Məhkəmə qərarları › İş №e-2(073)-3199/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3199/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3199/2024 28.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun ödənilməsi barədə iddia verərək, Cavabdeh 148.24 manat əsas borc, 94.99 manat faiz borcu, cəmi 243.23 (iki yüz qırx üç manat iyirmi üç qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı «Kompleks bank xidməti» müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən sonuncuya AZN valyutasında debet (MC WORD NeoCard Debit PayPass) kartı verilmişdir. Cavabdeh “NeoCard razılaşması” müqaviləsi əsasında yaradılmış kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2022-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli puı vəsiti olmadığı təqdirdə o, 148.24 manat məbləğində banka məxsus pul vəsitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 148.24 manat məbləğində pul vəsiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 148.24 manat məbləğoində pul vəsiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 148.24 manat məbləğində əsas, 94.99 manat məbləğində faiz borc olmaqla, cəmi 243.23 manat məbləğində borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kart müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan ərizədən görünür ki, iddaçı bank tərəfindən Cavabdeh debet (MC WORD NeoCard Debit PayPass) kartı verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 671154 saylı «Kompleks bank xidməti» müqaviləsindən görünür ki, iddaçı bank ilə cavabdeh arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 3.4.5-ci bəndinə əsasən müştəri (cavabdeh) yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Həmin müqaviləyə edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli Əlavədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh debet (MC WORD NeoCard Debit PayPass) kart verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh kart üzrə “overdraft” borcuna əsasən 148.24 manat əsas, 94.99 manat faiz borcu, cəmi 243.23 (iki yüz qırx üç manat iyirmi üç qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə bank xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə debet kart verilmişdir, cavabdeh isə öz hesabında olmaya-olmaya banka məxsus vəsaiti istifadə etmişdir və qaytarmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri əsassız varlanmaya səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə geri qaytarmalıdır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 148.24 manat əsas borc, 94.99 manat faiz borcu, cəmi 243.23 (iki yüz qırx üç manat iyirmi üç qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar