Məhkəmə qərarları › İş №e-2(075)-1084/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1084/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1084/2023 21.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı və onun etibarnamə nümayəndəsi (vəkili) X1 İddiaçı Cavabdeh MMC-nə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərancamına əsasən Cavabdeh (MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin (“Kooperativ”) direktoru X3 (“Payçı”) ilə müqavilə bağlanmışdır. Mövcud müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”-ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini,“Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. Həmin müqaviləyə görə xx.xx.2016-cı il tarixdə onun tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi üçün əvvəlcədən 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, qalıq borcu olmadan tam ödənilmişdir. Bunun əsasında həmin qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsi barədə ona Cavabdeh MMC tərəfindən 02 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin 02 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən də göründüyü kimi, xx.xx.2016-cı il tarixdə onun tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 34,92 kv.metr qeyri-yaşayış sahəsi üçün 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini icra etməmiş və sözügedən binanın “A4” blokunun heç bir tikintisi aparılmamışdır. Cavabdeh MMC onu inandırmışdır ki, binanın bloku hazırdır və müqavilə bağlanan zaman digər bloku təqdim edərək ondan 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulu almışdır. Lakin mövcud olacaq blok nəticədə heç tikilməmiş, binanın blokunun tikilməməsi barədə ona heç bir məlumat verməmişdir. Bu barədə məlumat ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehə qarşı olan digər iddia tələbi üzrə məhkəmə baxışı zamanı – 2022-ci ilin oktyabr ayında məlum olmuşdur. Bundan sonra o cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılmağı ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir. Nəticədə həmin müraciətə cavab olaraq araşdırma zamanı məsələnin mülki xarakterli məsələ olduğu və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququmun olmasımənə izah edilmişdir. Göründüyü kimi, o qeyri-yaşayış sahəsinin tam dəyərini 7 il bundan əvvəl ödəmiş olsa da, indiyədək ona heç bir qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən qeyri-yaşayış sahəsini tikib ona verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onu qeyri-yaşayış sahəsi ilə təmin etməmiş, eləcədə ödənilmiş pulu ona qaytarmamışdır. Belə ki, xx.xx.2016cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun geri qaytarılması, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin mübahisənin həlli üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı Cavabdeh MMC tərəfindən məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilə imzalanmışdır. Lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisi dayandırılmışdır. Qeyd olunan hal onların iradəsi əsasında baş verməmişdir. Nə də ki, onlar əvvəlcədən qeyd olunan blokun tikintisinin dayandırılacağını bilməmişlər. Azərbaycan Respublikasının MM-in 448.1, 448.2 və 448.4-cü maddələrinin (bax yuxarıda § 46) əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, bir şərtlə ki, bu öhdəliklərin pozulmasında təqsirli olsun. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmçinin tərəflərindən iddiaçı ilə aralarında olan müqavilənin aşağıdakı hüquq normasına əsaslanaraq ləğv olunmasına dair iddia tələbi irəli sürəmək fikirləri vardır. Azərbaycan Respublikasının MM-nin 422.1-ci maddəsinə görə Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmçinin iddiaçı, iddia tələbində ümumiyyətlə onlarla onun arasında olan bu müqavilənin haradan qaynaqlandığı barədə məlumat verməmişdir. Lakin özünün də bildirdiyi kimi, iddiaçı başqa bir tələblə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş araşdırılarkən məlum olmuşdur ki, əslində bu müqavilə iddiaçının oğlu olan X2 ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin əvəzi kimi bağlanmış müqavilədir. Belə ki, "xxxx" MTK tərəfindən etiraz ərizəsinə əlavə etdikləri mənzil verilmədiyindən, onlarla iddiaçı arasında mübahisə predmeti olan müqavilə imzalanmışdır. İddiaçı onlara heç bir ödəniş etməmişdir. Əslində ödənişlər "xxxx" MTK-nə ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququ var. Keçirilmiş məhkəmə proseslərində iddiaçı özü də etiraf etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə "xxxx" MMC-nə heç bir ödəniş etməmşdir. "xxxx" MTK onu aldatmış və onun oğlu ilə bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməmiş və əvəzində "xxxx" MMC ona mənzil vermişdir. Mülki işi araşdırarkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun etibarnamə nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi. İşin halları İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 30 mart 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan 31 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 31 mart 2023-cü il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 34,92 kv.metr qeyri-yaşayış sahəsi üçün 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Qalıq borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən “İnter" MMC-nə göndərilmiş 14 mart 2023cü il tarixli pretenziyadan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015ci il tarixli Sǝrancamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti "xxxx" MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə həmin MMC-nin direktoru X3 ilə onunla müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə onların təşkilat Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisini başa çatdırdıqdan sonra, həmin binanın "A4" blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsini tikib mənim öhdəmə verməyi öhdəliləklərinə götürmüşlər. Mövcud müqavilə əsasında qeyd olunan ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının "A4" blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi üçün onun tərəfindən əvvəlcədən 69854,00 (altmış doqquz min səkkiz yüz alli dörd) manat nağd qaydada, qalıq borcu olmadan, tam ödənilmişdir. Pul məbləğinin tam ödənilməsi barədə ona onların təşkilat tərəfindən 02 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Hazırda sözügedən ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının "A4" blokunun tikintisi işləri umimiyyətlə aparılmamışdır. Siz xx.xx.2016-cı il tarixli müqavilədən yaranan öhdəlikləri icra etməmişlər, nəticədə 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi onun istifadəsinə təhvil verilməmişdir. Aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın "A4" blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsi vaxtında tikib təhvil vermədiklərinə və müqavilə öhdəliklərini icra etmədiklərinə görə, könüllü formada 15 gün ərzində mövcud müqavilənin pozulması və ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz alli dörd) manat pulun ona qaytarılması onlardan tələb olunmuşdur. Əks təqdirdə qüvvədə olan Qanunların tələblərinə uyğun olaraq bu mübahisə məhkəmə müstəvisində həll ediləcəyi, əlavə olaraq dövlət rüsumu və məhkəmə prosesi zamanı çəkilən digər xərclərin tutulması onlardan tələb ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Cavabdeh MMC-nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki:

1. Cavabdeh xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və «X8» Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti,1181-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ile «X8» MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "İnter” MMC-nin istifadəsinə verilsin. 1.1. «X8» MTK-ya dair razılaşdırılmış layihə sənədləri Cavabdeh MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilsin. 1.2. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1ci bəndi ilə «X8» MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha müəyyən edilsin.

2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.2. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.3. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.5. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.6. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır.

3. Sifarişçi, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd almalıdır.

4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir.

5. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.

6. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının «Torpaq Məcəlləsi»nin 73-cü maddəsi ilə tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 10/4815 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4 – A- 1 vǝ T-1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "A-1" və "T-1" bloklarının faktiki vəziyyətdə inşa edildiyi müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən A-5-A-4-A- 1 vǝ T-1 binalarının planlaşdırılmasının xx.xx.2016-ci ildə təsdiq olunmuş Eskiz Layihəsində göstərilən "xxxx" MMC tərəfindən inşa edilməli olan "A4" blokunun tikintisinə başlanılmadığı, Eskiz Layihəsində qeyd olunan "A-4" blokunun yerləşdiyi yerdə faktiki olaraq hər hansı binanın inşa edilmədiyi müəyyən olunur. "xxxx" MMC tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181- ci məhəllədə yerləşən tikintisi başa çatdırılmış binaların, həmin ünvanda yerləşən yaşayış kompleksinin (A-5, A-4, A-1, T-1 binalar planlaşdirmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsində planlaşdılmış "A-1" və "T-1" binaları olduğu müəyyən edilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. 31 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 31 mart 2023-cü il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 34,92 kv.metr qeyri-yaşayış sahəsi üçün 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Göründüyü kimi, Cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 34.92 m təşkil edən qeyri-yaşayış sahəsini təhvil verməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və qeyri-yaşayış sahəsi üçün ödədiyi 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat qalıq borcu tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar