Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3090/2023 30.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 2960 (iki min doqquz yüz altmış) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Qara Qarayev filialından xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4550,83 manat kredit götürmüş, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi İddiaçı ilə xx.xx.2019-cu il tarixli, Z- 114RGTK0247429AA saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qısa müddət kredit ödənişlərini ödəsə də sonradan bank qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınmış və lazımınca icra etməmişdir. Belə olan halda 15 oktyabr 2019-cu il tarixdən başlayaraq bank zamin kimi iddiaçının pensiyasından hər ay 80 (səksən) manat olmaqla pul tutulmağa başlamışdır. İddiaçı 2020-ci ilin oktyabr ayında Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək pensiyasından 15 oktyabr 2019-cu ildən 27 oktyabr 2020ci il tarixədək tutulmuş 1040 (bir min qırx) manat pulun Cavabdeh tutulub ona ödənilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-(073)- 1195/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 1040 (bir min qırx) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək qət olunmuş 1040 (bir min qırx) manat pul və 30 manat dövlət rüsumu iddiaçıya ödənilmişdir. Lakin cavabdeh bank qarşısında öhdəliyini bundan sonra da icra etmədiyindən "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və İddiaçı müştərək qaydada 3546,48 manat əsas borcun, 202,26 manat faiz borcunun, cəmi 3748,74 manat vəsaitin və 30 manat dövlət rüsumunun "xxxx" AŞC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2- (073)-1820/2020 saylı qətnaməsi ilə bankın iddia tələbi təmin edilərək Cavabdeh və İddiaçı müştərək qaydada 3546.48 manat əsas borc, 202,26 manat faiz borcu, cəmi 3748,74 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq cavabdeh yenə də öhdəliklərini icra etməmiş və yenidən iddiaçının pensiyasından hər ay 80 (səksən) manat olmaqla pul tutulmağa başlamışdır. Bankdan verilən hesabdan çıxarışa əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıdan ümumilikdə 2960,00 (iki min doqquz yüz altmış) manat məbləğində pul tutularaq Cavabdeh kredit ödənişinə silinmişdir. İddiaçı tərəfindən 2960,00 (iki min doqquz yüz altmış) manat pulun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2 (073)-1195/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh 1040 (bir min qırx) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2 (073)l820/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı müştərək qaydada 3546.48 manat əsas borc, 202,26 manat faiz borcu, cəmi 3748,74 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini təminatı kimi İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, Z-114RGTK0247429AA saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, zamin İddiaçı hesabından kredit borcu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıdan ümumilikdə 2960,00 (iki min doqquz yüz altmış) manat məbləğində pul "xxxx" ASC-nin hesabına tutulmuşdur. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-(073)-1195/2020 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə İddiaçı pensiya kartından 15 oktayabr 2019-cu il tarixdən başlayaraq 15 oktaybr 2020-ci il tarixə qədər hər ay 80 (səksən) manat olmaqla tutulan və "xxxx" ASC-nin hesabına ödənilmiş cəmi 1040 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Bu səbəbdən də hazırkı iddia üzrə tələb edilən borc məbləği 15 oktyabr 2020-ci ildən 25 noyabr 2023-cü il tarixinədək deyil, 20 noyabr 2020-ci ildən 25 noyabr 2023-cü il tarixinədək hesablanmalıdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 (əlli) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: QalibPaşayev
Məhkəmə qərarları › İş №e-2(073)-3090/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3090/2023
30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver