Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-585/2025 24.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1540/2023 (T2023-2024) saylı, 30 may 2023-cü il tarixli “Təhsilin təşkili müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh övladı X2 tədris ili üçün ümumtəhsil xidmətləri göstərməli, Cavabdeh isə müqavilənin 3.1-ci bəndinə əsasən tədris ili üçün 5800 (beş min səkkiz yüz) AZN məbləğində xidmət haqqı ödəməli, müqavilənin 3.2-ci bəndinə əsasən 31 may 2023-cü il tarixədək İddiaçı MMC-nin təqdim etdiyi hesaba 1500 (min beş yüz) AZN məbləğində depozit köçürməli, eləcə də “təhsilalan”ın İddiaçı MMC-də 2023-2024-cü tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 1500 (min beş yüz) AZN məbləğində depozit məbləği ona geri qaytarılmır. Təhsil haqqının ödənilməli olan 1500 (min beş yüz) AZN məbləğində depozit məbləği nəzərə alınmaqla qalan 4300 (dörd min üç yüz) AZN məbləği 2023-2024-cü tədris ilinin mart ayına qədər, 7 (yeddi) ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçı MMC-nin təqdim etdiyi hesaba köçürməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə 0.2% həcmində dəbbə pulu ödəməlidir. Lakin Cavabdeh müqavilənin (təhsil haqqını tam va vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı MMC tərəfdən Cavabdeh xidmət haqqının ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, lakin o, lisey qarşısında olan öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, Cavabdeh övladı X1 2023-2024-cü təhsil ili üçün müqavilə üzrə nəzərda tutulmuş 5800 (beş min səkkiz yüz) AZN məbləğində təhsil haqqının 3115 (üç min yüz on beş) AZN məbləğində hissəsini İddiaçı MMC-yə ödəmiş, lakin 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində borcu qalmışdır. Eyni zamanda qeyd edilir ki, 1540/2023 (T2023-2024) saylı, 30 may 2023-cü il tarixli “Təhsilin təşkili müqaviləsi” üzrə iddiaçı (təhsilverən) İddiaçı MMC üzərinə düşən bütün öhdəlikləri tam və vaxtında icra etmiş və 2023-2024-cü təhsil ili üçün cavabdeh (valideyn) Cavabdeh övladı X2 Liseydə tam olaraq təhsil vermişdir. Lakin cavabdeh (valideyn) Cavabdeh iddiaçı (təhsilverən) İddiaçı MMC qarşısında 1540/2023 (T2023-2024) saylı, 30 may 2023-cü il tarixli “Təhsilin təşkili müqaviləsi” ilə müəyyənləşdirimiş öhdəliklərini tam icra etməmiş və onun İddiaçı MMC-yə 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində təhsil haqqı borcu və 483.30 (dörd yüz səksən üç, otuz) AZN məbləğində dəbbə pulu borcu qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində təhsil haqqı borcunun, 483.30 (dörd yüz səksən üç, otuz) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 3168.30 (üç min yüz altmış səkkiz, otuz) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 52 (əlli iki) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 1540/2023 (T2023-2024) saylı, 30 may 2023-cü il tarixli “Təhsilin təşkili müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh övladı X2 tədris ili üçün ümumtəhsil xidmətləri göstərməli, Cavabdeh isə müqavilənin 3.1-ci bəndinə əsasən tədris ili üçün 5800 (beş min səkkiz yüz) AZN məbləğində xidmət haqqı ödəməli, müqavilənin 3.2-ci bəndinə əsasən 31 may 2023-cü il tarixədək İddiaçı MMC-nin təqdim etdiyi hesaba 1500 (min beş yüz) AZN məbləğində depozit köçürməli, “təhsilalan”ın İddiaçı MMC-də 2023-2024-cü tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 1500 (min beş yüz) AZN məbləğində depozit məbləği ona geri qaytarılmır. Təhsil haqqının ödənilməli olan 1500 (min beş yüz) AZN məbləğində depozit məbləği nəzərə alınmaqla qalan 4300 (dörd min üç yüz) AZN məbləği 2023-2024-cü tədris ilinin mart ayına qədər, 7 (yeddi) ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə İddiaçı MMC-nin təqdim etdiyi hesaba köçürməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 1540/2023 (T2023-2024) saylı, 30 may 2023-cü il tarixli “Təhsilin təşkili müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, “Valideyn” ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə 0.2% həcmində dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 100/25-284 saylı, 17 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 17 dekabr 2025-ci il tarixə İddiaçı MMC-yə övladı X1 2023-2024 tədris ili üzrə təhsil xidmətinə görə 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində əsas təhsil haqqı borcu və 483.30 (dörd yüz səksən üç, otuz) AZN məbləğində dəbbə pulu borcu mövcuddur. İş materiallarında olan **********14 saylı, 09 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 52 (əlli iki) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq/əvəzli xidmətlərin göstərilməsi” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəliyin icrası məqsədi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı (təhsilverən) İddiaçı MMC şagird (təhsilalan)-X2 Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun, yəni ümumi orta təhsilin məqsədinə çatmaq üçün ümumi təhsilin məzmununa dair ümumi tələblər, öyrədici, tərbiyəedici və inkişafetdirici xarakterli təhsil prosesi, dövlət təhsil standartlarına uyğun təhsil proqramı çərçivəsində keyfiyyətli təhsil xidmətləri göstərməklə, eləcə də ümumi təhsil sahəsində “təhsilalan-təhsilverən-valideyn” qarşılıqlı münasibətləri nəzərə alınmaqla cavabdeh (valideyn) Cavabdeh qarşısında “Təhsilin təşkili müqaviləsi” və liseyin nizamnaməsi ilə müəyyənləşdirimiş öhdəliklərini vicdanla yerinə yetirmişdir. Bundan başqa, şagird (təhsilalan) X3 liseydə təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasının təhsil qanunvericiliyi ilə təsbit edilmiş və onlara məxsus hüquqları (təhsilverən) İddiaçı MMC tərəfindən məhdudlaşdırılmamış və ya bu hüquqlardan məhrum edilməmişlər. Lakin cavabdeh (valideyn) Cavabdeh iddiaçı (təhsilverən) İddiaçı MMC qarşısında “Təhsilin təşkili müqaviləsi” ilə müəyyənləşdirimiş öhdəliklərini tam icra etməmişdir. Beləliklə, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin “əvəzli xidmətlərin göstərilməsi” (tapşırıq) müqaviləsinin olmasına dəlalət edir. Belə ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə “icraçı” “sifarişçi”nin tapşırığı əsasında müəyyən hərəkətlər etməsini və ya müəyyən fəaliyyət göstərməsini, “sifarişçi” isə bu xidmətlərin haqqını ödəməsini öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “483.30 (dörd yüz səksən üç, otuz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Təhsilin təşkili müqaviləsi”nə əsasən İddiaçı MMC-yə olan təhsil haqqının bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “483.30 (dörd yüz səksən üç, otuz) AZN məbləğində cərimə borcu 135 (yüz otuz beş) AZN məbləğinə qədər” azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.33-cü maddəsinə əsasən lisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir. Həmin Qanunun 1.0.42-ci maddəsinə əsasən tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir. Həmin Qanunun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 1.0.45-ci maddəsinə əsasən təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Həmin Qanunun 1.0.46-cı maddəsinə əsasən təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələridir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin Qanunun 14.15-ci maddəsinə əsasən təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 14.17-ci maddəsinə əsasən təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. Həmin Qanunun 31.0-cı maddəsinə əsasən təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloqpedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri; 31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər; 31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr; 31.0.4. təsisçilər, həmçinin təhsili idarəetmə orqanları və bələdiyyələr; 31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən ümumi təhsil pilləsinin səviyyələri ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən ümumi təhsilin dövlət standartı ümumi təhsilin məzmununa, idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə, təhsilalanların bilik, bacarıq və vərdişlərinə verilən minimum tələb və normaları əhatə edən ümumi normalar məcmusudur. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ümumi təhsil proqramı (kurikulum) fənlər üzrə kurikulumları, dərsdənkənar məşğələləri (fakültativ kursları), məktəbdənkənar təhsil proqramlarını, tədris planlarını özündə əks etdirən dövlət sənədidir. Həmin Qanunun 1.0.37-ci maddəsinə əsasən tam orta təhsil - ümumi təhsilin ayrıayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsidir. Həmin Qanunun 1.0.38-ci maddəsinə əsasən tədris proqramı - hər bir fənnin kurikulumunda təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasına xidmət edən tədris vahidlərinin ümumi məcmusudur. Həmin Qanunun 1.0.39-cu maddəsinə əsasən təhsil xidmətləri - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, o cümlədən ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdiyi xidmətlərdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən ümumi təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən və ümumi təhsilin təşkilatihüquqi bazasını yaratmaqdan ibarətdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. Həmin Qanunun 21.0-cı maddəsinə əsasən ümumi təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 21.0.1. təsisçilər; 21.0.2. təhsilalanlar (uşaqlar, şagirdlər); 21.0.3. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər; 21.0.4. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər; 21.0.5. valideynlər və ya digər qanuni nümayəndələr; 21.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr; 21.0.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlə təhsilverən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqları aşağıdakılardır: 24.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 24.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 24.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; 24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 24.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri aşağıdakılardır: 24.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; 24.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; 24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq; 24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tapşırıq/əvəzli xidmətlərin göstərilməsi müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh oğlu tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, bununla yanaşı cavabdeh tərəf məhkəməyə iddia tələbinə qarşı etiraz və mülahizələrini təqdim etmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində təhsil haqqı borcu, 135 (yüz otuz beş) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 2820 (iki min səkkiz yüz iyirmi) AZN məbləğində pul və 45.99 (qırx beş, doxsan doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 2685 (iki min altı yüz səksən beş) AZN məbləğində təhsil haqqı borcu, 135 (yüz otuz beş) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 2820 (iki min səkkiz yüz iyirmi) AZN məbləğində pul və 45.99 (qırx beş, doxsan doqquz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Tərlan Nüsrətov