Məhkəmə qərarları › İş №e-2(074)-1892/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1892/2025

13.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1892/2025 13.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və əmək müqaviləsinin AR ƏM-nin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh-fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı “inzibatçı” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ailə üzvünün səhhətində olan xəstəliklə əlaqədar olaraq, onun əmək fəaliyyətini davam etdirməsi qeyri-mümkün olduğundan xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə ləğv edilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə də cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinə göstərilən kobud pozuntulara yol verdikdə) xitam verilmişdir. Hesab edir ki, iddiaçının işdən çıxarma barədə ərizə verməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tamamilə qanunsuzdur. Cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan və iddiaçının izahatı alınmadan sadəcə olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli əmr iddiaçıya təqdim olunmadığı və elektron sistem vasitəsilə də həmin əmri əldə etmək mümkün olmadığından sadəcə olaraq əmrin xitam verilməsi ilə bağlı məlumatı təqdim edə bilir.

4. Tərəflərin mövqeləri:

5. 09 yanvar 2026-cı il tarixə təyin edilməiş məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi – Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdilər ki, İddiaçı işdən çıxarılma əsasları qanunsuzdur. O, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə əsasən tutduğu vəzifədən azad olunmalıdır. xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə ünvanlayaraq onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə ləğv edilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə də cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq, cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinə göstərilən kobud pozuntulara yol verdikdə) xitam verilmişdir. Hesab edir ki, iddiaçının işdən çıxarma barədə ərizə verməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tamamilə qanunsuzdur. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə iş materiallarına əlavə edilməsi üçün bir sıra sənədlər təqdim edilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə hər-hansı etirazını (şifahi və ya yazılı) bildirməmişdir. Məhkəməyə xx.xx.2026-cı il tarixdə və xx.xx.2026-cı il tarixdə vəsatətlərlə müraciət edərək, xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixdə təyin edilmiş məhkəmə iclaslarının iddia tələbi təmin edilməklə cavabdehin iştirak olmadan keçirilməsini xahiş etmişdir.

7. Tədqiq olunan sübutlar:

8. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə işəgötürən – Cavabdeh və işçi - İddiaçı arasında əmək müqaviləsi imzalanmışdır. İddiaçı inzibatçı vəzifəsinə işə qəbul edilmişdir.

9. “FS” Şirkətlər Qrupunun rəhbəri F.Mustafayeva İddiaçı tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ailə üzvünün xəstəliyi ilə əlaqədar olaraq işlədiyi “Sunrise” kafedə işə davamiyyətini mütəmadi olaraq nizamlaya bilmir. Bu səbəbdən tutduğu vəzifədən razılığı əsasında işdən azad olunmağına göstəriş verilməsini xahiş etmişdir.

10. Xəbərnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “İddiaçı” tərəfindən göndərilən zərf xx.xx.2025-ci il tarixdə “İsmayılova” tərəfindən təhvil alınmışdır.

11. İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli göndərişin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixindən etibarən işə çıxmamaqla, fəaliyyət göstərdiyi obyektin təhvil-təslim prosesində maddi məsul şəxs olaraq iştirak etməməsi, bundan əlavə, "Sun Rise" əyləncə mərkəzində olan fəaliyyəti ərzində həvalə olunan öhdəliklərin icra səviyyəsini yoxlamaq məqsədilə aparılan təftiş yoxlama zamanı bir sıra kobud nöqsanlara yol verdiyinin aşkar olunması, aşkar olunan nöqsanlara açıqlama vermək məqsədilə, onunla bir neçə dəfə telefon əlaqəsi saxlanılaraq, ofisə gəlməyinin vacibliyi, xx.xx.2025-ci il tarixində ofisə gələcəyini desə də, daha sonra müxtəlif bəhanələr gətirməklə gəlməməsi və müzakirələrdən yayınması, qeyd olunanları nəzərə alaraq, xx.xx.2025-ci il tarixinədək ofisə yaxınlaşmağının xahiş olunması, əks təqdirdə, bu, vəzifə öhdəliklərinin kobud şəkildə pozulması halları kimi dəyərləndiriləcək və onunla bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam veriləcəyi bildirilmişdir.

12. Zenfira Heydərli tərəfindən Cavabdeh ünvanlan xx.xx.2025-ci il tarixli təqdimatın surətindən görünür ki, “Cavabdeh” Fərdi Sahibkarda “inzibatçı” vəzifəsində çalışan İddiaçı heç bir səbəb olmadan 18 avqust 2025-ci il tarixindən 14 sentyabr 2025-ci il tarixinədək işə gəlməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏMAS) üzərindən xx.xx.2025-ci il tarixində, “**********3973” nömrəli məktub göndərilməsinə baxmayaraq, o, işə çıxmamağa davam edib. İddiaçı bu hərəkəti ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən, tədbir görülməsini xahiş edib. Cavabdeh tərəfindən isə təqdimat “qanuna müvafiq şəkildə xitam verilsin” qaydasında imzalanmışdır.

13. “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli, 77 saylı əmrin surətindən görünür ki, "SUN RİSE" bölməsində "İnzibatçı" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən, xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 4.90 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

14. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ƏM):

16. Maddə 2, 2-ci hissə - Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

17. Maddə 9, a və b bəndləri - əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququ vardır.

18. Maddə 11, a və b bəndləri - əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (əsas) hüququ vardır.

19. Maddə 12, a, b və e bəndləri - əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aiddir.

20. Maddə 68, 2-ci hissə, a bəndi - əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir.

21. Maddə 69, 1, 2 və 3-cü hissələr - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

22. Maddə 70, ç bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Maddə 71, 2-ci və 3-cü hissə - bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

24. Maddə 72, a, c, d və e bəndləri - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Maddə 83, 4-cü hissə - əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

26. Maddə 287 - fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

27. Maddə 288, a, d və ğ bəndləri - əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsinin bu Məcəllə ilə tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

28. Maddə 310 - istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra MM):

30. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

31. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM):

33. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

34. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

35. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

41. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

43. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını nəzərə almaqla, işdə olan sübutları araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və əmək müqaviləsinin AR ƏM-nin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi qismən təmin edilməli, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

44. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında “inzibatçı” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

45. Məhkəmə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini əsaslı hesab etmir.

46. Belə ki, hazırki qətnamənin 9-cu və 10-cu bəndələrində göstərilən sənədlərlə müəyyən edilir ki, İddiaçı ailə üzvünün səhhəti (xəstəliyi) ilə əlaqədar xx.xx.2025-ci il tarixdə “FS” Şirkətlər Qrupunun rəhbəri F.Mustafayeva tutduğu vəzifədən azad olunması barədə ərizə ilə müraciət etmişdir.

47. İddiaçı işdən azadolma barədə ərizə ilə müraciət etdikdən sonra işə çıxamaması ƏM-in 69-cu maddəsinin 1-ci hissəsinin və 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

48. Belə ki, cavabdeh işəgötürən olaraq iddiaçının bir ay qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilməsi ilə bağlı hüququnun olmasını, eləcədə özünün (cavabdehin) həmin işçini ərizəsi əsasında əmək müqaviləsinə xitam verə bilməsi və ya bir ay müddətində işdə saxlamaqla əmək funksiyalarının yerinə yetirilməsini tələb etmək hüququnun olmasına və bunu bilməsinə baxmayaraq, 12 sentyar 2025-ci il tarixədək (xx.xx.2025-ci il tarixli göndəriş göndərilənək) iddiaçının bir aya yaxın müddətdə işə gəlməməsinə maraq göstərməmiş, işə gəlməməsini müvafiq qaydada rəsmiləşdirməmişdir (aktlaşdırmamışdır). Yalnız xx.xx.2025-ci il tarixli göndərişdən sonra menecer vəzifəsində çalışan Heydərli Zenfira təqdimatla cavabdehə müraciət etməklə iddiaçı barəsində ƏM-in tələblərinə əsasən tədbir görülməsini xahiş etmişdir.

49. Bir aya yaxın müddət ərzində cavabdehin iddiaçının işə gəlməməsinə maraq göstərməməklə işə gəlməməsini müvafiq qaydada rəsmiləşdirməməsinə (aktlaşdırmamasına) baxmayaraq, sonradan barəsində tədbir görülməsi ilə bağlı təqdimatın hazırlanması, müəyyən işçilərin izahatlarının alınması və sair bu kimi tədbirlərin görülməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə ƏM 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini məhkəmə hüquqdan sui-istifadə kimi qiymətləndirir.

50. Belə ki, hazırki qətnamənin 28-ci, 30-cu və 31-ci bəndlərində göstərilən maddi hüququ normalarına əsasən, hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan sui-istifadə yolverilməzdir, habelə tərəflərin hüquqlardan sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşımaları nəzərdə tutulmuşdur.

51. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli əmri ƏM nəzərədə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli əmrdə qeyd olunan hallarla bağlı hər hansı əsaslandırma aparmamışdır.

52. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli vəsatətlərlə cavabdeh iddianın təmin edilməklə məhkəmə iclaslarının sonuncunun iştirakı olmadan keçirilməsinə dair xahişi ilə iddianı etiraf etsə də, məhkəmə etirafı qismən qəbul edir.

53. Belə ki, iddiaçının “iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsini etiraf etməsi qanuna zidd olduğundan və cavabdehin hazırki qətnamənin 18-ci bəndində göstərilən maddi hüquq norması ilə müəyyən edilmiş hüquqlarını pozduğundan məhkəmə etirafı həmin hissədə qəbul etmir.

54. Yuxarıda işin sadalanan hallarına və maddi hüquq normalarana istinad edərək, məhkəmə hesab edir ki, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 77 nömrəli, 16 sentyabr 2025-ci il tarixli əmrin ləğv edilməlidir.

55. Məhkəmə iddianın “iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

56. Belə ki, hazırki qətnamənin 18-ci bəndində göstərilən maddi hüquq normalarının tələblərinə əsasən, işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin (hazırda cavabdehin) əsas hüquqları kimi müəyyən edilmişdir.

57. Odur ki, əmək münasibətləri çərçivəsində hüquq olaraq müəyyən edilmiş hərəkətlərin edilməsini hər hansı şəxsin (hazırda cavabdehin) üzərinə öhdəlik kimi qoyulması həmin hərəkətlərin icra edilməsinə məcbur etməklə həmin şəxsin (hazırda cavabdehin) hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Bu isə qüvvədə olan mülki və əmək qanunvericiliyi ilə yolverilməzdir.

58. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 77 nömrəli, 16 sentyabr 2025-ci il tarixli əmrin ləğv edilməsi iddianın “iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsini də, əhatə etdiyindən həmin hissədə iddiaçının hüquqi marağının təmin edilməsinə xidmət etməkdədir.

59. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 77 nömrəli, 16 sentyabr 2025-ci il tarixli əmr ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

60. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 77 nömrəli əmr ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar