Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-109/2025 19.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, mərhum X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********85 saylı kredit müqaviləsinə əsasən 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, cəmi 11.855,13 manat borc; eyni zamanda xx.xx.2022-ci il tarixli BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, cəmi 303,88 manat kart kredit borcu olmaqla, ümumilikdə 12.159,01 manat və ödənilmiş 126,48 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən ona illik 21%-lə, 48 ay müddətinə 14.700 manat nağd kredit və xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart” müqaviləsinə əsasən 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə razılaşdırmışlar ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra qrafik üzrə ödənişlər aparılmamışdır. Bunun nəticəsində, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, ümumilikdə 12.159,01 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 əvvəlki məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında cavabdehin göstərdiyi xüsusatlarla razılaşmayaraq bildirmişdir ki, cavabdeh mərhumun yeganə varisi olmaqla miras əmlakı tam olaraq qəbul etdiyindən, əmlakın həcmindən asılı olmayaraq mərhumun ölümündən öncə üzərinə götürdüyü borc öhdəliyini icra etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, miras əmlakı kimi mərhum atasının iş yeri üzrə "xxxx" QSC-dən ümumilikdə 5100 manat pul vəsaitini qəbul etmişdir. Mərhum atasının digər miras əmlakı olmamışdır. Həmçinin qeyd etmişdir ki, valideynləri uzun müddətdir boşandıqları üçün atası ilə əlaqəsi az olmuş, yalnız xəstəliyi dövründə ona qulluq etmiş, atası vəfat etdikdə isə onun digər yaxın qohumu olmadığından bütün dəfn xərclərini və yas məclislərinin xərclərini özü ödəmişdir. Beləliklə miras kimi qəbul etdiyi 5.100 manat pul vəsaitini tam olaraq qeyd olunan dəfn və mərasim xərclərinə sərf etmişdir. Verilmiş suallara əsasən etiraf edir ki, mərhum atasının mülkiyyətində köhnə nəqliyyat vasitəsi olmuş, ölümündən öncə həmin nəqliyyat vasitəsi satılmış, əldə olunan vəsait tam olaraq atasının müalicəsinə sərf edilmişdir. Nəqliyyat vasitəsi köhnə “VAZ-2103” markalı olmaqla təxminən 3000-4000 manat qiymətə satılmışdır. Bundan başqa o, qeyd etmişdir ki, mərhum atası narkotik vasitə aludəçisi olmaqla dəfələrlə məhkum edilmiş, anası bu səbəbdən ondan boşanmış, özü isə ailə həyatı qurduqdan müəyyən vaxt sonra ərindən boşanıb anasının yanına köçmüş, atası ilə əlaqələri nadir hallarda olmasına baxmayaraq yalnız xəstəliyindən sonra qulluğa ehtiyacı olduğu üçün öz yanına gətirmiş, bundan əvvəl atası kirayədə yaşamışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********78 nömrəli tam kart hesabı müqaviləsinə əsasən müəyyən edilir ki, bank borcalana bank hesabı açmağı, ikitərəfli kredit kartı (“Tam kart”) təqdim etməyi və kartın qüvvədə olduğu müddətə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 15.000 manat məbləğində kredit limiti ayırmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarına əlavə edilmiş “Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma”dan müəyyən edilir ki, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixdə X3 300 (üç yüz) manat limit təyin edilmişdir. - "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, bank tərəfindən X3 illik 21% dərəcəsi ilə, 48 ay müddətinə 14.700 manat manat nağd kredit verilmiş, borcalan müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən müəyyən edilir ki, borcalan X2 xx.xx.2023-cü il tarixli, BPM**********85 saylı kredit müqaviləsi üzrə 11.745,50 manat əsas, 109,63 manat cərimə borcu olmaqla, cəmi 11.855,13 manat borc; xx.xx.2022-ci il tarixli, BPM**********78 saylı Tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 299,51 manat əsas borc, 4,37 manat faiz borcu olmaqla, cəmi 303,88 manat kart kredit borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 12.159,01 manat borcu qalmışdır. - Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 393169 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-416 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh müəyyən edilmiş və onun miras əmlakı mərhum X4 "xxxx" QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidməti tərəfindən ödəniləcək son haqq-hesabı, yəni 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat pul vəsaiti va Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yəni 1010,20 (min on manat iyirmi qəpik) manat pul vəsaitindən ibarət olmuşdur. Məhkəmənin sorğusuna əsasən verilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, miras əmlaka daxil olan 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat pul vəsaitinin 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat olan hissəsi işçinin son haqq-hesabına görə Azərbaycan Dəmir Yolları tərəfindən, 1010,23 (min on manat iyirmi üç qəpik) manat hissəsi isə xəstəlik vərəqələrinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərhumun vərəsəsinə ödənilmişdir. Eyni zamanda qeyd olunur ki, mərhum X2 “dəfn üçün sosial müavinət” məbləği vərəsəsi tərəfindən ölüm haqqında arayış və dəfn üçün müvafiq bələdiyyə tərəfindən verilən arayış təqdim edilməməsi səbəbindən DSMF-yə müavinətin ödənilməsi ilə bağlı müraciət göndərilməmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatları nəzərə alaraq, yəni onun mərhum atasının dəfni və yas mərasimlərinə sərf edilə biləcək vəsaitin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, məhkəmənin xx.xx.2025-ci il tarixli, e- 2(071)-109/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə (mütəxəssislərinə) həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən müəyyən edilir ki, 2024-cü il ərzində Hacıqabul şəhərində mövcud olmuş qəbir daşı, 3, 7 və 40 yas mərasimləri üçün çəkilən minimal xərclər və X2 qəbir daşının orta bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: 1)qəbir daşı üçün – 980 manat; 3, 7 və 40 yas mərasimləri üçün – 2560 manat; 2) X2 qəbir daşının orta bazar dəyəri – 1270 manat təşkil edir. Həmçinin, xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində qiymətləndirilmiş və tərəflər ödəniş etməmişdir. Beləliklə, rəylə müəyyən edilir ki, Hacıqabul rayonunda dəfn və yas mərasimləri üçün sərf ediləcək xərclərin ümumilikdə orta bazar qiyməti 3540 manat təşkil edir. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etmək məqsədilə məhkəmə öz təşəbbüsü ilə mərhum X2 digər vərəsələrinin olub-olmamasını, eyni zamanda onun mülkiyyətində və ya qanuni istifadəsində miras əmlakının aktivinə daxil ola biləcək hər hansı əmlakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmişdir. Verilmiş sorğular əsasında Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X2 nikahdan 3 övladı doğulmuş, digər iki övladı vəfat etmiş onun yeganə vərəsəsi cavabdeh Mələk (Quliyeva) Dadaşovadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Regional Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, mərhum X2 adına hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, mərhum X2 vəfatından əvvəl adına dövlət reyestrində qeydiyyata alınmayan, lakin faktiki istifadəsində olmuş hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması barədə hər hansı məlumat daxil olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş çıxarışdan müəyyən edilir ki, mərhum X2 adına xx.xx.2022-ci il tarixdə “VAZ-2103” markalı (1978-ci il istehsalı) **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfindən 1978-ci il istehsalı olan “VAZ-2103” markalı nəqliyyat vasitəsinin orta bazar qiymətinin müəyyən edilməsi üçün respublika üzrə satışda olan nəqliyyat vasitələrinin axtarış saytı kimi qəbul edilmiş “Turbo.az” vasitəsilə aparılan təhlillərdən müəyyən edilir ki, eyni xüsusiyyətli nəqliyyat vasitələrinin dəyəri ortalama 2100-4300 aralığında dəyişir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə X5 arasında kredit müqavilələri bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilələr üzrə öhdəliyini icra etməmişdir. Müqavilələr üzrə öhdəliyin icra edilməməsi səbəbi borclunun vəfat etməsi olmuşdur. Borclunun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Hazırda işin mübahisəsiz halı odur ki, mərhum X2 miras aktivinə daxil olan sonuncu iş yeri üzrə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidməti tərəfindən ödəniləcək son haqq-hesabı, yəni 4092,18 (dörd min doxsan iki manat on səkkiz qəpik) manat pul vəsaiti və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yəni 1010,20 (min on manat iyirmi qəpik) manat pul vəsaitini onun qanun üzrə yeganə vərəsəsi olan Cavabdeh qəbul etmişdir. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mərhum X2 ölümündən öncə 2022-ci ildən mülkiyyətində 1978-ci il istehsalı olan “VAZ- 2103” markalı nəqliyyat vasitəsi mövcud olmuş və həmin nəqliyyat vasitəsi onun ölümündən 11 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh qeyd olunan faktı təsdiq etmiş və həmin nəqliyyat vasitəsinin 3000-4000 manat aralığında satılmasını, əldə edilmiş gəlirin isə mərhumun müalicəsinə və dəfn xərclərinə sərf edilməsini bildirmişdir. Lakin cavabdeh buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə 11 gün ərzində mərhumun xəstəliyi ilə bağlı müalicəsinə 3000-4000 manat pul vəsaitinin xərclənməsini inandırıcı hesab etmir. Bununla yanaşı qeyd olunan nəqliyyat vasitəsi ilə eyni əlamətlərdə olan avtomobilin orta bazar qiyməti ilə bağlı “Turbo.az” saytında mövcud qiymətləri və cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq məhkəmə hesab edir ki, nəqliyyat vasitəsindən əldə edilmiş 3000-4000 manat aralığında olan vəsaiti cavabdeh faktiki olaraq qəbul etdiyindən həmin vəsait də mərhumun miras əmlakının aktivi kimi qəbul edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən verilmiş sorğular əsasında mərhumun hər hansı digər daşınar və ya daşınmaz əşyası, yəni miras əmlakına daxil ola biləcək aktivi aşkar edilməmişdir. Məhkəmə həmçinin qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı onunla X5 arasında yaranmış kredit münasibətlərindən irəli gələn borcun X2 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən yeganə vərəsəsi kimi müəyyən edilmiş Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin vərəsəliklə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəyə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəyə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsələr hesab edilir. 1160-cı maddəyə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1163-cü maddəyə əsasən isə nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-cü maddəyə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəyə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Mülki Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, qanunvericilik normalarının təhlilindən görünür ki, mirasın formal və qeyriformal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmçinin miras əmlakdan xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi üçün lazımi xərclər ödənilə bilər ki, bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Dolayısı ilə miras əmlakdan ilkin olaraq miras qoyanın müalicəsinə və dəfninə sərf edilən vəsait ödənilməli, bundan sonra digər kreditorlar qarşısında olan öhdəliklər təmin oluna bilər. Hazırki iş üzrə məhkəmə araşdırması ilə müəyyən edilir ki, mərhumun ölümündən əvvəl onun mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsindən 3000-4000 manat vəsait əldə edilmiş, həmin vəsait vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən edilir ki, mərhum dəfn edilməklə qəbir daşı qoyulmuş və həmin daşın mütəxəssis rəyinə əsasən orta bazar qiyməti 1.270 manat, 3,7,40 marasimlərinə sərf edilə biləcək vəsait isə 2.560 manat təşkil edir. Cavabdeh tərəfindən isə sərf edilən xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə cavabdehin qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə əldə etdiyi 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat vəsaitin mərhumun ölümündən öncə qulluq xərcləri, dəfn xərcləri və yas mərasimlərinə sərf etməsi ilə bağlı iddiasını qəbul etmir. Belə ki, mərhumun ölümündən 11 gün öncə nəqliyyat vasitəsinin satışı ilə bağlı əldə edilmiş vəsait ona xəstəliyi dövründə qulluq xərcləri, eləcə də mütəxəssis rəyinə əsasən Hacıqabul rayon ərazisi üçün mövcud olan dəfn xərcləri və yas mərasimlərinə sərf ediləcək xərclərə mütənasib olaraq kifayət edir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsait miras əmlakının aktivinə daxil olmaqla, mərhumun ölümündən öncə ona xəstəliyi dövründə qulluq xərcləri, ölümündən sonra dəfn xərcləri və yas mərasimlərinə sərf edilmiş xərclərin əvəzi olaraq qəbul edilməlidir. Hansı ki, həmin xərclər MM-nin 1249-cu maddəsinin tələbi baxımından miras qoyanın digər kreditorlar qarşısında olan öhdəliklərindən daha əvvəl ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan vəsaitə münasibətdə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, mərhum - X2 miras əmlakı onun iş yerindəki son haqq-hesabından və xəstəlik vərəqələrinə əsasən ödənilmiş vəsaitdən ibarətdir. Məhkəmə bu halı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, nə qədər ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras aktivinin həcmi ilə müəyyən edilir və hazırda cavabdeh – vərəsənin qəbul etdiyi miras əmlakın həcmi 5102,41 manatdan ibarətdir, bu halda əsas borclunun vərəsəsi olaraq cavabdehdən yalnız həmin həcmdə borc tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,02 manat və bank xidmətinin əvəzi olan 0,40 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertiza xərci məsələsini müzakirə edərkən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 350 (üç yüz əlli) manat pul məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 5102,41 (beş min yüz iki manat qırx bir qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (Rabitəbank, VÖEN **********, AZ74RBTA********************, kod 507280, Müxbir hesab AZ61NABZ********************, S.W.İ.F.T. RBTAAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-109/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-109/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver