Məhkəmə qərarları › İş №e-2(071)-344/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-344/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-344/2025 25.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 349.94 (üç yüz qırx doqquz manat doxsan dörd qəpik) manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 15 avqust 2023-cü il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixli RRN **********97 nömrəli kredit əməliyyatının müvafiq bank tərəfindən təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin hesabında vəsait mənfi olduğu halda, cavabdeh həmin məbləğdən artıq istifadə etmişdir, nəticədə kart hesabında overdraft yaranmış, bundan sonrakı tarixlərdə ödənişlər aparıldıqdan sonra məbləğ 349.94 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq Banka 349.94 (üç yüz qırx doqquz manat doxsan dörd qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 349.94 (üç yüz qırx doqquz manat doxsan dörd qəpik) manat məbləğində əsassız varlanmışdır. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-344/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı “İddiaçı ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ”Azər-Türk Bank” ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 15 avqust 2023-cü il tarixli, ******************** saylı müqavilədən müəyyən edilir ki, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixli RRN **********97 nömrəli kredit əməliyyatının müvafiq bank tərəfindən təsdiqinə dair banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə cavabdehin hesabında vəsait mənfi olduğu halda, cavabdeh həmin məbləğdən artıq istifadə etmişdir, nəticədə kart hesabında overdraft yaranmış, bundan sonrakı tarixlərdə ödənişlər aparıldıqdan sonra məbləğ 349.94 manat təşkil etmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, ”Azər-Türk Bank” ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 15 avqust 2023-cü il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqavilə ilə müştəri “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” şərtlərini oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda başvermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İş materialları ilə sübut olunur ki, cavabdeh overdraft nəticəsində artıq ödənilmiş vəsaiti sərf edib geri qaytarmamaqla müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 349,94 (üç yüz qırx doqquz manat doxsan dörd qəpik) manat əsas overdraft borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 349,94 (üç yüz qırx doqquz manat doxsan dörd qəpik) manat əsas overdraft borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar