Məhkəmə qərarları › İş №e-2(075)-1106/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1106/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1106/2022 25.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1280,51 (bir min iki yüz səksən manat əlli bir qəpik) manat borc və ödənilmiş 33,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi Ağayev Seymur məhkəməyə 28 iyun 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00513 olan Cavabdehelektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı"xxxx" ASC-yə cəmi 1280.51 (bir min iki yüz səksan manat əlli bir qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 1280.51 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay İsmayılovAlay İsmayıl oğlunun ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırımüəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürüdüyü öhdəlikləri pozur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, əvvəllər Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşamışdır. Ailəsi dağıldıqdan sonra o, 2006-cı ildə Azərbaycan Respublikasından getmiş və həmin fərdi yaşayış evinə 2011-ci ildə qayıtmışdır. Bu müddət ərzində həmin evdə yaşamamışdır. O, evə 2011-ci ildə qayıtmışdır. Evə qayıtdığı zaman evində işıq sayğacının olmadığını görmüşdür. O, bu barədə "xxxx" ASC-yə müraciət etmiş və 50 manat rüsum ödədikdən sonra ona yeni işıq sayğacı quraşdırmışlar. Sonradan o, yenidən getmiş və evə 2017-ci ildə qayıtmışdır. Həmin fərdi yaşayış evi istifadə üçün yararsızdır. Həmin evdə, o, yaşamamışdır. Hesab edir ki, onun yaşadığı evdə quraşdırılmış sayğac, o, evdə yaşamadığı müddətdə açılaraq başqa şəxslərin istifadəsinə verilmiş, sayğac üzrə borc yığıldıqdan sonra yenidən onun evinə quraşdırılmışdır. İddianı qəbul etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, **********00513 saylı abonentin elektrik enerjisindən istifadə nəticəsində 2022-ci ilin yanvar ayının birinə istifadə edilmiş elektrik enerjisinin dəyəri üzrə 1280,51 manat (797,44+647,94-166,00=1280,51) borcu yaranmışdır. Mülki iş materiallarını araşdırıb, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASC-nin iddiası əsaslıdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh yaşadığı ünvanda elektrik sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət elektrik enerjisindən istifadə edilsə də, cavabdeh tərəfindən 1280,51 manat borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də "xxxx" ASC hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı mənzildə elektrik enerjisindən istifadə etsə də, abonent hesabında yaranmış enerji sərfiyyatı kimi hesablanmış cəmi 1280,51 manat borcu tam şəkildə ödəməmişdir. Cavabdehin sayğacın başqa şəxslər tərəfindən istifadə edilməsi nəticəsində borcun yaranmasına dair bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunanla bağlı cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən cavabdehin izahatını məhkəmə əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1280,51 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1280,51 manat məbləğində borc və ödənilmiş 33.40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar