Məhkəmə qərarları › İş №e-2(072)-186/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-186/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-186/2025 07.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BY005921 saylı, 03 yanvar 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə ümumi dəyəri 369 (üç yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 13 C” markalı mobil telefon satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “XİAOMİ REDMİ 13 C” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 30 (otuz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 04 dekabr 2024-cü il tarixə 129 (yüz iyirmi doqquz) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 129 (yüz iyirmi doqquz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BY005921 saylı, 03 yanvar 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 12 (on iki) ay müddətinə ümumi dəyəri 369 (üç yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 13 C” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 03 yanvar 2024-cü il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh BY005921 saylı, 03 yanvar 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 369 (üç yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 13 C” markalı mobil telefonu təhvil almışdır. İş materillarında olan BY005921 saylı, 03 yanvar 2024-cü il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 369 (üç yüz altmış doqquz) AZN məbləği olan 1 (bir) ədəd “XİAOMİ REDMİ 13 C” markalı mobil telefonun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 30 (otuz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 2.1.4-cü bəndinə əsasən “alıcı” bu müqavilə üzrə ona verilmiş malların dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyinin azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “satıcı” bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq, borcun vaxtından əvvəl qaytarılmasını “alıcı”dan tələb edə bilər. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 04 dekabr 2024-cü il tarixə cəmiyyətə 129 (yüz iyirmi doqquz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 04 noyabr 2024-cü il və 02 dekabr 2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 22 yanvar 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 129 (yüz iyirmi doqquz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 129 (yüz iyirmi doqquz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar