Məhkəmə qərarları › İş №e-2(072)-48/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-48/2025

24.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-48/2025 24.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 avqust 2020-ci tarixdə əmək müqaviləsi bağlanaraq o, cəmiyyətdə “ekspeditor” vəzifəsinə işə götürülmüş, eləcə də 04 yanvar 2021-ci il tarixdə “Tam maddi məsuliyyət barədə” müqavilə bağlanmışdır. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. MM1001 saylı, 27 dekabr 2022-ci il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmiş və Cavabdeh işdən azad edilmişdir. Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı Cavabdeh cəmiyyətə ümumilikdə 3578.24 (üç min beş yüz yetmiş səkkiz, iyirmi dörd) AZN məbləğində maddi zərər vurmuşdur. Bu barədə müəssisənin audit komissiyası tərəfindən 04 saylı, 27 mart 2023-cü il tarixli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi və yazılı formada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq Cavabdeh cəmiyyətə dəymiş maddi zərəri ödəməmişdir. Bundan başqa, İddiaçı MMC tərəfindən Cavabdeh “iddia tələbinə qarşı etiraz ərizəsinə” etiraz ərizə ilə məhkəməyə müraciət edilərək, bildirilmişdir ki, Cavabdeh cəmiyyətə maddi zərər vurması faktı 04 saylı, 27 mart 2023-cü il tarixli akt ilə müəyyən edilmişdir. Dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlı cəmiyyət tərəfindən 15 dekabr 2023-cü il tarixdə “mediasiyanın tətbiqi barədə” Cavabdeh təklif göndərilmiş, 30 dekabr 2023-cü il tarixdə mediasiya üçün müraciət olunmuş və nəticədə 18 yanvar 2024cü il tarixli MŞC/MT020/2024-01920 saylı “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Qanunvericilikdən göründüyü kimi, mediasiya prosesinin 15 dekabr 2023-cü il tarixdə başlaması müddəti müvəqqəti olaraq dayandırmış və mediasiya prosesi yekunlaşdıqdan sonra müddət qaldığı yerdən davam etmişdir. Bununla yanaşı, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilməmiş əmək və istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə iclası zamanı 01 may 2024-cü il tarixdə cavabdeh İddiaçı MMC iddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3622/2024 saylı, 01 may 2024-cü il tarixli qərardadı ilə “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfə geri qaytarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3622/2024 saylı, 01 may 2024-cü il tarixli qərardadı elektron kabinetə 14 may 2024-cü ildə yüklənmiş və İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən 14 may 2024-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia ərizəsi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ərazi aidiyyəti qaydalarına düzgün əməl edilmədən verildiyi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5067/2024 saylı, 14 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfə geri qaytarılmışdır. Daha sonra İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, ziyan vurulması aşkar edildikdən sonrakı 1 (bir) il müddət 27 mart 2024cü ildə bitsə də, mediasiya prosesinin 1 (bir) ay, 4 (dörd) gün çəkməsi müddət axımını dayandırmış və faktiki məhkəməyə müraciət etmə müddəti 01 may 2024-cü il tarix olmuşdur. Belə ki, iddiaçı Master Milk” MMC tərəfindən iddia müddəti ötürülmədən 01 may 2024-cü il tarixində məhkəməyə müraciət olunmuşdur. Bundan başqa, İddiaçı MMC tərəfindən Cavabdeh “sübutun əldə olunması barədə vəsatətinə” etiraz ərizə ilə məhkəməyə müraciət edilərək, bildirilmişdir ki, mallar kağız-qaimələr üzərindən anbardan təhvil-təslim olunmur. Bu əməliyyatlar terminal vasitəsilə həyata keçirilir. Həmin terminallar “logix” proqramı vasitəsilə işlənmişdir və həmin proqram təminatı vasitəsilə terminaldakı sifarişlər müvafiq qaydada müəssisənin anbarına ötürülmüş, anbardan həmin sifarişlər aidiyyəti qaydada götürülmüş, həmçinin geri qaytarmalar da həmin sistem üzərindən eyni qaydada yenidən anbara geri qaytarılmışdır. Bu proses və əməliyyatlar sistem üzərindən keçirildiyi üçün anbardar X1 qarşılıqlı üzləşmə və hesablaşma prosesində iştirak etmək zərurəti olmamışdır. Buna görə də 04 saylı, 27 mart 2023-cü il tarixli aktı qəbul edən Komissiya-rəhbərlik müəyyən etmişdir ki, anbardar X1 qarşılıqlı üzləşmə və hesablaşma prosesində iştirakına ehtiyac yoxdur. Çünki həmin baza birbaşa mühasiblər üçün əlçatandır və hər şey açıqlığı ilə görünür. Eləcə də, “AL marketlər” şəbəkəsi ilə müvafiq tarixləri əks etdirən əməliyyatlar üzrə hesablaşmalara dair cədvəllər “AL market” tərəfindən rəsmi qaydada İddiaçı MMC-yə təqdim olunmuşdur. Həmin sənəddəki malların hərəkətinə dair sistem üzərindən müəssisə tərəfindən müvafiq təhlillər aparılmış və bunun nəticəsində də akt tərtib olunmuşdur. Müvafiq sənədlər İddiaçı MMC tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 3578.24 (üç min beş yüz yetmiş səkkiz, iyirmi dörd) AZN məbləğində pulun və 60 (altmış) AZN məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. 25 dekabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkil) “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı MMC ilə aralarında 20 avqust 2020-ci tarixdə əmək müqaviləsi əmək müqaviləsi bağlanaraq o, cəmiyyətdə “ekspeditor” vəzifəsinə işə götürülmüş, eləcə də 04 yanvar 2021-ci il tarixdə “Tam maddi məsuliyyət barədə” müqavilə bağlanmışdır. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. MM1001 saylı, 27 dekabr 2022-ci il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmiş və Cavabdeh işdən azad edilmişdir. İddia tələbi barədə bildirir ki, İddiaçı MMC-nin iddia tələbində və eləcə də, “iddia tələbinə qarşı etiraz ərizəsinə” və “sübutun əldə olunması barədə vəsatətinə” etiraz ərizəsində qeyd etdiyi hallar heç də həqiqətə uyğun deyildir. Belə ki, gündəlik məhsullar imzalanmış kağız-qaimələr əsasında anbardan təhvil-təslim olunur, satış fakturası tərtib olunur, firma tərəfindən hər ayın sonu hesabat (uçot) aparılır və “Logix” proqramı vasitəsilə mühasibatlıq sisteminə işlənilir. Əgər hər ayın sonu hesabat (uçot) zamanı hər hansı uyğunsuzluq və ya çatışmazlıq aşkar olunarsa, bu barədə ekspeditora və məsul şəxsə (müəssisənin rəhbərliyinə) məlumat verilir, ondan izahat alınır, müvafiq araşdırma aparılır və işçi maddi məsuliyyətə cəlb edilir. Onu da qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Prokururluğunda cinayət işinin ibtidai istintaqı zamanı İddiaçı MMC-nin qanuni nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, “...anbardan çıxarılmış malların fakturaları (kağız-qaimə) mühasibatlıq proqramları olan “Günəş” və “Logix” proqramlarına işlənilir...”. Bu o deməkdir ki, İddiaçı MMC-nin “sübutun əldə olunması barədə vəsatətinə” etiraz ərizəsində qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Hesab edir ki, İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı MMC ona qarşı şər-böhtan atmaqla, ondan əsassız və qərəzli olaraq pul tələb etmək fikrindədir. Bundan başqa, bildirir ki, İddiaçı MMC-nin ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən bitmişdir. Bu səbəbdən də, iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim edərək hesab edir ki, Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinə əsasən İddiaçı MMC tərəfindən iddia müddəti bitdikdən sonra ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia irəli sürüldüyü üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı ASC ona maddi ziyanın vurulması aşkar etdiyi gündən 1 (bir) il müddət ərzində deyil, bu müddət başa çatdıqdan sonra ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, İddiaçı MMC-nin ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın iddia müddəti ötürüldüyü üçün rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli müddətsiz əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “ekspeditor” vəzifəsinə işə təyin (qəbul) edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2021-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, “işçi”-Cavabdeh “işəgötürən”-"xxxx" MMC-də “ekspeditor” vəzifəsində işlədiyi müddət ərzində “maddi məsul şəxs” kimi ona “işəgötürən”-İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xxxxxxx0002X0 saylı, 16 yanvar 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “işəgötürən”-"xxxx" MMC-də “ekspeditor” vəzifəsində işləyən “işçi”- Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 27 dekabr 2022-ci il tarixdən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (tərəflər arasında bağlanmış müqavilə) İş materiallarında olan 175 saylı, 01 noyabr 2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı MMC tərəfindən ekspeditorların apardığı satış və iadə əməliyyatlarının əhatəli üzləşməsini təmin etmək məqsədilə komissiya yaradılmışdır. İş materiallarında olan 4 saylı, 27 mart 2023-cü il tarixli İddiaçı MMC-nin “üzləşmə və hesablaşma aktı”ndan görünür ki, “maddi məsul şəxs”-Cavabdeh tərəfindən 01 yanvar 2022-ci il tarixdən etibarən 31 avqust 2022-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şəbəkə marketlər və “AL” marketlər şəbəkəsi ilə həyata keçirilmiş satış, iadə fəaliyyəti zamanı “işəgötürən”-İddiaçı MMC-yə ümumilikdə 3578.24 (üç min beş yüz yetmiş səkkiz, iyirmi dörd) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan MŞC/MT020/2024-01920 saylı 18 yanvar 2024-cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mübahisənin məhkəmədən kənar həlli üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, arayışda mediasiyanın tətbiqi barədə təklifin tarixi: 15 dekabr 2023-cü il, mediasiya üçün müraciət tarixi: 30 dekabr 2023-cü il, mediasiya sessiyasının keçirildiyi tarix, vaxt və yer: 10 yanvar 2024-cü il, saat 11:00-11:30 kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, 01 may 2024-cü il tarixdə cavabdeh İddiaçı MMC iddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3622/2024 saylı, 01 may 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh tərəfə geri qaytarılmışdır. İş materiallarından görünür ki, 14 may 2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5067/2024 saylı, 14 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfə geri qaytarılmışdır. İş materiallarından görünür ki, 03 iyun 2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-432/2024 saylı, 09 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. İş materiallarından görünür ki, 21 avqust 2024-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-648/2024 saylı, 22 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş 07 oktyabr 2024-cü il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 07 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. İş materiallarında olan MŞC/MT020/2024-01920 saylı 18 yanvar 2024-cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın və 29796371 saylı, 11 yanvar 2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı ümumilikdə 60 (altmış) AZN məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “fərdi əmək mübahisəsi”, yəni “işçinin işəgötürənə vurduğu ziyan”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında, yəni işəgötürənlə işçi arasında formalaşmış hüquq münasibətlərinin əsasını “əmək müqaviləsi, eləcə də işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı MMC mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə “Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən “zamanla məhdudlaşdırılmasından” ibarətdir. Belə ki, aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna “istənilən zaman daxilində” deyil, “məhdud zaman daxilində”, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud iddia tələbini irəli sürə bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqasözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Belə ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən də, iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da, cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Yəni iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Qanunverici iddia müddətini cavabdeh tərəfə iddia müddətinin tətbiq edilməsi üçün ərizə verə bilməsini prosessual hüquq kimitanımışdır. Yəni iddiaçı qanunla müəyyən edilmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət etmədikdə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ yaranır. Bundan başqa, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malikolub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyildir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bununla yanaşı, Cavabdeh tərəfindən əmək və (və ya) tam maddi məsuliyyət barədə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyi üçün İddiaçı MMC-nin ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair subyektiv hüququ pozulmuşdur. Lakin İddiaçı MMC maddi ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddəti bitdikdən sonra Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbini irəli sürmüşdür. Bu səbəbdən də, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti ötürüldüyü üçün iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 16-cı hissəsinə əsasən fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “ğ” bəndinə əsasən bu Məcəllə ilə... “işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi” məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Həmin Qərarda qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda qeyd edilmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur... Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər... Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə “İddiaçı MMC-nin Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz ərizəsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar konkret göstərilmişdir. Bu halların geniş təfsir edilməsi və digər halların da iddia müddətinin axımının dayandırılmasına əsas olan hal kimi tətbiq edilməsi ədalət mühakiməsinin səmərəliliyinə təsir edən amildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1-ci maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsində “iddia müddətinin axımının dayandırılmasının “şərtləri və əsasları”nın dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməzdir. Yəni etiraz ərizəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “iddia ərizəsinin qaytarılması”, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina” və (və ya) “ərizənin baxılmamış saxlanması” halları iddia müddətinin axımının dayandırılmasına əsas deyildir. Hətta Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İş materiallarından göründüyü kimi, İddiaçı MMC ona ziyanın vurulmasını 27 mart 2023-cü il tarixdə aşkar etmiş, 15 dekabr 2023-cü il tarixdən (mediasiyanın tətbiqi barədə təklifin tarix...) 18 yanvar 2024-cü il tarixədək (mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın tərtib tarixi...) yəni 34 gün (1 ay 4 gün) müddətində tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edilmiş və bu müddət nəzərə alınmaqla, Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinə əsasən iddia müddətinin axımı dayandırılmış və daha sonra iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı 30 aprel 2024-cü il tarix daxil olmaqla, bu tarixədək ümumi qaydada davam etmişdir. Lakin İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ilk dəfə 01 may 2024-cü il tarixdə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Hətta sonradan bir neçə dəfə məhkəmə tərəfindən İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair ilkin və ya qarşılıqlı iddia ərizələri geri qaytarılması, ərizənin baxılmamış saxlanması halları iddia müddətinin axımının dayandırılmasına əsas vermir, tam əksinə iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsinə əsas verir. Hazırki mülki iş üzrə İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 07 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 369.1-cü maddəsinə əsasən İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır... Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. Həmin Məcəllənin 369.6-cı maddəsinə əsasən günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Həmin Məcəllənin 369.9-cu maddəsinə əsasən əgər vaxt aylarla və ya illərlə, özü də elə tərzdə müəyyənləşdirilsə ki, onların birgə qurtarmasına zərurət yoxdur, onda ay otuz günlə, il isə üç yüz altmış beş günlə hesablanır. Həmin Məcəllənin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Həmin Məcəllənin 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda, mediasiya prosesinə xitam verilir. Həmin Məcəllənin https://e-qanun.az/framework/4694421.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli və “Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında qeyd edilmişdir ki, bu məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı MMC “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu, eləcə də onun subyektiv hüququ pozulduğu; 2. İddiaçı MMC maddi ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddəti bitdikdən sonra Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbini irəli sürdüyü; 3. Cavabdeh məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim etdiyi üçün iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar