Məhkəmə qərarları › İş №e-2(074)-629/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-629/2023

21.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-629/2023 21.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi - “Sirius” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan olaraq 600 manat məbləğində pulun, 50 manat ilkin mediasiya sessiyası üzrə ödənilmiş məbləğin və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 150 manat olmaqla, cəmi 800 manat məbləğində pulun tutularaq, İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman, ona 2000 manat dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, izahat zamanı cavabdeh ona təhvil verilən 2000 manatlıq lotoreya biletlərinin bir hissəsini oğurlatdığını, bir hissəsini isə öz şəxsi işlərinin həlli üçün götürdüyünü bildirmişdir. Bununla da, əmək funksiyasını yerinə yetirən zaman, qanun pozuntusuna yol verdiyini etiraf etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 İddiaçı QSC-nə olan borcu 600 manat təşkil etmişdir. İşçinin təqsirli hərəkətləri nəticəsində, işəgötürənə 600 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra, İddiaçı QSC iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, cavabdeh X4 şirkətə olan 600 manat borcundan 50 manat hissəsini ödəmişdir. Odur ki, cavabdeh X1 dəymiş ziyan olaraq 550 manat məbləğində pulun, 50 manat ilkin mediasiya sessiyası üzrə ödənilmiş məbləğin və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 150 manat olmaqla, cəmi 750 manat məbləğində pulun tutularaq, İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin həcminin azaldılması barədə verilmiş ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla, İddiaçı QSC-yə satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilənin surətindən görünür ki, satıcı vəzifəsində işə qəbul edilmiş X4, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işləri layiqincə yerinə yetirilməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, X3 İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman, 2000 manat dəyərində bilet təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, ona verilən 2000 manat dəyərində biletlərin 559 manatını oğurlatmış, 300 manatını əmək haqqı hesabına ödəyib, xx.xx.2022-ci il tarixdə isə icazəsiz ona verilən biletlərdən 441 manat pulu öz şəxsi işlərinə sərf etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 ilə İddiaçı QSC arasında olan xxxxxxx000301 nömrəli əmək müqaviləsinə xitam verilən işçi X2 şirkətə maddi ziyan vurması nəticəsində, 600 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı QSC tərəfindən 50 manat məbləğində vəsait ödənilmişdir. Eyni zamanda, iş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı QSC-yə vurulmuş 600 manat məbləğində ziyandan 50 manat məbləğini Cavabdeh xx.xx.2023-cü il tarixdə şirkətin hesabına ödəmişdir. Azərbaycan Respbulikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə, bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X2 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, dəymiş ziyanın əvəzi olaraq 550 manat məbləğində pul və ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğin əvəzi cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi üçün vəkilə 150 manat məbləğində pulun ödənilməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmadığından və bununla bağlı məhkəmə iclasında da, hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 550 manat və ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pul tutularaq, İddiaçı QSC-yə ödənilsin. İddia digər hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar