Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-100/2023 01.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İş üzrə cavabdehlər X11 və Cavabdeh2 ata-oğul olmaqla, onlar da Şəki rayonu, Baş Göynük kəndində yaşayırlar. O, cavabdehlərlə razılığa gəlib qeyri-yaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də, Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X5 mülkiyyətində olan torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyriyaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməsinə imkan vermirlər. Nəticədə ona kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 hazırkı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2010-cu ildə mübahisəli obyekti Vaqiflə birlikdə kənd soveti Camaldan almışlar. Əvvəlcə mabahisəli ərazidə Vaqiflə şərikli ət mağazası, daha sonra kafe və mağaza tikdirmişlər. Tikdirdikləri həmin obyektdə Vaqiflə şərikli işləmişlər. Lakin cavabdeh adına çıxarış almış və hazırda cavabdehlər obyekti özləri işlədirlər. Obyektə ümumi olaraq 44835 manat pul xərclənmişdir. Həmin məbləğin yarısı cavabdehlərdən alınaraq ona verilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpağı oğlu Mehman Surənin banka olan təxminən 700 manat borcunu ödəməklə almış və ev kimi tikdirmişdir. Lakin sonrada qeyri-yaşayış sahəsi kimi istifadə etmişlər. Əli və qardaşı Vahid obyektin tikintisində usta kimi işləmişlər. Şəriklilik olmamışdır. X9 şərikli ət kəsib satmışlar. Obyektin tikintisinə Mehman təxminən 9000-9800 manat pul xərcləmişdir. İddiaçı hər-hansı bir məbləğdə pul xərcləməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirilmişdir ki, təxminən 12-13 il əvvəl Vaqif və Əli onun anası X2 bina tikmək üçün onlara yer verməsini xahiş etmişlər. O və anası tərəflərlə razılaşmış və onlara yer vermişlər. Aralarında olan razılığa əsasən yerin qarşılığına tərəflər onlara kiçik mağaza inşa edib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirilmişdir ki, Əli ilə Vaqif bina tikməkdə köməklik göstərməsi üçün ona müraciət etmişlər. Onlar birlikdə qardaşı Aslanın oğlu Xəyaldan və həyat yoldaşı Surədən 1 sot torpaq sahəsi alıb və həmin torpaqda qeyriyaşayış binası inşa etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirilmişdir ki, Əli onun yeznəsi, Vaqif isə əmisinin oğludur. Əli ilə Vaqif mübahisəli obyekti ortaq inşa etdirmişlər və ortaq da işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirilmişdir ki, hər iki tərəf qohumdur. Tərəflər obyekti ortaqlı açmışlar və ortaqlı işləmişlər. Münasibətləri əvvəllər yaxşı olmuşdur. Obyektə kimin nə qədər pul xərclədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirilmişdir ki, tərəflərlə qohumdur. Torpağı tərəflər birlikdə alaraq obyekt tikdirmişlər və birlikdə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirilmişdir ki, kəndin dini icmasının sədridir. Mübahisəli ərazi kolluq yer olmuşdur. Tərəflər alaraq həmin obyekti tikdirmişlər. Tikintidə hər iki tərəfin zəhməti var. Sonradan aralarında münaqişə olmuş və ayrılmışlar. Tərəfləri, o, da barışdırmağa cəhd etmiş, lakin buna nail ola bilməmişdir. Xərclənən puldan xəbəri yoxdur. Ancan tərəfləri barışıq üçün dəvət edərkən Vaqif xərclənən pulların siyahısını təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirilmişdir ki, tərəflərlə qohumdur. Obyekti tərəflər ortaq alaraq tikdirmişlər. Təxminən 5 ay qabaq o, Əli, Vaqif, İlham, qəssab Eldar və Vaqifin qardaşı Ramiz görüşmüşlər. Görüş zamanı Vaqif Əli ilə birlikdə tikintiyə xərclədikləri pulun siyahısını təqdim etmişdir. Lakin tərəflər yenə də ortaq məxrəcə gəlməmiş və barışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirilmişdir ki, o, Vaqifin əmisinin qızı, Əlinin isə həyat yoldaşıdır. Obyekt tikilərkən ustalara o qulluq etmişdir. Tikintiyə nə qədər pul xərcləndiyini bilmir. Tərəflər 13 il birlikdə ortaq işləmişlər. Sonradan Mehman gizlincə öz adına çıxarış almışdır. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən **********58-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində 0.022 hektar torpaq sahəsində yerləşən 158 kvadratmetr fərdi yaşayış evi 11 yanvar 2021-ci il tarixdə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2022-ci il tarixli, 4002/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, qeyri-yaşayış binasının inşasına çəkilmiş xərc 44385 manat təşkil edir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(075)-2182/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/8563 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunur. - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur. - Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin altında yerləşən torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1400 manat məbləğində müyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər razılığa gələrək Şəki rayonu, Baş Göynük kəndində qeyri-yaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Həmin qeyri-yaşayış binası tərəflərin birgə vəsaiti hesabına inşa edilsə də, daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi Cavabdeh2 adına qeydə alınmışdır. Tərəflərin münasibətləri əvvəllər yaxşı olsa da, hazırda həmin münasibət pozulmuş və cavabdehlər iddiaçını birgə inşa etdikləri qeyriyaşayış binasından istifadə etməyə icazə vermirlər. Ona görə də, iddiaçı qeyri-yaşayış binasına çəkilmiş xərcin yarısının cavabdehlərdən alınaraq ona verilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış binasının inşasının tərəflərin birgə vəsaiti hesabına başa gəlməsi məhkəmə araşdırması, tərəflərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Ona görə də, iddiaçı həmin obyektin tikilməsinə çəkilmiş xərcin yarısını cavabdehlərdən tələb etməkdə haqılıdır. Lakin məhkəmə, qeyri-yaşayış binasının inşasına çəkilmiş xərcin iddiaçının tələb etdiyi kimi 44385 manat təşkil etməsi ilə bağlı dəliləri ilə razılaşmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən də, göründüyü kimi, Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri 21500 manat məbləğində müyyən olunur. Mübahisəli qeyri-yaşayış binasının torpağının alınması ilə bağlı çəkilən xərclərə dair iddiaçı hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə qeyri-yaşayış binasının yalnız tikintisinə çəkilən xərclərin yarısının alınıb verilməsində iddianı əsaslı hesab edir. Məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək qeyd edir ki, həmin rəy hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa məhkəmə iddianın iddiaçının tələb etdiyi pulun ona tam şəkildə ödənilədək qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, mübahisəli qeyri-yaşayış binası artıq cavabdeh X7 mülkiyətindədir. İddianın həmin hissədə təmin olunması mülkiyətçinin mülkiyət hüququnun məhdudlaşdırılması ilə nəticələnər ki, bu hal da həm milli, həm də beynəlxalq qanunvericiliyə ziddir. “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış binasının tikilməsinə sərf olunan 21500 manat pulun yarısı, yəni 10750 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 37.50 manatı İddiaçı, 12.50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 224 manat dövlət rüsumunun 169.75 manatı özünə aid edilməklə, 54.25 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10750 manat məbləğində pul və 54.25 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 169.75 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 37.50 manatı İddiaçı, 12.50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-100/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-100/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver