Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-659/2025 30.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə sənədləşdirilən və ona məxsus torpaq sahəsinə dair hüquqların özgəninkiləşdirilməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli, 2v-87 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışın sənədləşdirildiyi andan etibarsız hesab edilməsi və həmin sənədlərin əsasında tərtib edilmiş digər əqdlər, razılaşmalar və sənədlərin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bu iddianın predmeti olan, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən, birgə mülkiyyətdə olan 0,821 ha torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ******* saylı, 20 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alıb. Həmin torpaq Daşınmaz Əmlak mühəndis-qiymətləndiriciləri tərəfindən qiymətləndirilmiş, əmlaka 1500 manat qiymət qoyulmuş, bu barədə 01/3939 saylı, 12 avqust 2017-ci il tarixli arayış verilmişdir. Qiymətləndirmə 1500 manat olsa da, qarşılıqlı razılaşma ilə o, cavabdehlərə 2000 manat pul ödəyib. Bu günlərdə onun torpaq sahəsi üzrə qonşularından ona zəng edib bildirdilər ki, torpağı əvvəlki sahibləri satırlar, xəbərləri varmı?! Əlbəttə ki, onun xəbəri yox idi və o, Şamaxıya gəlib. Bəlli olub ki, cavabdehlər xx.xx.2025-ci il tarixdə torpağa dair 2v-87 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə almış, onun əsasında xx.xx.2025-ci il tarixli, **********48 reyestr nömrəli çıxarış almışlar. O, müvafiq qurumlardan həmin sənədlərin reyestr nömrələrini götürsə də, idarədən sənədlərin surətlərinin yalnız məhkəməyə təqdim ediləcəyini bildirdilər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə sənədləşdirilən və ona məxsus torpaq sahəsinə dair hüquqların özgəninkiləşdirilməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli, 2v-87 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışın sənədləşdirildiyi andan etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********48 olan 0,821 ha torpaq sahəsi X5, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* nömrəli 20 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcılar X5 (əvəzinə X7), Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən 0,821 ha hektar torpaq sahəsini alıcı İddiaçı 2000 manat satmışlar. İş materiallarında olan AZ-İ № 997426 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan **********802 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmiş mərhum əri X1 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyəti yoxdur. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 14 fevral 2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMKDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,821 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. İş materiallarında olan **********801 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, Cavabdeh1 22 mart 2019-cu ildə Şamaxı rayonunun Sabir qəsəbəsində qeydiyyatda olan atası - X5 öldüyündən Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən torpaq sahəsindən ibarət olan mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələri vardır: 1. arvadı - X3; 2. oğlu - Cavabdeh2; Mirasın tərkibinə daxil olan daşınmaz əmlaka dair ona qanun (vəsiyyətnamə, məcburi pay) üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. İş materiallarında olan **********800 saylı notarial təsdiqli ərizənin surətindən görünür ki, Cavabdeh2 22 mart 2019-cu ildə Şamaxı rayonunun Sabir qəsəbəsində qeydiyyatda olan atası - X5 öldüyündən Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən torpaq sahəsindən ibarət olan mirası qəbul edir. Ondan başqa aşağıdakı vərəsələri vardır: 1. arvadı - X3; 2. oğlu - Cavabdeh1; Mirasın tərkibinə daxil olan daşınmaz əmlaka dair ona qanun (vəsiyyətnamə, məcburi pay) üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********48 olan 0,821 ha torpaq sahəsi ½ hissədə Cavabdeh1 və ½ hissədə Cavabdeh2 mülkiyyətindədir. Qeydiyyat nömrəsi ********** olan Çıxarış 17 fevral 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,821 ha torpaq sahəsi X5, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. Torpaq sahəsinə sonuncuların adına xx.xx.2017-ci ildə Çıxarış verilmişdir. X5, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,821 ha torpaq sahəsini 20 noyabr 2017-ci il tarixdə İddiaçı satmışlar. Alqı-satqı prosesində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmişlər. İddiaçı həmin torpağı öz adına rəsmiləşdirməmişdir. Daha sonra cavabdelərin atası X5 2019-cu ildə vəfat etmişdir. Bundan sonra cavabdehlər torpaq sahəsinin iddiaçıya satılmasından məlumatlı olmalarına baxmayaraq notariusa müraciət edərək həmin torpağa dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Daha sonra isə İddiaçı satdıqları Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,821 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz adlarına Çıxarış almışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisi tərəfindən 14 fevral 2025-ci il tarixdə verilmiş 14 fevral 2025-ci il tarixli, 2V-87 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və həmin Şəhadətnamə əsasında cavabdehlərin adına verilmiş xx.xx.2025-ci il tarixli, **********48 reyestr nömrəli Çıxarış etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Regional ASAN Xidmət Mərkəzində notariat ofisi tərəfindən 14 fevral 2025-ci il tarixdə verilmiş 14 fevral 2025-ci il tarixli, 2V-87 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və həmin Şəhadətnamə əsasında cavabdehlərin adına verilmiş xx.xx.2025-ci il tarixli, **********48 reyestr nömrəli Çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-659/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-659/2025
30.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver