Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-165/2024 15.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı Aqroservisin nümayəndəsi X6 və cavabdeh X2 iştirakı ilə, İddiaçı Aqroservis ASC-nin cavabdeh X3 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Aqroservis ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 10 may tarixli 09/03567 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 500,00 (üç min beş yüz) manat borcun və 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi: 3 555,00 (üç min beş yüz əlli beş) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 10 may tarixli 09/03567 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 000,00 (dörd min) manat öhdəlikdən 500,00 (beş yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3 500,00 (üç min beş yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Məhkəmə iclasında iddiaçı Aqroservis ASC-nin nümayəndəsi X6 ifadəsində bildirdi ki, cavabdehə 2023-cü il 10 may tarixli 09/03567 nömrəli operativ lizinq müqaviləsinə əsasən icarəyə 1 ədəd Sampo SR-2045 markalı kombayn istifadəyə verilmişdir. Cavabdeh X4 4000 manat puldan 500 manat ödəmişdir. Qalan məbləğin 3500 manatı və 50 manat dövlət rüsumunun ödənilməsini tələb etdiklərini bildirdi. Məhkəmə iclasında cavabdeh X4 izahatında 2023-cü il 10 may tarixli 09/03567 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2045 markalı kombaynı icarəyə götürdüyünü etiraf etmişdir. Cavabdehin sözlərinə görə kombayn ona təhvil verildikdən sonra, kombaynın mühərrikində nasazlıq yarandığına görə onu təmir elətdirmiş və bu səbəbdən də, icarə haqqını ödəyə bilməmişdir. Kombaynın təmirinə 7000 manata yaxın xərci çıxmışdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 09/03567 nömrəli İddiaçı ASCnə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, cavabdeh X3 icarə qiyməti olmaqla 4000 manat olmaqla 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını istifadəçi təmin etməyi öz üzərinə götürür. xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, cavabdeh H.Cabbarov istismar zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz hesabına aradan qaldırmağı öz öhdəsinə götürür. 09/03567 saylı xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə əlavə olan 09/03567 saylı aktdan görünür ki, 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn saz vəziyyətdə cavabdeh H.Cabbarova təhvil verilmişdir. Cavabdeh X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, cavabdeh müvəqqəti istifadəyə götürdüyü 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombaynın ödənişinin 12% yəni 500 manat ödəmiş, yerdə qalan məbləği yəni 3500 manat pulu xx.xx.2023-cü il tarixədək ödəcəyini öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli “Maliyyə Arayışın”dan görünür ki, cavabdehin 3500 manat maliyyə borcu qalmışdır. İş materiallarında olan qüsur aktlarından və foto şəkillərdən görünür ki, Sampo SR- 2045 markalı 561490 şassi nömrəli 24 T 411 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn xx.xx.2023-cü il tarixdə 09/03567 nömrəli müqaviləyə əsasən operativ lizinqə X3 verilmişdir. Həmin kombayn operativ lizinqdə sahədə işləyərkən mühərrikində yanğın əmələ gəlmiş, Hacıqabul RB əməkdaşları tərəfindən kombayna baxış keçirilmiş və kombayna dəymiş ziyan yanacaq nasosu (farsunka və turbaları ilə birlikdə), yanacaq filtirinin yatağı, yeriyiş rameni, yeriyiş ramenin şlanqı, sistemin rameni, generator və naqillər sıradan çıxmışdır. Kombayn sahədə təmir olunmuş və yenidən biçinə başlamışdır. Cavabdehin tərəfindən müvəqqəti istifadəyə götürülmüş taxılyığan kombaynın təmir edilməsi qüsur aktlarına və təqdim edilmiş fotoşəkillərə əsasən öz təsdiqini tapsa da, müqavilə şərtlərinə əsasən istifadə müddəti ərzində kombaynın təmir edilməsi və onun saz vəziyyətdə saxlanılması cavabdehin üzərinə qoyulmuş, cavabdeh həmin müqavilə şərləri ilə razılaşmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, taxılyığan kombayn cavabdehə təhvil verilərkən saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində qeyd olunur ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə əsasən 4 000,00 (dörd min) manat öhdəlikdən 500,00 (beş yüz) manat ödəniş edilmişdir. Odur ki, iddiaçı cavabdehə icarəyə verdiyi 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombaynın pulunu tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-165/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-165/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver