Məhkəmə qərarları › İş №e-2(073)-38/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-38/2024

17.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-38/2024 17.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı cavabdeh "xxxx" ASC-dən əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən günə kimi son haqq-hesabın aparılması və işəgötürən tərəfindən ödənilməmiş əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən günə, yəni xx.xx.2022-ci il tarixə son haqq-hesabın aparılması və 2021-2022-ci il tarixlərdə ona ödənilməmiş əmək haqqı kimi 12838 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı xeyli müddət "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək, müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Lakin iddiaçı 2023-cü ildə işdən çıxarkən cavabdeh müəssisə tərəfindən onunla son haqq-hesab aparılmamış və əmək haqqları ödənilməmişdir. İddiaçı bununla bağlı Əmək Müfəttişliyinə müraciət etmiş və iddiaçıya əmək haqqı ödənilmədiyinə görə müəssisə barəsində inzibati protokol tərtib edilmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək haqqı 2021-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 323,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 600 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 1200 manat təşkil etmişdir. İddiaçı işdən çıxdıqdan sonra, ona ödəniləsi əmək haqqı məbləğindən cəmi 805 manat ödənilmişdir. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaiti ödənilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qismən etiraf edərək, verdiyi izahatında bildirdi ki, İddiaçı 2016-cı il tarixdə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə əsasən "xxxx" ASC-də işləməyə başlamışdır. İddiaçı ASCdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək haqqı 2021-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 323,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 600 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 1200 manat təşkil etmişdir. O cümlədən əmək haqqında tutulmalar nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay müddətində hər ay 241,5 manat olmaqla cəmi 723 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 12 ay müddətində hər ay 238,85 manat olmaqla cəmi 2866 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 487 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 ay 15 gün müddətində hər ay 1038 manat olmaqla cəmi 7785 manat əmək haqqı hesablanmışdır. Lakin iddiaçı ixtisara düşdüyü üçün xx.xx.2022-ci il tarixdə işdən çıxarılmışdır. İddiaçıya kassa məxaric orderlərinə imza etməklə 29 aprel 2022-ci il tarixdə əmək haqqıdan 200 manat avans, 27 may 2022-ci il tarixdə 500 manat əmək haqqı, 06 iyun 2022-ci il tarixdə 700 manat əmək haqqı və 17 iyun 2022-ci il tarixdə əmək haqqıdan 100 manat avans ödənilmişdir. Bundan əlavə İddiaçı razılığı ilə plastik kartına əmək haqqından 805 manat ödənilmişdir. Həmçinin bir neçə dəfə hər hansı sənədə imza etdirilmədən və ya iddiaçının özünün təqdim etdiyi plastik karta pul ödənilmiş, lakin sonralar rəsmiləşdirilməmişdir. Hazırda cavabdeh "xxxx" ASC-nin iddiaçıya maliyyə çətinliyi səbəbindən ödənilməmiş əmək haqqı qalmışdır və müəssisənin balansında kifayət qədər vəsait olmadığından ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən icra olunmuş 29 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 29 aprel 2022-ci il tarixdə əmək haqqıdan 200 manat avans almışdır. İşdə olan "xxxx" ASC tərəfindən icra olunmuş 27 may 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 27 may 2022-ci il tarixdə 500 manat əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC tərəfindən icra olunmuş 06 iyun 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 06 iyun 2022-ci il tarixdə 700 manat əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC tərəfindən icra olunmuş 17 iyun 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixdə əmək haqqıdan 100 manat avans almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2016-cı il tarixdə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə əsasən "xxxx" ASC-də işləməyə başlamış və ASCdə müxtəlif vəzifələrdə işləmişdir. Lakin iddiaçı ixtisara düşdüyü üçün xx.xx.2022-ci il tarixdə işdən çıxarılmışdır. İddiaçı işlədiyi müddət ərzində əmək haqqı 2021-ci ilin yanvar ayından xx.xx.2021-ci il tarixədək 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 323,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 600 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 1200 manat təşkil etmişdir. O cümlədən əmək haqqında tutulmalar nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay müddətində hər ay 241,5 manat olmaqla cəmi 723 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 12 ay müddətində hər ay 238,85 manat olmaqla cəmi 2866 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 487 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 ay 15 gün müddətində hər ay 1038 manat olmaqla cəmi 11861 manat əmək haqqı hesablanmışdır. İddiaçıya kassa məxaric orderlərinə imza etməklə 29 aprel 2022-ci il tarixdə əmək haqqıdan 200 manat avans, 27 may 2022-ci il tarixdə 500 manat əmək haqqı, 06 iyun 2022-ci il tarixdə 700 manat əmək haqqı və 17 iyun 2022-ci il tarixdə əmək haqqıdan 100 manat avans və əlavə olaraq 805 manat ödənilmişdir. Beləliklə, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməmiş 9556 manat əmək haqqı və 1700 manat son haqq-hesabı qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında ayrı-ayrı vaxtlarda iddiaçının özünün təqdim etdiyi plastik karta pul ödənilməsini bildirsə də, həmin hallar öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-dən əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaitinin alınıb ona verilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən əmək haqqına görə 9556 manat, son haqq-hesaba görə 1700 manat olmaqla, cəmi 11256 manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətindən əmək haqqına görə 9556 (doqquz min beş yüz əlli altı) manat, son haqq-hesaba görə 1700 (bir min yeddi yüz) manat olmaqla, cəmi 11256 (on bir min iki yüz əlli altı) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar