Məhkəmə qərarları › İş №e-2(075)-1031/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1031/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1031/2025 23.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinə əsasən əmək haqqından tutulmuş 6700 manat, icra ödənişi kimi tərəfindən ödənilmiş 476,21 manat olmaqla, cəmi 7176,21 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 102,40 manat pulun cavabdeh X2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinə əsasən borclular X2 və İddiaçı cəmi 3941,27 ABŞ dolları borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Əsas borclu Şirkat Paşayev olmuş, iddiaçı isə zamin durmuşdur. Onun əmək haqqından tutmalar həyata keçirilmiş, onun tərəfindən ödəmələr edilməklə borc ödənmişdir. Cavabdehlə əmək haqqından tutulmuş pul məbləğinin qaytarılması barədə dəfələrlə danışıqlar aparsa da, heç bir nəticə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehdən tələb etdiyi məbləğin içərisində əmək haqqından tutmalar ilə yanaşı, əlavə ödədiyi 796.45 manat pulu və icra ödənişi üçün ödədiyi 478 manat məbləğini də tələb edir. Dəfələrlə özünə demişdir ki, borcu ödəsin. Ona bankdan borc götürmək lazım olanda pul vermirlər ki, adında ödənilməmiş borc var. O, məcbur olub, borcun hamısını ödəmişdir. Qeyd etdiklərini də nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanın icrası ilə bağlı onun borcu güzəşt edilmişdir. Düzdür ki, bununla bağlı bank yeni müqavilə bağlamağa çağırsa da, zamin həmin müqavilənin imzalanmasına razı olmamışdır. O məsələ elə açıq qalmışdır. Bundan başqa onun özü də borcdan müəyyən ödənişlər etmiş, lakin uzun müddət keçdiyindən qəbzləri təqdim edə bilmir. O, başa düşür ki, iddiaçının ödədiyi məbləği ona geri qaytarmalıdır. Lakin hazırda bunu bir dəfəyə ödəməyə imkanı yoxdur. İddiaçı ona ödəməyə bank hesabı təqdim etdiyi halda hissə-hissə ödəməyə çalışacaqdır. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı məhkəmə əmrindən aydın olur ki, X6 xx.xx.2014-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən ”Bank of Baku” ASC-dən götürdüyü 5000 ABŞ dolları kredit borcuna İddiaçı zamin durmuşdur. Sonda 3941,27 ABŞ dolları borcun 20 manat dövlət rüsumunun borclulardan bankın xeyrinə tutulması əmr edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədi üzrə borclular borcu tam ödəmişlər, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı icra ödənişi kimi Şəki İcra və Probasiya Şöbəsinin hesabına 478 manat ödəmişdir. - "xxxx" ASC-yə X3 borcu ilə əlaqədar 796.45 manat məbləğində xx.xx.2024-cü il tarixdə pul İddiaçı tərəfindən ödənilmişdir. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 və İddiaçı oğundan Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinin icra edilməsi tələb edilmişdir. - Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 102,40 manat Şəki Rayon Məhkəməsində iddia qaldırması üçün ödəmişdir. - X1 İdarəsi tərəfindən verilmi. xx.xx.2025-ci il tarixli, 07 saylı arayışdan məlum olur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqından 2020-ci ilin sentyabr ayından 2024-cü ilin iyul ayına kimi cəmi 3275 manat tutulmalar aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2-ci maddəsinə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə görə isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinə görə cavabdeh əsas borclu, iddiaçı zamin olmaqla, 3941,27 ABŞ dolları borcun 20 manat dövlət rüsumu onlardan alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Hazırkı halda icra dövründə iddiaçının əmək haqqından tutulma 3275 manat və əlavə borc ödənişlər 796,45 manat və icra ödənişi kimi 478 manat ödəməklə borc ödənmişdir. 3275+796,45+478=4549,45 manat iddiaçı tərəfindən banka və icra ödənişinə ödənilmişdir. Həmin ödədiyi reqres qaydada onun tələb etmək hüququ yaranmışdır. İddiaçı 7176,21 manat pul tələbinin 4549,45 manat hissəsini sübut edə bilmişdir. Bank borcun tam ödənildiyini təsdiq etmişdir. Cavabdeh isə borca görə ödənişləri etməsinə və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmasına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, verilmiş tələblər üzrə və sübutlar əsasında işə baxaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə ödədiyi borcun geri qaytarılmasını cavabdəhdən tələb etməkdə haqlıdır və iddia sübut olunan hissədə təmin edilərək, ödənilmiş cəmi 4549,45 manat borc, dövlət rüsumu və borca hesablanmış icra ödənişi cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyindən hazırkı iddia üzrə dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-5516/2015 saylı icra sənədinə əsasən əmək haqqından tutulmuş 3275 (üç min iki yüz yetmiş beş) manat, icra ödənişi 478 (dörd yüz yetmiş səkkiz) manat, borc ödənişi 796,45 (yeddi yüz doxsan altı manat, qırx beş qəpik) manat olmaqla, cəmi 4549,45 (dörd min beş yüz qırx doqquz manat, qırx beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh X2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar