Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-640/2023 25.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə, onun tərəfindən ödənilmiş 4621 manat məbləğində pulun və ödənilmiş 66,61 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 851/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı həmin müqavilə üzrə 4275,16 manat əsas borc, 8,61 manat faiz borcu və 4,31 manat cərimə borcu olmaqla, ümumilikdə 4288,08 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada alınaraq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsasında Şamaxı Rayon Məhkəməsinin icra vərəqəsinin bir surəti Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə onun əmək haqqısından tutulmalar aparılmış və icra ödənişi də daxil olmaqla, ümumilikdə 4621 manat pul "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Bu faktı "xxxx" ASC-nin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu təsdiq edir. Həmin məktubda onun "xxxx" ASC-yə qarşı öhdəliyinin icra edildiyi göstərilir. Həmçinin, iddia qaldırarkən, ödədiyi 66,61 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişdirlər. Eyni zamanda, İddiaçı məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini göstərib, işə onun iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2019-cu tarixdə Cavabdeh "xxxx" ASCdən illik 1 faizlə, 5 il müddətinə 4313,78 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinə görə, xx.xx.2019-cu tarixli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin tamamilə və vaxtında icrası barədə zamin öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-851/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddiası təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı həmin müqavilə üzrə 4275,16 manat əsas borc, 8,61 manat faiz borcu və 4,31 manat cərimə borcu olmaqla, ümumilikdə 4288,08 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətdə qeyd olunur ki, aparılmış icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iş üzrə borclu İddiaçı hazırda "xxxx" MMCdə işləyir və əmək haqqı alır. Göstərilənlərə əsasən, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 851/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, tələbin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən, borclunun məcburi olaraq əmək haqqısına yönəldilməsi, borclu İddiaçı əmək haqqısından 4318 manat məbləğində pul vəsaitinin tutularaq, tələbkar "xxxx" ASC-nin hesabına yönəldilməsi, ödəniş bitdikdən sonra, ümumi borc məbləğinin 7%-ni, yəni 303 manat məbləğinin Abşeron Rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı əmək haqqısından 4318 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar "xxxx" ASC-nin hesabına və ümumi borc məbləğinin 7%, yəni 303 manat məbləğində pul Abşeron Rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Abşeron Rayon İcra Şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-851/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcludan tələb olunan borc məbləği banka ödənilmiş və bu səbəbdən, icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-851/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb tam şəkildə təmin olunduğundan, həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinə görə, iddiaçı AsanPay ödəniş sistemi vasitəsilə ********** nömrəli qəbzlə 66,61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə borc alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə borcun təminatı olaraq, İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə görə, kredit müqaviləsi üzrə zamin borc alanla birlikdə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və lazımi qaydada icra olunmadığı üçün, kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqısından tutmalar aparılmış və ümumi borc məbləği əmək haqqı hesabına tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda qeyd qanun normalarını əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, zərərin əvəzi olaraq Cavabdeh 4621 manat məbləğində borc və ödənilmiş 66,61 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Zərərin əvəzi olaraq Cavabdeh 4621 (dörd min altı yüz iyirmi bir) manat məbləğində borc və ödənilmiş 66,61 (altmış altı manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-640/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-640/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver