Məhkəmə qərarları › İş №e-2(072)-564/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-564/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-564/2025 07.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə Milli Televiziya və Radio Şurasından TR 057 №-li, 07 may 2005-ci il tarixli və TR 066 №-li, 07 may 2012-ci il tarixli lisenziyalar almışdır. Bu məqsəd ilə "xxxx" MMC Sumqayıt şəhərində kabel şəbəkəsi qurub və vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) AZN məbləği, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) AZN məbləği təşkil edir. Son zamanlar Sumqayıt şəhərində bir neçə vətəndaş "xxxx" MMC ilə müqavilə bağlamadan “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə iddiaçı "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında 01 dekabr 2019-cu il tarixdə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 aprel 2020ci il tarixli, 5650 saylı abunə müqaviləsi bağlanmışdır. Abunə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC Cavabdeh yaşadığı mənzilə internet və tv xidmətinin göstərilməsini, Cavabdeh isə həmin xidmətin dəyərini iddiaçı "xxxx" MMC-yə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, abunə müqaviləsinə əsasən “abunəçi” “operator”un təqdim etdiyi xidmətləri heç bir halda 3-cü şəxslərə verməməyi, 3-cü şəxslərin şəbəkəyə müdaxilə etməsinin və ya daxil olmasının qarşısını almağı, evin daxilində televiziya sayını qanunsuz olaraq çoxaltmamağı öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, abunə müqaviləsinə əsasən “abunəçi” müqaviənin müvafiq şərtlərini pozduğu halda “operator”a 200 (iki yüz) AZN məbləğində cərimə ödəməyi öz üzərinə öhədlik götürmüşdür. İddiaçı "xxxx" MMC və "xxxx" hüquq firmasının əməkdaşları tərəfindən Cavabdeh yaşadığı binaya baxış keçirilən zaman onun məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Sumqayıt şəhəri, məhəllə 18, Heydər Əliyev prospekti, yataqxana 34, 108 saylı mənzildən digər mənzilə internet kabel xəttinin ötürülməsi halı aşkar edilmiş və bu barədə 1903 N saylı, 01 iyun 2023-cü il tarixli akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış abunə müqaviləsinə xitam verilərək, mənzil kabel şəbəkəsindən ayrılmışdır. Daha sonra, yəni 27 sentyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" MMC və "xxxx" hüquq firmasının əməkdaşları tərəfindən Cavabdeh yaşadığı binaya təkrar baxış keçirilən zaman onun məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Sumqayıt şəhəri, məhəllə 18, Heydər Əliyev prospekti, yataqxana 34, 108 saylı mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 1923 N saylı akt tərtib edilərək, mənzil kabel şəbəkəsindən ayrılmışdır. 1903 N saylı, 01 iyun 2023-cü tarixli akt tərtib edilən tarixdən etibarən 1923 N saylı, 27 sentyabr 2023-cü il tarixli akt tərtib edilən tarixədək olan müddət 118 (yüz on səkkiz) gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün abunə haqqının 33 (otuz üç) qəpik olmasını nəzərə alaraq, müqavilə bağlanmadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçı "xxxx" MMC-yə abunə haqqı qismində dəymiş maddi zərərin həcmi 38.94 (otuz səkkiz, doxsan dörd) AZN məbləği təşkil edir. Bundan başqa, iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" hüquq firmasına hüquqi xidmətlərin göstərilməsinə görə ödənilən məbləğ 50 (əlli) AZN məbləğində təşkil etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh tərəflər arasında bağlanmış abunə müqaviləsinin şərtləri pozulduğuna görə 200 (iki yüz) AZN məbləğində cərimə pulunun, kabel şəbəkəsinə abunə müqaviləsi bağlamadan qanunsuz qoşulma nəticəsində 38.94 (otuz səkkiz, doxsan dörd) AZN məbləğində dəymiş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) AZN məbləğində hüquqi yardım haqqının, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin 2440 saylı, 28 iyul 2023-cü il tarixli və 542 saylı, 22 fevral 2024-cü il tarixli arayışlarının surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 18, Heydər Əliyev prospekti, yataqxana 34, 108 saylı mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 5650 N saylı, 06 aprel 2020-ci il tarixli abunə müqaviləsinin surətindən görünür ki, “operator” "xxxx" MMC “abunəçi” Cavabdeh yaşadığı mənzilə internet və tv xidmətinin göstərilməsini, “abunəçi” Cavabdeh xidmətin dəyərini “operator” "xxxx" MMC-yə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 5650 N saylı, 06 aprel 2020-ci il tarixli abunə müqaviləsinin surətindən görünür ki, müqavilənin 9.5-ci bəndinə əsasən “abunəçi” bu müqaviənin 3.3.1.8-3.3.1.24-cü və 3.3.2.7-3.3.2.11-ci bəndələrinin müddəalarının pozduğu halda “operator”a 200 (iki yüz) AZN məbləğində cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 1903 N saylı, 01 iyun 2023-cü il tarixli və 1923 N saylı, 27 sentyabr 2023-cü il tarixli aktların surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 18, Heydər Əliyev prospekti, yataqxana 34, 108 saylı mənzildə yaşayan sakin tərəfindən digər mənzilə internet kabel xəttinin ötürülməsi və “SNTV” kabel şəbəkəsinə abunə müqaviləsi bağlamadan qanunsuz olaraq qoşulması faktı aşkar edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 01 dekabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC iddiaçı "xxxx" MMC-yə hüquqi xidmətlər göstərir. İş materiallarında olan 0329 saylı, 14 aprel 2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hüquqi yardım haqqı olaraq 50 (əlli) AZN məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan ********** saylı, 15 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh araasında 5650 N saylı, 06 aprel 2020-ci il tarixli abunə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “operator” "xxxx" MMC “abunəçi” Cavabdeh yaşadığı mənzilə internet və tv xidmətinin göstərilməsini, “abunəçi” Cavabdeh xidmətin dəyərini “operator” "xxxx" MMC-yə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hal mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 5650 N saylı, 06 aprel 2020-ci il tarixli abunə müqaviləsinin şərtlərinin “abunəçi” Cavabdeh tərəfindən pozulub-pozulmaması və 2. Cavabdeh tərəfindən rabitə xidməti qaydalarının pozulmasına görə təqsirli bilinibbilinməməsi, eləcə də məhz onun təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından iddiaçı "xxxx" MMC-yə maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 96-VQ saylı, 29 dekabr 2015-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 795 saylı, 15 fevral 2016-cı il tarixli Fərmanının 5.35-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 359 – 362-2, 363.1, 364 – 367, 380, 459.3 və 459.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-ci maddəsinə əsasən rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə-səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmişdir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. İlk əvvəl şəxsin təqsirli olması (rabitə xidməti qaydalarının pozulması/kabel şəbəkəsinə qanunsuz qoşulması...) müəyyən edilməli, daha sonra iş üzrə hüquqi əhəmiyyət kəsb edən ikinci mühüm hal, yəni mülki hüquq məsuliyyət həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə “1903 N saylı, 01 iyun 2023-cü il tarixli və 1923 N saylı, 27 sentyabr 2023-cü il tarixli aktlar”ın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı "xxxx" MMC-nin sübut olaraq məhkəməyə təqdim etdiyi həmin aktlar yalnız iddiaçıya hüquqi xidmət göstərən "xxxx" hüquq firmasının əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmışdır. Həmin aktlar iddiaçı "xxxx" MMC-nin təqdim edəcəyi digər sübutlarla (ən azından videoçəkiliş və (və ya) şəxsin rabitə xidməti qaydalarının pozulmasına görə inzibati məsuliyyəti barədə “İnzibati xəta haqqında” qərar və s.) birlikdə öz təsdiqini tapacağı halda məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilər. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl şəxsin təqsirli olması (rabitə xidməti qaydalarının pozulması/kabel şəbəkəsinə qanunsuz qoşulması...) müəyyən edilir, daha sonra mülki hüquq məsuliyyət həddi araşdırılır və maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtləndirilir. İddiaçı "xxxx" MMC həmin aktlardan başqa məhkəməyə digər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC məhkəməyə həmin aktları təqdim etməklə, sübuetmə vəzifəsini yerinə yetirmiş hesab etmişdir. Halbuki Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə “məhz Cavabdeh abunə müqaviləsinin şərtlərini pozmasını, eləcə də onun təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından cəmiyyətə maddi zərərin dəyməsini” əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar