Məhkəmə qərarları › İş №e-2(074)-576/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-576/2025

23.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-576/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Həsən oğluna qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların əmək və məşğulluq sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Həsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla fiziki şəxs Cavabdeh (VÖEN:**********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və ya ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi və ya ləğv edilməsi ilə bağlı məlumatların "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar Cavabdeh yanında (VÖEN **********0 aşpaz vəzifəsində işləyib. Müəyyən zaman sonra qeyd olunan obyekt bağlanmış və o, Cavabdeh yanından işdən ayrılıb. Lakin müəyyən müddətdən sonra ona məlum oldu ki, onunla fiziki şəxs Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmiş və o, hələ də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində onunla fərdi sahibkar Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məktubla müraciət edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 3-17-5/2-2/-50607/2024 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X4 Xidməti müstəqilə tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən xitam və ya ləğv edilməli, əmək müqaviləsinə xitam və ya ləğv edilməsilə bağlı məlumatların "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməldir. Mübahisənin məhkəməyəqədər həlli məqsədilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edib, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən 14.1.2024-cü il tarixdə ona MŞS/MT030/2024-02436 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. Fiziki şəxs Cavabdeh ilə uzun müddətdir ki, əlaqə yarada bilməyib, onun mobil əlaqə nömrələri işləmir, qeydiyyatda olduğu ünvana bildiriş və məktublar göndərsə də onun harada olması ilə bağlı məlumat ala bilməyib. Onunla bağlanmış xx.xx.2018-ci iİ tarixli əmək müqaviləsinin qüvvədə olması onun hüquqlarını pozur, belə ki, o nə digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilir, nə də ki, əmək pensiyası almaq hüququndan istifadə edə bilir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla fiziki şəxs Cavabdeh Həsən oğlu arasında bağlanmış xx.xx.2018-ci iİ tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olan məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz əmək müqaviləsi üzrə xadimə vəzifəsində çalışır. X1r. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, DİN-nin 102 ZMX-nə ünvanlanan muraciətə tərəflərindən baxılmışdır. Muraciətdə qeyd olunan faktla əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə müvafiq olaraq mülki məhkəmə icraatı qaydasında mülki, ailə əmək, mənzil, torpaq və sair məhkəmə orqanlarının səlahiyyəti çərçivəsində olması səbəbindən məhkəmə orqanlarına müraciəti məqsədəmüvafiq hesab edillir. İş materiallarında olan İddiaçı Cavabdeh Həsən oğluna ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ona məxsus olan və fərdi sahibkar kimi idarə etdiyi iaşə müəsissəsində əmək müqaviləsinə əsasən aşbaz vəzifəsində işləmişdir. Aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir, halbuki uzun müddətdir ki, onunla əmək münasibətlərində deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq altsistemində onunla bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinin hələdə qüvvədə olduğu ona məlum olmuşdur. 20.01 2018-ci il tarixli əmək müqaviləsinin qüvvədə olması onun qanunla qorunan huquqlarını pozur belə ki, o nə yeni işəgötürənlə müqavilə bağlaya bilir nə də ki, əmək pensiyasına çıxmaq hüququndan istifadə edə bilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qısa müddət ərzində onunla bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verməyi xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-2/- 50607/2024 saylı məktubundan görünür ki, əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X4 Xidməti müstəqilə tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən xitam və ya ləğv edilməli, əmək müqaviləsinə xitam və ya ləğv edilməsilə bağlı məlumatların "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”n 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh Həsən oğlu arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı “xadimə” vəzifəsinə işə qəbul edilmiş, iddiaçı uzun müddətdir ki, müəssisədən işdən çıxmış, lakin əmək münasibətlərinə son qoyulsa da, “Elektron hökümət” portalında cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsi qüvvədən salınmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh Həsən oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Həsən oğlu arasında bağlanmış 20 yanvar 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar