Məhkəmə qərarları › İş №e-2(075)-1154/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1154/2023

14.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1154/2023 14.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndələri X2 və X3 iştirakı ilə İddiaçı cavabdehlər "Şəki Rayon Mərkəzi Xəstəxanasi" Publik hüquqi şəxsə əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn onun işdən azad olunması barədə verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2010-cu il tarixdə X7 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Şəki RMX Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdən hal-hazıradək daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Lakin Şəki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları bas vermiş və həmin qurbanlardan biri də o olmuş və 10 mart 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "C" bəndi ilə xitam verilmişdir. Sözügedən əmrlə razılaşmadığı üçün müvafiq instaniyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişdir. Lakin mediasiya mərhələsində mübahisənin həlli mümkün olmadığı üçün ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin dəyişməsi ilə bağlı xitam verilmiş və o, işdən azad edilmişdir. Lakin əmək şəraitinin hansı formada dəyişməsi, həmin dəyişmənin nədən ibarət olması barədə ona heç bir məlumat verilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əmək şəraitinin dəyişməsinin nədən ibarət olduğunun əsaslandırılması üçün Cavabdehnə sorğu ünvanlasa da, həmin sorğu cavablandırılmamış, İddiaçı işdən çıxarılma səbəbləri barədə məlumat verilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı məişət avadanlığı ustasıdır. Onun diplomunda da texniki avadanlıqlar üzrə mütəxəssis yazılmışdır. Lakin həmin vəzifənin təlimatında isə tibb avadanlıqları üzrə ali təhsilli mütəxəssis olması tələb olunur. Eyni zamanda həmin vəzifədə işləyən işçi 137 saat müvafiq dərs keçməli və 3 il iş stajına malik olmalıdır. Bundan başqa iddiaçı əvvəlcədən məlumatlandırılmış və ona xəstəxanada xəzinədar işi təklif olunmuşdur ki, həmin vəzifə üzrə əmək haqqı da hazırkındən 150 manat artıqdır. Lakin o, qeyd edilən təkliflə razılaşmamışdır. Bundan başqa iddiaçının təhsil aldığı dövrdə həm də işləmişdir ki, bu da onun diplomunun saxta olması ilə bağlı şübhələr oyadır. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi X4 da iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2011-ci il tarixli, A 116745 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Şəki 1 nömrəli Peşə məktəbini texniki avadanlıqlar üzrə mütəxəssis ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi ilə «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi tərəfindən «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə ünvanlanmış 22 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsində çalışan İddiaçı çalışdığı vəzifənin ixtisas tələblərinə uyğun gəlmədiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin əmək müqaviləsinə xitam verilməsi barədə 10 mart 2023-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" - əmək şəraitinin şərtlərinin dəyişdirilməsi bəndi ilə 10 mart 2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 15 sentyabr 2010-cu il tarixdə X7 qəbul olmuş və "texniki avadanlıqlar üzrə mütəxəssis" ixtisası üzrə təhsil almışdır. 01 fevral 2021-ci il tarixdən Şəki RMX Sığortanın təşkili və innovasiya şöbəsinin Biomedikal bölməsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin 10 mart 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilmişdir. İddiaçı qeyd edilən əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı tələblə məhkəməyə mürqaciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göründüyü kimi qanunvericilik hansı hallarda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, bunun nəticəsində işçi ilə işəgötürən arasında münasibətlər gözlənilməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmçinin fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Hazırkı iş üzrə cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam verilsə də, əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi, eyni zamanda dəyişdirilmiş şərtlərin nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad edilməsi barədə Cavabdehn verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı işdən azad edilməsi barədə Cavabdehn verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmri ləğv edilsin. İddiaçı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanasi" Publik hüquqi şəxsdə işə bərpa edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar