və həmin məbləği ona hissə-hissə, yəni 2000 manatı 20 gün müddətində, qalan məbləği isə 3 ay ərzində ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra, elə həmin günü yük avtomobili ilə yuxarıda qeyd olunan mebel əşyaları cavabdehin Sumqayıt şəhəri, Qaçqınlar şəhərciyi, B37 binada olan 15 saylı mənzilinə çatdırılmışdır. Cavabdehin vətən müharibəsi iştirakçısı olması və anasını uzun müddət öncədən tanıdığı üçün iddiaçı onun verdiyi vədlərə inanmışdır. Lakin 01 iyul 2022ci il tarixdən hazırki vaxtadək xeyli müddət keçməsinə baxmayaraq, dəfələrlə cavabdeh ilə telefon zəngləri və Whatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq pulunu tələb etsə də, ona olan 4445 manat borcdan cəmi 845 manat pulu iddiaçıya məxsus olan bank kartına köçürmüş, qalan 3600 manat pulu isə ödəməkdən hər dəfə müəyyən bəhanələr gətirməklə boyun qaçırmışdır. Cavabdeh hər dəfə bu gün, sabah və ya maaşı alan kimi ödəyəcəyini və ya kartına pul köçürəcəyini bildirsə də, iddiaçıdan aldığı mebel əşyalarının müqabilində ödəməli olduğu pulu ödəməmişdir. İddiaçının məhkəməyə təqdim edəcəyi səs yazılarından və telefon yazışmalarından da cavabdehin həmin mebel əşyalarını iddiaçıdan alması, lakin pulu ödəməkdən yayınması sübut olunur. Eyni zamanda, bu məsələ ilə bağlı cavabdehin anası Nəzakət və bacısı Sevinc adlı xanımlarla əlaqə saxlayıb kömək istəsə də, onlarda ilkin olaraq vaxt qazanmaq üçün cavabdehlə danışacağlarını və iddiaçıya ödəməli olduğu pulu ödətdirəcəklərini bildirsələr də, sonradan onlarda cavabdehin pulu ödəməyəcəyini və ödəmək kimi bir fikri olmadığını səsli mesajlarnan ona bildirmişlər. Həmiçinin, cavabdehə pretenziya məktubu yollamağına baxmayaraq məsələnin həlli, yəni pulu qaytarması ilə bağlı iddiaçıya hər hansı cavab verməmişdir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı ilə cavabdehin arasında olan danışıqları əks etdirən səs yazısından, eyni zamanda aparılmış yazışmalardan görünür ki, cavabdeh həmin mebel əşyalarını iddiaçıdan nisyə almış, lakin pulunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdən göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyaların tam dəyərini 5 təqvim günü ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 72 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün 500 manat xidmət haqqı ödəmişdir. Həmçinin, iş materiallarına disk, yəni “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalar, danışıqlar və fotoşəkil əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Qeyd olunan Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı öz tələbinin əsası olaraq cavabdehlə aralarında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalara və danışıqlara istinad etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmiş, eləcə də həmin yazışmaların və danışıqların həqiqiliyini mübahisələndirməmişdir. Qeyd edilməlidir ki, audioyazılarda cavabdeh tərəfindən pulun qısa vaxt ərzində qaytaracağı ilə bağlı etirafedici ifadələr mövcuddur. Həmçinin, yazışmaların mətnini də, analiz etdikdə görünür ki, burada iddiaçı ilə cavabdeh arasında pulun ödənilməsi ilə bağlı danışıqlar gedir və cavabdeh iddiaçıya borclu olduğu pulu tam şəkildə qaytaracağına söz verdiyi müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, alınmış mebel əşyalarının qarşılığında ödənməli olan məbləğdən qalan 3600 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin öz öhdəliyinin icrasını gecikdirməsi səbəbindən mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia mənəvi ziyanın tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin, iddianın 72 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün 500 manat məbləğində xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və hüquqi yardımın göstərilməsi üçün xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, əsas borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul, 500 (beş yüz) manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və 72 (yetmiş iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar