Məhkəmə qərarları › İş №e-2(074)-112/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-112/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-112/2024 22.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12341,71 manat, faiz borcuna görə 955,28 manat, cərimə borcuna görə 1176,93 manat olmaqla, cəmi 14473,92 manat məbləğində borcun və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsin Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və ödənilmiş 133,42 manat dövlət rüsumun tutulması, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə cəmi 14473,92 manat və ödənilmiş dövlət rüsumu 133,42 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X1 və Cavabdeh4 çıxarılması, cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12600 manat məbləğində kredit verilmişdir. Bundan başqa, Cavabdeh3 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən, “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsinin şərtlərinə görə, Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə borcunun məbləği əsas borca görə 12341,71 manat, faiz borcuna görə 955,28 manat, cərimə borcuna görə 1176,93 manat olmaqla, borcun cəmi məbləği 14473,92 manat pul təşkil edir. xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda, girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, Cavabdeh3 xx.xx.2023cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə əsas borca görə 12341,71 manat, faiz borcuna görə 955,28 manat, cərimə borcuna görə 1176,93 manat olmaqla, cəmi 14473,92 manat məbləğində pul tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra, cavadehlər ipoteka predmetindən çıxarılmalı, həmin ipoteka predmeti olan mənzil boşaldılmış vəziyyətdə təhvil verilməlidir. Məhkəmə hazırlıq mərhələsində iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12341,71 manat, faiz borcuna görə 2567,38 manat, cərimə borcuna görə 2520 manat olmaqla, cəmi 17429,09 manat məbləğində borcun və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsin Şamaxı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş 143 manat dövlət rüsumun tutulması, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə cəmi 17429,09 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu olan 143 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla, əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SMNPT- 00025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, İddiaçı ASC-dən illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 12600 manat məbləğində kredit götürmüşdür. Lakin, maddi vəziyyəti ilə əlaqədar, kredit müqaviləsi üzrə ödənişləri vaxtında edə bilməmişdir. Kredit müqaviləsi üzrə iddia tərəfindən tələb olunan cərimə məbləğini yüksək hesab edir və məhkəmədən həmin məbləğin azaldılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə gəlməmişdirlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, iddia tələbini müdafiə etdiklərini göstərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12600 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, SMNPT- 00025 saylı zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Nizami küçəsində 0,0361 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88,8 kv.m. yaşayış, 129,8 kv.m. köməkçi sahədən ibarət 05 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, SMNPT-00025 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə, ipoteka qoyan Cavabdeh1 özünə məxsus Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Elektron notariat avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışlarda göstərilri ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini və 0,0361 ha torpaq sahəsini daşınmaz əmlak kimi İddiaçı ASC ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmasına heç bir etirazı yoxdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş bildirişdən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 2 fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka kredit öhdəliyi üzrə olan əsas borc qalığı 12341,71 manat, faiz borcu 2567,38 manat, cərimə borcu 2520 manat olmaqla, cəmi borcu 17429,09 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında ipotekaya qoyulmuş Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0,0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m. köməkçi sahəsi, 88,8 kv.m. yaşayış sahəsinin hazırki real bazar dəyərinin müəyyən edilməsi üçün, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 218,6 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təxminən 156.500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 evdə faktiki olaraq Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 yaşayırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12600 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, Nizami küçəsində mülkiyyətində olan 0,0361 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88,3 kv.metr yaşayış, 129,3 kv metr köməkçi sahədən ibarət 05 nömrəl fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeyd edilmişdir. Hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri Nizami küçəsi 05 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Lakin, Cavabdeh3 müqavilə öhdəliklərini yerinə yetirməyərək, xx.xx.2024-cü il tarixə iddiaçı təşkilata xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə borcunun məbləği əsas borca görə 12341,71 manat, faiz borcuna görə 2567,38 manat, cərimə borcuna görə 2520 manat olmaqla, borcun cəmi məbləği 17429,09 manat təşkil edir. Ekspert rəyi ilə Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0,0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m. köməkçi sahəsi, 88,8 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin qiyməti təxminən 156500 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının ipoteka ilə yüklü edilmiş əmlakdan çıxarılmasını tələb etdiyi Cavabdeh5 qeyd olunan yaşayış sahəsində yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda, onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə iddianın 2520 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 2520 manat yox, 300 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12341,71 manat, faiz borcuna görə 2567,38 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 15209,09 manat, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şamaxı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,60 manat pul tutulmalı, tələb Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə cəmi 15209,09 manat məbləğində pul İddiaçı ASC-yə ödənilməli, qalan məbləğ Cavabdeh1 verilməli, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiyməti 156.500 manat məbləğində müəyyən edilməli, Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi hərracdan satıldıqdan sonra, bir ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmalı və qeyd olunan əmlak cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satıldıqdan sonra, həmin əmlakdan Cavabdeh5 çıxarılmasını tələb etsə də, həmin şəxsin orada yaşaması öz təsdiqini tapmadığından, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12341,71 manat, faiz borcuna görə 2567,38 manat, cərimə borcuna görə 300 manat olmaqla, cəmi 15209,09 manat, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şamaxı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,60 manat pul tutulsun. Tələb Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0.0361 ha torpaq sahəsinin üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2023-cü il tarixli, SMNPT-00025 saylı kredit müaviləsi üzrə cəmi 15209,09 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin. Qalan məbləğ Cavabdeh1 verilsin. Hərraca çıxarılarkən, ipoteka predmetinin ilkin satış qiyməti 156.500 manat məbləğində müəyyən edilsin. Şamaxı şəhəri, Nizami küçəsi 5 ünvanında 0.0361 ha torpaq sahəsi üzərində yerləşən 129,8 kv.m köməkçi sahəsi, 88.8 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi hərracdan satıldıqdan sonra, bir ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılsın və qeyd olunan əmlak cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia Cavabdeh5 aid hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar