Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-232/2025 22.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladı xx.xx.2020-ci təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, üç otaq, bir zal və bir mətbəxdən ibarət olan fərdi yaşayış evinin bir otağına köçürülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülki iş üzrə İddiaçı iş üzrə Cavabdeh və onun həyat yoldaşı X1 ilə birgə nikahlarından doğulmuş qızıdır. İddiaçı xx.xx.1995-ci il tarixdə mübahisə predmeti olan Hacıqabul rayonu Abdulabad kəndində yerləşən Cavabdeh məxsus 1 ha həyətyanı torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, üç otaq, bir zal və bir mətbəxdən ibarət olan fərdi yaşayış evində doğulmuş, 2019-cu ilədək orada yaşamışdır. 2019-cu il tarixdə X6 ilə qeyri-rəsmi ailə qurmuş və bu səbəbdən valideynləri ilə olan narazılıqlar səbəbindən Bakı şəhərində kirayədə yaşamağa məcbur olmuşdur. Mahir Babayevlə olan qeyri-rəsmi nikahlarından xx.xx.2020-ci təvəllüdlü X3 dünyaya gəlmişdir. İddiaçı qeyd edir ki, işsiz olduğundan Bakıda kirayədə yaşaya bilmir və doğulub boya-başa çatdığı Cavabdeh məxsus bir mərtəbəli, üç otaq, bir zal və bir mətbəxdən ibarət olan fərdi yaşayış evinə azyaşlı övladı Fatimə ilə birlikdə köçüb yaşamaq istəyir. İddiaçı həmçinin qeyd edir ki, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyət sənədləri yoxdur. Həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Mübahisə predmeti olan Hacıqabul rayonu Abdulabad kəndində yerləşən Cavabdeh məxsus bir mərtəbəli, üç otaq, bir zal və bir mətbəxdən ibarət olan fərdi yaşayış evində cavabdeh həyat yoldaşı X1 ilə birlikdə yaşayır. Həmin evdə başqa heç kim yaşamır. Buna baxmayaraq, Cavabdeh İddiaçı azyaşlı övladı ilə birlikdə köçüb həmin evdə yaşamasını istəmir və buna maneçilik törədir. Belə olduğu təqdirdə, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin təşəbbüsü ilə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı hazırda əri ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşayır, lakin rəsmi nikahları yoxdur. Belə ki, iddiaçı Abdulabad kəndində yerləşən evə qeyri-rəsmi nikahından doğulan övladı ilə köçmək istəyir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən tikilmiş ev özbaşına tikinti hesab olunur. İddiaçı orada anadan olmuş dolayısıyla orada yaşamaq hüququ da vardır. İddiaçı həmin ailə üzvlərinin sırasına daxildir. İddiaçı Cavabdeh doğma qızıdır. İddiaçının evi tərk etməsinin əsas səbəbi Mahir Babayevlə evdən qaçması olmuşdur. Hazırda onlar qeyrirəsmi nikah münasibətlərindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, həyat yoldaşı X2 ilə birlikdə Abdulabad kəndində yerləşən evində yaşayır. Evinin isə mülkiyyət sənədi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, X2 ilə rəsmi nikahdadır. O, həmin evi tikən zaman isə iddiaçı anadan olmamışdır. İddiaçı digər qızının əri ilə birlikdə evdən qaçmış və iddiaçının övladı cavabdehin digər qızının əri ilə münasibətindən doğulmuşdur. İddiaçı 2017-ci ildə birgə yaşadıqları evi tərk etmişdir. Hazırda İddiaçı Mahir Babayevlə birgə yaşayır. İddia tələbinin əsası olmadığından təmin olunmamasını məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmədiyindən, eləcə də iştirak etməməsinin üzürlü səbəbləri barədə məlumat təqdim etmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 xx.xx.2025-ci il tarixində məhkəməyə etiraz ərizələri göndərərək qeyd etmişlər ki, İddiaçı onun övladıdır. 2017-ci il tarixdə X6 ilə ailə qurmuş və bundan sonra onlar Bakı şəhərində yaşayıblar. İddiaçının xx.xx.2020-ci ildə Fatimə adında övladı anadan olub. İddiaçı, işsiz olduğu üçün Bakı şəhərində kirayədə yaşaya bilmədiyindən onun yaşadığı evə köçmək istəyir. İddiaçı, məhkəməyə ünvanladığı iddia ərizəsində X6 ilə 2019-cu ildə ailə qurduğunu bildirir. Lakin o, məhkəməyə yalan məlumat verir. İddiaçı daşınmaz əşyaya iddia müddəti baxımından X6 ilə 2019-cu ildə ailə qurduğunu qeyd edir. İddiaçının 2017-ci ildə ailə qurması barədə cavabdeh tərəfin sübutları vardır. İddiaçı, digər bacısı Azimənin, həyat yoldaşı olan Mahir Babayevlə ailə qurub. Hal-hazırda Mahir Babayevin keçmiş həyat yoldaşı Azimə də həmin həyətdə yaşayır. Əgər İddiaçı həmin mənzilə köçürülərsə, gələcəkdə iki bacı arasında qarşısıalınmaz bədbəxt hadisələrin baş vermək ehtimalı var. Cavabdehin həyətyanı torpaq sahəsinə dair və yaşadığı evə dair heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Mülkiyyət hüququna dair hər hansı bir hüquq müəyyənedici sənədin olub-olmaması barədə müvafiq orqana sorğu edilə bilər. Həyətyanı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin kənd icra nümayəndəliyində olan təsərrüfatbaşına kitabında qeydiyyatda olması, hüquqmüəyyənedici sənəd deyil. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İddiaçı tərəfindən verilmiş iddia tələbinə etiraz edir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və həmin şöbə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 465432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı və Şirəliyev (Babayev) Mahir Mahmud oğlunun birgə qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2020-ci təvəllüdlü X3 doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 02 saylı arayışdan müəyyən edilir ki, nümayəndəliyin 01 saylı təssərüfatbaşına kitabında Abdulabad kənd sakini Cavabdeh və ailə üzvləri haqqında qeydiyyat aparılmışdır. Belə ki, Cavabdeh Abdulabad kəndində 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. Həmin ünvanda Cavabdeh, X2 və İddiaçı qeydiyyatdadır. İddiaçı qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, həmin ərazidə yaşamır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehin qızıdır. Mübahisə predmeti olan fərdi yaşayış evi isə iddiaçının atası tərəfindən inşa edilmiş özbaşına tikilidir. İddiaçı ailə quranadək ailəsi ilə birlikdə həmin evdə yaşamış, ailə qurduqdan sonra isə fərdi yaşayış evindən getmişdir. Cavabdeh isə hazırda həmin evdə yaşayır. Hər iki tərəf həmin mənzildə qeydiyyatdadır. Lakin, İddiaçı qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, həmin evdə yaşamır. Hazırda iddiaçı qeydiyyatda olduğu yaşayış evinə istifadə hüququnun olduğunu bildərək həmin evə köçürülməsini xahiş edir. Cavabdeh isə iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsə də, işin hallarından görünür ki, hazırda orada cavabdeh yaşayır. İddiaçı isə nikaha daxil olanadək orada yaşamışdır. Lakin ailə qurduqdan sonra həmin evi tərk etmişdir. Hazırki işin faktiki hallarına görə iddiaçı ailə qurduqdan sonra yaşamağa davam etməmişdir, onun yaşayış evini tərk etməsi könüllü olmuşdur. İddiaçı cavabdehin ailə üzvü olsa da, o uzun müddət həmin mənzildə yaşamayaraq istifadə hüququnu itirmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış evinə köçürülməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə MM-nin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvercilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur və mahiyyət etibarı ilə servitutdur. Eyni zamanda bu istifadə hüququ notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçinin iradəsi xaricində və reyestrdə qeydiyyata aparılmadan yaranır. Qərarda həmçinin qeyd edilmişdir ki, MM-nin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında da göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə cavabdeh oğluna qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-232/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-232/2025
22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver