Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-13/2025 18.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 sentyabr 2020-ci tarixdə əmək müqaviləsi bağlanaraq o, cəmiyyətdə “ekspeditor” vəzifəsinə işə götürülmüş, eləcə də 04 yanvar 2021-ci il tarixdə “Tam maddi məsuliyyət barədə” müqavilə bağlanmışdır. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. MM101 saylı, 19 dekabr 2022-ci il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmiş və Cavabdeh işdən azad edilmişdir. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı Cavabdeh cəmiyyətə ümumilikdə 19731.43 (on doqquz min yeddi yüz otuz bir, qırx üç) AZN məbləğində maddi zərər vurmuşdur. Bu barədə müəssisənin audit komissiyası tərəfindən 03 saylı, 02 fevral 2022-ci il tarixli akt tərtib olunmuşdur. Lakin 03 saylı, 02 fevral 2022-ci il tarixli akt tərtib edilən zaman cəmiyyətə dəymiş maddi zərərin məbləği texniki səhvə görə 18617.94 (on səkkiz min altı yüz on yeddi, doxsan dörd) AZN məbləği kimi qeyd edilmişdir. Dəfələrlə şifahi və yazılı formada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq Cavabdeh cəmiyyətə dəymiş maddi zərəri ödəməmişdir. Bundan başqa, İddiaçı MMC tərəfindən məhkəmənin müvafiq sorğusuna əsasən ərizə ilə məhkəməyə müraciət edilərək, bildirilmişdir ki, cəmiyyətdə sifarişlər və mallar kağızqaimələr üzərindən anbardan təhvil-təslim olunmur. Bu əməliyyatlar terminal vasitəsilə həyata keçirilir. Həmin terminallar “logix” proqramı vasitəsilə işlənmişdir və həmin proqram təminatı vasitəsilə terminaldakı sifarişlər müvafiq qaydada müəssisənin anbarına ötürülmüş, anbardan həmin sifarişlər aidiyyəti qaydada götürülmüş, həmçinin geri qaytarmalar da həmin sistem üzərindən eyni qaydada yenidən anbara geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 19731.43 (on doqquz min yeddi yüz otuz bir, qırx üç) AZN məbləğində pulun, 60 (altmış) AZN məbləğində mediasiya xərcinin və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 86 (səksən altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən və xxxxxxx000500 saylı, 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 İddiaçı MMCdə “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan xxxxxxx000501 saylı, 12 yanvar 2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 İddiaçı MMC-də sürücü “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2021-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh “işəgötürən”-"xxxx" MMC-də “ekspeditor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xxxxxxx0005X0 saylı, 13 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”-İddiaçı MMC-də “ekspeditor” vəzifəsində işləyən “işçi”- Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 19 dekabr 2022-ci il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (tərəflər arasında bağlanmış müqavilə) İş materiallarında olan 175 saylı, 01 noyabr 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən ekspeditorların apardığı satış və iadə əməliyyatlarının əhatəli üzləşməsini təmin etmək məqsədilə komissiya yaradılmışdır. İş materiallarında olan 3 saylı, 22 fevral 2022-ci il tarixli İddiaçı MMC-nin “üzləşmə və hesablaşma aktı”nın surətindən dan görünür ki, “maddi məsul şəxs”-Cavabdeh tərəfindən 01 yanvar 2022-ci il tarixdən etibarən 31 avqust 2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şəbəkə marketlər və “AL” marketlər şəbəkəsi ilə həyata keçirilmiş satış, iadə fəaliyyəti zamanı “işəgötürən”-İddiaçı MMC-yə ümumilikdə 18617.94 (on səkkiz min altı yüz on yeddi, doxsan dörd) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan MŞC/MT020/2024-01921 saylı 18 yanvar 2024-cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı ümumilikdə 60 (altmış) AZN məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan ********** saylı, 12 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 86 (səksən altı) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/5265 №-li, 27 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 02 fevral 2022-ci il tarixli akt, ekspeditor Cavabdeh mağazalarda 01 yanvar 2022 - 31 avqust 2022-ci il tarixlərdə “pay” adı ilə yazılmış satışların mənimsəmə cədvəli, həmin tarixlərdə market mağazalarına satış və satışdan geri üzrə müqayisə cədvəli, həmin tarixlərdə iadə üzrə müqayisə cədvəli, həmin tarixlərdə satış və iadə üzrə müqayisə cədvəlləri 30 aprel 2022-ci il tarixli və 31 avqust 2022-ci il tarixli yararsız malların hesabatına dair qaimələr, İddiaçı MMC və "xxxx" MMC arasında olan 01 yanvar 2022 - 31 avqust 2022-ci il tarixlərə aid satış və iadə üzrə dövriyyəni əks etdirən CD-disk və sair iş materialları tədqiq edilərək, İddiaçı MMC-də Cavabdeh 19732.14 (on doqquz min yeddi yüz otuz iki, on dörd) AZN məbləğində çatışmazlığı aşkar edilmişdir. Qeyd: ekspertiza tədqiqatı zamanı İddiaçı MMC tərəfindən eskpertə təqdim edilmiş cəmiyyətin maliyyə dövriyyəsini əks etdirən “CD” diskdəki məlumatlardan istifadə edilmişdir. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmiş və tərəflər arasında 04 yanvar 2021-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı məhz Cavabdeh təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından İddiaçı MMC-yə maddi zərərin dəyib-dəyməməsi, yəni işçinin işəgötürənə ziyan vurub-vurmaması kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “fərdi əmək mübahisəsi”, yəni “işçinin işəgötürənə vurduğu ziyan”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında, yəni işəgötürənlə işçi arasında formalaşmış hüquq münasibətlərinin əsasını “əmək müqaviləsi, eləcə də işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 16-cı hissəsinə əsasən fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “ğ” bəndinə əsasən bu Məcəllə ilə... “işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi” məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. Həmin Qərarda qeyd edilmişdir ki, iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Həmin Qərarda qeyd edilmişdir ki,...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmişdir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, “01 yanvar 2022-ci il tarixdən etibarən 31 avqust 2022-ci il tarixədək (bu dövrü əhatə edən...) Cavabdeh ilə bağlı İddiaçı MMC-nin məhsulların təhvil-təslim aktının, satış fakturalarının, firma tərəfindən hər ay sonu aparılmış uçot sənədlərinin və Cavabdeh tərəfindən gündəlik götürülmüş və tərəfindən imzalanmış fakturaların” məhkəmə tərəfindən tələb edilməsinin əsas məqsədi cavabdehin mülki hüquq məsuliyyətinin əsasının və həddinin müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinə əsasən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtləndirilir. Lakin İddiaçı MMC məhkəməyə “malların anbardan kağız-qaimələr üzərindən deyil, terminal vasitəsilə təhvil-təslim olunması, yəni bu əməliyyatların terminal vasitəsilə həyata keçirilməsi və həmin terminalların “logix” proqramı vasitəsilə sistemə işlənməsi barədə...” məlumatı təqdim etməklə, sübuetmə vəzifəsini yerinə yetirmiş hesab etmişdir. Halbuki Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə və ya işçinin işəgötürənə vurduğu ziyana görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra ziyan vurmuş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. İlk əvvəl şəxsin təqsirli olması müəyyən edildiyi üçün daha sonra iş üzrə hüquqi əhəmiyyət kəsb edən ikinci mühüm hal, yəni mülki hüquq məsuliyyət həddi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Məhkəmə İddiaçı MMC-nin 3 saylı, 22 fevral 2022-ci il tarixli “üzləşməhesablaşma aktı”nın və “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, akt və ekspert rəyi mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən işçinin işəgötürənə vurduğu ziyana görə “Cavabdeh təqsirli olubolmamasını” müəyyən etmir, yalnız müvafiq olaraq texniki və xüsusi bilik tələb edən məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, “malların anbardan terminallar vasitəsilə təhvil-təslim olunması, yəni bu əməliyyatların terminal vasitəsilə həyata keçirilməsi və həmin terminalların “logix” proqramı vasitəsilə sistemə işlənməsi”, yəni elektron hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Bu kimi əməliyyatların elektron qaydada proqram vasitəsilə icra olunması təsərrüfat subyektinin özünün həyata keçirdiyi maliyyə-təsərrüfat fəaliyyətini yoxlamağa, eləcə də cəmiyyətin illik, maliyyə və vergi hesabatlarının düzgünlüyünü təmin etməyə xidmət edir. Hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhz cavabdeh- “işçi” Cavabdeh təqsiri, hüquqa zidd əməli ucbatından iddiaçı-“işəgötürən” İddiaçı MMC-yə maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, “üzləşmə- hesablaşma aktı” və “ekspert rəyi” iş üzrə hüquqi əhəmiyyət kəsb edən “işçinin işəgötürənə vurduğu ziyana görə” cavabdehin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə məhz Cavabdeh təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından cəmiyyətə maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 92.1-ci maddəsinə əsasən maddi sübutlar məhkəmədə saxlanılır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, İddiaçı MMC-dən mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Bundan başqa, mülki işdə olan 1 (bir) ədəd “yazılı sübuta dair “CD” disk” mülki işin materiallarının saxlanma müddəti ərzində məhkəmədə (işdə) saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC-dən mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Mülki işdə olan 1 (bir) ədəd “yazılı sübuta dair “CD” disk” mülki işin materiallarının saxlanma müddəti ərzində məhkəmədə (işdə) saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov