Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-416/2025 03.07.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Kart Mərkəzi” (virtual) filialı ilə Cavabdeh arasında bağlanmış CP0011489 saylı, 27 mart 2024-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə “Tam kart” olan plastik kart elektron təsdiq vasitəsilə verilmişdir. Bundan başqa, Cavabdeh iddiaçı "xxxx" ASC-yə məxsus plastik kart istifadəçisidir. O, özünə məxsus kart hesabından sistemdə baş vermiş xətadan sui-istifadə edərək 215 (iki yüz on beş) AZN məbləğində pul vəsaitinin məxaric edilməsinə nail olmuşdur. Cavabdeh həmin kart hesabından (********************) 16 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixədək hesabında vəsait olmamasına baxmayaraq, müəyyən məbləğlərdə vəsait məxaric edərək, ümumilikdə 215 (iki yüz on beş) AZN məbləğində pul vəsaitindən istifadə etmişdir. Cavabdeh hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün müxtəlif tarixlərdə borcdan 40.29 (qırx, iyirmi doqquz) AZN məbləğində pul ödəniş etmişdir. Beləliklə, Cavabdeh banka ümumilikdə 180.36 (yüz səksən, otuz altı) AZN məbləğində maddi zərər vurmuşdur. Xərclədiyi pul vəsatini tam geri qaytarmayan Cavabdeh pulun geri qaytarılması barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, banka məxsus olan pul vəsaitinin tam qaytarılmasını təmin etməmişdir. Hal-hazırda Cavabdeh banka 174.71 (yüz yetmiş dörd, yetmiş bir) AZN məbləğində pul, borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla 5.65 (beş, altmış beş) AZN məbləğində faiz borcu və ümumilikdə 180.36 (yüz səksən, otuz altı) AZN məbləğində pul borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 174.71 (yüz yetmiş dörd, yetmiş bir) AZN məbləğində pulun, borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla 5.65 (beş, altmış beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 180.36 (yüz səksən, otuz altı) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin “Kart Mərkəzi” (virtual) filialı ilə Cavabdeh arasında bağlanmış CP0011489 saylı, 27 mart 2024-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə “Tam kart” olan plastik kart elektron təsdiq vasitəsilə verilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli “əsassız varlanmanı əks etdirən” arayışın surətindən görünür ki, Cavabdeh istifadəsində olduğu ******************** nömrəli hesabından 16 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixədək aparılmış əməliyyatı nəticəsində 09 aprel 2025-ci il tarixə iddiaçı "xxxx" ASC-yə həmin hesab üzrə 174.71 (yüz yetmiş dörd, yetmiş bir) AZN məbləğində, 5 % hesablanmaqla 5.65 (beş, altmış beş) AZN faiz məbləğində və ümumilikdə 180.36 (yüz səksən, otuz altı) AZN məbləğində overdraft borcu yaranmışdır. İş materiallarında olan 6-2-22/2-15827/2025 saylı, 01 may 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan pul borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 13 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə “məhrum olan” "xxxx" ASC-nin hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul məbləğinin geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə irəli sürülmüş iddia tələbinin “həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 5 % hesablanmaqla faiz məbləğinin ödənilməsi” hissəsində hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin ödənilməsinin (AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən...) və (və ya) bank uçot dərəcəsi üzrə hesablanacaq faizin ödənilməsinin (AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən...) hüquqi əsasını məhz qanunvericiliklə nəzərdə tutulmuş müqavilə öhdəliklərinin, daha doğrusu pul öhdəliyinin icra edilməməsi nəticəsində faizin pul öhdəliyinin icrasının gecikdirildiyinə və (və ya) maliyyə sanksiyası formasında “borclu”dan tutularaq, “kreditor”un xeyrinə ödənilməsi təşkil edir. Lakin iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlərin hüquqi əsası onu deməyə əsas verir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasını qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər deyil, əsassız varlanma təşkil edir. Bu səbəbdən də, iddia tələbinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5 % hesablanmaqla 5.65 (beş, altmış beş) AZN məbləğində faizin ödənilməsi” hissəsi rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı "xxxx" ASC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5 % hesablanmaqla 5.65 (beş, altmış beş) AZN məbləğində faizin ödənilməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, iddiaçı "xxxx" ASC Cavabdeh bankın hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh bankın hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlanmasına dair məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı "xxxx" ASC-nin əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan (qanuni və ya müqavilə əsası olmadan...) iddiaçı "xxxx" ASC-nin hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli Cavabdeh 174.71 (yüz yetmiş dörd, yetmiş bir) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 174.71 (yüz yetmiş dörd, yetmiş bir) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov