Məhkəmə qərarları › İş №e-2(072)-300/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-300/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-300/2024 09.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Ləğvetmə Komissiyasının cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı “istilik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin Ləğvetmə Komissiyası cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı “istilik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı MMC-nin Ləğvetmə Komissiyası Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə aidiyyəti qaydalarına düzgün əməl etmədən “istilik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddaçı İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyekti (təbii inhisar subyekti...), cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsi isə dövlət orqanıdır. Bundan başqa, fiziki şəxslərdən fərqli olaraq dövlət orqanı kimi Cəbrayıl Rayon Təhsil Şöbəsinin istilik enerjisindən istifadə etməsi (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onun şəxsi tələbatını ödəmək məqsədi daşımır. Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğu, eləcə də bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğu üçün həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla, mübahisənin xarakteri kommersiya mübahisədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. (Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.) Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqanlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çerniçkin Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) tələblərini pozur. Həmin Məcəlləni 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, şərh olunanlara, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edirəm ki, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla İddiaçı MMC-nin Ləğvetmə Komissiyasının cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı “istilik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, o cümlədən, iddiaçı tərəfə qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Ləğvetmə Komissiyasının cavabdeh Cəbrayıl Rayon Təhsil Şöbəsinə qarşı “istilik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfə qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar