Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-103/2025 02.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin və həyətyanı torpaq sahəsinin onun adına keçirilməsi, sənədlərin cavabdehlərdən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şəki rayonu İnçə kəndində hazırkı vaxtadək yaşadığı mənzildə yaşamaq hüququnun tanınması və həmin evə köçürülməyi, şəxsi toxunulmazlıq hüququnun tanınması və cavabdehlərdən müdafiə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəki rayonu İnçə kəndində yerləşən evin və həyətyanı torpaq sahəsinin onun adına keçirilməsi və sənədlərin uşaqlardan alınıb özünə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, X9 ilə nikahlarını xx.xx.1987-ci il tarixdə Şəki rayon Baş Göynük Sovetliyində rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 4 uşağı dünyaya gəlmişdir. Həmin uşaqlar yuxarıda qeyd olunan cavabdehlərdir. O, 1987-ci ildən hazırkı vaxtadək Şəki rayonu İnçə kəndində yaşamışdır. Yuxarıda qeyd olunan ev ona o vaxtı deputat olduğuna görə dövlət 1988-ci ildə vermişdir. Lakin ev ərinin adına sənədləşdirilmişdir. X9 ilə bir yerdə fermada ailəvi işləyərkən toxumçuluq sovxozunun balansında olan, 3 otaq, 1 mətbəxi olan hökumət evi və 12 sot həyətyanı məhləni fermada işlədiyinə görə ona vermişdilər. Telman ailə başçısı olduğu üçün onun adına kirayə yazılmışdır. Həmin vaxt 5 körpə övladından biri Afsarova İradə fermada işləyərkən xəstəlik səbəbli ölmüşdür. Dörd azyaşlı, körpə uşağı ilə o, həmin fermada verilən kirayə evə yığışmışdır. O, fermadan çıxdığına görə Afsarov Telman onu evdə körpə uşaqları ilə qoyaraq, Rusiyanın Saratov şəhərinə getmişdir. Artıq 36 ildir. O, uşaqları böyüdüb evləndirmişdir. Uşaqları balaca olan vaxt, heç yerdən gəliri olmadığına görə 72 yaşlı bir qoca kişi ilə evlənmişdir. X6 adlı bu şəxs pensiyası az olduğundan, bazarda dilənib onun uşaqlarını böyüdüb. 9 il Şəki rayonunun İnçə kəndində onunla yaşayıb və həmin nikahdan da bir oğlu dünyaya gəlib. Həmin oğlu hərbi xidmətə gedincə birinci nikahdan olan 4 övladı ilə doğma bacı-qardaş kimi yaşayıblar. X19 hərbi xidmətdən qayıtdıqdan sonra birinci nikahdan olan 4 övladı sözləşərək, onu aldadaraq evində olan əşyaları aparıblar. Həmçinin qızı Cavabdeh2 onu aldadaraq kredit götürməyə məcbur etmiş, həmin kreditin yarısını əri Ramazanov Elmarın kartına yükləmişdir. Vüsalə o biri bacı-qardaşlarını başına yığıb, plan qurub onu və X19i evdən çıxarmağa cəhd göstərmişdir. Ondan ötrü Rusiyaya atalarının yanına getmişlər. Atalarından etibarnamə alıb torpaqları qanunsuz satmışlar, indi isə onu və oğlunu evdən çıxarıb evi satmaq istəyirlər. Evə gəlib onu və oğlunu döyərək evin sənədlərini götürüb getmişlər. Harada yazılıb ki, övlad anasını döysün. Afsarov Telman 35 ildir ki, Azərbaycanı tərk edib getdiyi üçün ev və həyətyanı torpaq sahəsi qanunla onun adına keçməlidir. Evi sığortalatmış və işıq, qaz, su və təsərrüfat onun adınadır, bütün kommunal xərcləri o ödəyir və idarə edir. Hökumət tikdiyindən ev təmirsizdir. Evi başdan təmir etdirib, həyətyanı torpağın kənarlarını divar tikdirib, böyük dəmir qapı qoydurmuşdur. Mal-qara saxlamaq üçün 15 metr uzunluğunda tövlə, ot saxlamaq üçün altıaçıq tikdirmişdir. Bu 35 ildə gördüyü işlərin hamısını banklardan kredit alaraq etdirmişdir. İndi siz deyin, bu ev Afsarov Telmanın adına olmalıdır, yoxsa onun? Afsarov Telman hazırda Rusiya vətəndaşıdır, evlidir, 1 qızı var. Halhazırda 3 qızı və 1 oğlu evi satıb pulu bölmək istəyirlər, ona isə deyirlər ki, “sən başqa kişi ilə evlənmisən”. Ancaq o qeyd edir ki, o başqası ilə evlənsə də, heç yerə getməmiş, öz evində yaşamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 26 iyul 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi oğlu X7 ibarətdir. - X12 kitabında xx.xx.2009-cu il tarixdə 151 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Şəki rayonu, İnçə kəndində yerləşən 1200 kv.metr torpaq sahəsi X1 istifadəsinə verilmişdir. - Şəki Rayon Məhkəməsinin 2-45 nömrəli 2004-cü il tarixli qətnaməsindən görünür ki, X10 ilə X2 Şəki rayon Baş Göynük kənd sovetində qeyd etdirdikləri 10 mart 1987-ci il tarixli, 39 saylı nikah akt qeydiyyatının pozulması qət edilmişdir. - Şəki rayonu 28 may toxumçuluq sovxozunun yerli islahat komissiyasının 14 oktyabr 1999-cu il tarixli 9 saylı iclas protokolundan çıxarışdan görünür ki, Şəki rayonu 28 may toxumçuluq sovxozunun balansında olan X3 məxsus yaşayış evi balansdan çıxarılmış, 1990-cı ildə tikilmiş bir mənzilli, dörd otaqlı (13x10) metr ölçüdə olan yaşayış evi mövcud qanunlara uyğun olaraq əmlak bölgüsünə salınmadan daimi yaşamaq üçün X4 özəlləşdirilmişdir. - Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2024-cü il tarixli 3-48-DA-12F/2/A- 8/518/2024 saylı arxiv çıxarışında qeyd edilmişdir ki, Şəki rayonu 25 May toxumçuluq sovxozunun balansında olan fəhlə və qulluqçulara məxsus yaşayış evləri sovxozun balansından çıxarılsın, həmin yaşayış evləri mövcud qanunlara uyğun olaraq əmlak bölgüsünə salınmadan daimi yaşamaq üçün gələcəkdə onların özlərinə özəlləşdirilsin (siyahı protokola əlavə edilir. Siyahıda 25-ci sırada ev sahibi kimi X11 qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz oğlu X13 ilə birlikdə Şəki rayonu İnçə kəndində Şəki rayonu 25 May sovxozu tərəfindən keçmiş həyat yoldaşı X4 verilmiş evdə yaşayır. İddiaçı bildirir ki, cavabdehlər, yəni onun övladları onu yaşadığı evdən çıxarmaq istəyirlər. Bu səbəbdən belə bir iddia qaldırmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlərdən Maraqlı şəxs isə izahatında bildirmişdir ki, atası həmin əmlakın sənədlərini hazırlamaq məqsədilə ona etibarnamə vermişdir. O da çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə məhkəmə tərəfindən iddiaçının cavabdehlər tərəfindən hansı hüquqlarının pozulması müəyyən edilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaya cavab verməli olan şəxs iddiaçının əvvəlki həyat yoldaşı X5r. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin və həyətyanı torpaq sahəsinin onun adına keçirilməsi, sənədlərin cavabdehlərdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-103/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-103/2025
02.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver