Məhkəmə qərarları › İş №e-2(074)-486/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-486/2023

25.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-486/2023 25.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3046 manat əsas borc məbləği, 63 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 150 manat olmaqla, cəmi 3259 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə, Cavabdeh arasında 28 mart 2022-ci il müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsinin müddətinin 28 iyun 2022-ci il tarixində bitməsi razılaşdırılmışdır və müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində satıcı qismində çalışdığı zaman ona, 3 046 manat pul məbləği dəyərində bilet təhvil verilmiş, təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin mənimsənildiyi müəyyən olunmuşdur. Aparılan danışıqlar zamanı cavabdeh, bilərəkdən biletləri ələ keçirdiyini, uduşlu biletləri pozaraq əldə olunan məbləği özünün mənimsədiyini və bununla da əmək funksiyasını yerinə yetirən zaman əmək pozuntusuna yol verdiyini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı QSC-yə satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan malların təhvil-təslim aktından görünür Cavabdeh İntegral Express-dən 28 mart 2022-ci il tarixdə ümumi dəyəri 3046 manat olan biletləri təhvil almışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, ona verilən malları özü pozub, pulu xərclədiyini uduşlu biletləri pul ilə əvəz etmiş, ayın 30-da 3046 manat manatı gətirib ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilən işçi Cavabdeh şirkətə maddi ziyan vurması nəticəsində 3046 manat borcu yaranmışdır. Azərbaycan Respbulikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndlərinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə 3046 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 63 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 150 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziayana görə 3046 manat pul və 150 manat hüquqi yardım üçün ödənilmiş pul və ilkin mediasiya sessiyası üzrə ödənilmiş 63 manat olmaqla, cəmi 3259 manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar