Məhkəmə qərarları › İş №e-2(071)-313/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-313/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-313/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 354,30 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 354.30 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023cü il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesablanmış 172.80 manat məbləğində ziyanın və sayğac vasitəsi ilə sərf etdiyi 181.50 manat təbii qaz borcunun ödənilməməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı İB-nin Salyan RQİİ-nin Hacıqabul xidmət sahəsinin nümayəndələri tərəfindən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün istismardan çıxarılaraq yoxlamaya göndərilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14- 22/3-5-9800/Q004 nömrəli rəyinə əsasən cavabdehin ünvanından çıxarılmış İtron markalı G-4 tipli 1102AQ**********7 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın istismara yararsız olması barədə rəy verilmişdir. İddiaçı İBnin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının rəyinə, təbii qazdan istifadə üçün iki tərəfli bağlanmış müqavilə tələblərinə və “Qazdan istifadə Qaydaları”na əsasən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz cihazlarının inventarzasiyası keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən itirilmiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılmış və 1440 m qaz sərfiyyatı cavabdehin abonent hesabına qeydə alınmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının maksimal qaz sərfi 4 m , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4 (qaz sayğacının nominal qaz sərfi) x 12 (orta günlük iş rejimi) x 30 (hesabat müddəti) =1440 m (itirilmiş qaz sərfi) x 0,12 (1 kub metr qazın dəyəri)= 172.80 manat) İddiaçı Salyan RQİİ-si tərəfindən 354.30 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, vətəndaş 182 manatı ödədiyini və sayğacda problem olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, 182 manat ödəmişdir. 172 manat cərimə borcunun əsassız yazıldığını bildirdi. Məhkəmə, iddiaçının və cavabehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evi qazla təmin edən G-4 markalı 1002AQ**********7 nömrəli sayğac çıxarılarkən onun istismar müddətinin bitdiyi müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-9800/Q004 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********7 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yivli birləşmələri korroziyaya uğrayıb. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin yaşadığı fərdi yaşayış üzrə abonentin hesabına xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 354,30 manat borc hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə abonent hesabına 354,30 manat borc sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırılmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Cvabdehin yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc cavabdehin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 5 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, cavabdehin yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 354,30 manat borcun ondan tələb edilməsi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. İddia tələbində və abonentin saldosundan, eləcə də cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və cavabdehin iddiaçıya buna görə 182 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin ödənilməli olmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş 182 manat borcu tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənbilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadə görə yaranmış 182 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar