Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-43/2025 07.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsi üzrə 3.450 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,50 manat olmaqla, cəmi 3504,50 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Cavabdeh bağlanmış müqaviləyə əsasən 5500 (beş min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 2050 (iki min əlli) manat ödəniş etmişdir. Cavabdehin hazırda 3.450 (üç min dörd yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul edir, müqavilə üzrə 3450 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək və cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn Cavabdeh 5500 manat ödənilməsi şərtilə istifadəyə verilmişdir. Müqaviləyə əsasən, lizinq alan texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətdə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə istifadə müddəti xx.xx.2024-xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan müəyyən edilir ki, müqavilənin predmeti olan taxılyığan kombayn Cavabdeh tərəfində xx.xx.2024-cü il saz vəziyyətdə təhvil alınmış və xx.xx.2024-cü il tarixdə isə iddiaçıya təhvil verilmiş, aktlar hər iki şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 2024-cü il 10 may tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsi üzrə 2050 manat məbləğində ödəniş etmiş, hazırda 3450 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Həmin Məcəllənin 386.10-cu maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında lizinq müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, müqavilə üzə yaranmış borcunu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cavabdeh isə ərizə ilə məhkəmə müraciət edərək iddia tələbi üzrə borcunu tam şəkildə etiraf etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsi üzrə 3450 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,50 manat olmaqla, cəmi 3504,50 (üç min beş yüz dörd manat əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 09/04382 nömrəli operativ lizinq müqaviləsi üzrə 3.450 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,50 manat olmaqla, cəmi 3504,50 (üç min beş yüz dörd manat əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-43/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-43/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver