Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1309/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, F.Sadıqov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 ilə Cavabdeh2 xx.xx.1996-cı il tarixində Şəki şəhər VVAQ şöbəsində nikah bağlamışlar. Onların birgə nikahından xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1 adlı uşaqları dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-3904/2016 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.1996-cı il tarixli 321 nömrəli nikah pozulmuşdur. Tərəflər arasında olan nikah münasibətləri pozulduqdan bir müddət sonra Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda Şəki Rayon Məhkəməsinə müraciət edərək İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Sadıqov küçəsi 5 ünvanında olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-12662/2016 nömrəli qətnaməsi ilə Cavabdeh1 İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Sadıqov küçəsi 5 ünvanında olan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və həmin evə köçürülməsi qərara alınmışdır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(075)-517/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Sadıqov küçəsi 5 ünvanında olan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və həmin evə köçürülməsi qərara alınmışdır. Hər iki məhkəmə qətnaməsi icra edilməsi üçün Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqələri üzrə icraata başlanma barədə qərar qəbul edilsə də tələbkar tərəflər evə köçməmişlər və nikah münasibətlərinin pozulduğu dövrdə yaşadıqları Bakı şəhərində yaşamağa davam etmişlər. Bu günə kimi də həmin iki şəxs Bakı şəhərində yaşamaqdadır. Cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələblə razılaşmırlar o əsasla ki, iddiaçının hazırkı tələbinin huquqi əsası yoxdur. Yəni iş üzrə cavabdehlərin həmin mənzildən istifadə hüququnun yaranmasını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Hansı ki, istifadə hüququna iddiaçı tərəfindən ancaq müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər. İddiaçı tərəf Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək tələbdə göstərirlər ki, cavabdehlər başqa mənzillərdə yaşadığından artıq onların yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığından istifadə hüququ itirilmiş hesab edilməlidir. Lakin bu məhkəminin mövqeyinə yanaşmada heç də həqiqəti əks etdirmir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Buradan belə bir hüquqi nəticə çıxır ki bir qayda olaraq istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilməlidir. Ancaq istisna hal kimi bu hüququ əldə edənin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığı halda kompensasiyasız xitam verilə bilər. Məhkəmənin mövqeyi tam şəkildə aydındır ki, yeganə hal olaraq o halda istifadə hüququna kompensasiyasız xitam verilə bilər ki, bu hüquq daşıyıcılarının yaşayış sahəsinə artıq heç bir ehtiyacı olmasın. Məhz bu özündə birbaşa ehtiva edir ki, yəni həmin şəxslərin özlərinə məxsus mülkiyyətində yaşayış sahəsi ev olsun. Hüquq normasının məzmunundan göründüyü kimi istifadə hüququndan bu və ya digər formada istifadənin edilməməsi nəticəsində istifadə hüququnun itirilməsi həmin norma ilə tənzimlənmir. Bundan başqa isə qanunvericilikdə elə bir norma yoxdur ki, hazırkı mübahisə ilə bağlı münasibətləri nizama salmış olsun. Çünki hər şeydən əvvəl iş üzrə cavabdehlərin hüquqlarından istifadə edərək sözügedən mənzilə köçürülmələrini hal-hazıradək tələb etməmələri heç də o demək deyildir ki, artıq onların istifadə hüquqları itirilməlidir. Sözügedən yaşayış evi iki otaqdan ibarət olmaqla Cavabdeh2 əri başqa qadınla evlənmiş və hazırkı vəziyyətdə köçürülməsini o tələb edə bilməmişdir. Cavabdehlərin həmin evdə 8 il ərzində yaşamamasına dair göstərilənlər də həqiqəti əks etdirmir. Belə ki, cavabdeh Sabir Muxtarov son vaxtlaradək mütəmadi olaraq vaxtaşırı həmin evdə yaşamış, onun qalmasına etiraz edilməmişdir. O, ali məktəbə daxil olana qədər və tələbə olduğu vaxtlarda hər yay həmin evə qayıtmış, orada yaşamışdır. Cavabdeh2 onlara narahatlıq vermək istəməmişdir. Cavabdehlərə məxsus bütün əmlak həmin evdədir və hal-hazıradək əmlakın evdən çıxarılması ilə bağlı iddiaçı tərəf bu və ya digər formada etiraz etməmiş, məhkəməyə müraciət etməmişdir. Cavabdehlər həmin evdə pasport qeydiyyatındadırlar və digər yerdə heç bir yaşayış sahəsi yoxdur. Əgər cavabdehlərin mülkiyyət və ya istifadə hüququ ilə hər hansı yaşayış sahəsi varsa bununla bağlı sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür və təsdiq olunduğu halda onlar iddianı qəbul edirlər. İnsanların kirayədə yaşaması özü-özlüyündə mülkiyyətində ev olduğu hallar istisna edilməklə həmin şəxslərin yaşayış sahəsinə ehtiyacı olmasını birbaşa təsdiq edir. Məhz bu yanaşmadan istifadə edərək Konstitusiya Məhkəməsi şərh verərkən göstərir ki, ancaq yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdıqda xitam verilə bilər.Cavabdehlərin belə bir ehtiyacının olmasının əksini təsdiq edən sübutun təqdim edilməsi mümkün deyildir. Məhkəmə baxış iclasında cavabdehlərin iştirakı təmin ediləcəkdir, eyni zamanda iddiaçının da iştirakının təmin edilməsinə zərurət vardır. Belə ki, cavabdehlərin 8 il ərzində həmin evdə yaşamamalarına dair tələbdə göstərilənlərin həqiqət olub olmaması aydınlaşacaqdır. Odur ki, həmin məhkəmə iclasında iş üzrə iddiaçının da iştirakının təmin olunmasını xahiş edirəm. Bu ancaq tərəflər arasında keçən müddət ərzində münasibətlərin necə davam etməsinə aydınlıq gətirilməsi zərurətindən irəli gəlir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X2 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 evə köçürülmə barədə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra universitetə qəbul olunduğunu, sonra işə qəbul olunduğunu, keçən il ailə həyatı qurduğunu, hazırda kirayədə yaşadığını, hər il nənəsini görmək üçün Şəkiyə gəldiyini, axırıncı dəfə may ayında burada olduğunu bildirmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Şəki şəhəri, 21-ci rayon, S.Rəhman 5 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Şəki Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(075)-12662/2016 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-517/2017 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(075)-3904/2016 saylı qətnaməsinə əsasən, X7 ilə X5 arasında Şəki şəhər VVAQ Şöbəsində bağlanmış 30 noyabr 1996-cı il tarixli 321 nömrəli nikahın pozulması qət edilmişdi. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı şəxsiyyət vəsiqəsində göstərilən Şəki şəhəri, F.Sadıqov küçəsi, ev 5 ilə eynilik təşkil edir. - Şəki rayonu Üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 2709/04 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-517/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 borclu İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən evdən istifadə hüququ tanınmış və həmin evə köçürülməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya müvafiq bildiriş göndərilmişdir. X3 göstərilən evdə istifadə hüququ barədə müvafiq qeydlərin aparılması üçün xx.xx.2019-cu il tarixdə Şəki ŞRPŞ-nin Qeydiyyat və X4 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciətlər edilmişdir. İcra sənədi icraata daxil olduğu tarixdən indiyə qədər tələbkar Elnurə Muxtarova, icra sənədində göstərilən evə köçürülməsi ilə bağlı müraciət etməmişdir. Ona görə də tələbkarın evə köçürülməsi hissəsində icra sənədinin icrası təmin edilməmiş qalmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-12662/2016 saylı icra sənədinə əsasən tələbkar Cavabdeh1 borclu İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən evdən istifadə hüququ tanınmış və həmin evə köçürülməlidir. İcra sənədi xx.xx.2026-cı il tarixdə icraaa daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələbkar Cavabdeh1 indiyə qədər evə köçürülmə tələbinin icrası ilə bağlı şöbəyə müraciət etməmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Şəki şəhəri, F.Sadıqov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)-12662/2016 saylı və xx.xx.2017-ci il tarixli 2(075)-517/2017 saylı qətnamələrinə əsasən cavabdehlərin qeyd edilən evə istifadə hüququları tanınmış və həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Həmin tarixdən sonra cavabdehlər tərəfindən həmin evə köçürülmə ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müəyyən edilməmişdir. Bu həm Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin məktubundan, həm də cavabdehlərin etirazından müəyyən edilir. Hazırda iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər. Bakı şəhərində kirayə yaşadıqlarını, onların həmin evə istifadə hüquqlarının məhkəmə qətnaməsinə əsasən yarandığını, bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evinə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. Belə ki, bu hüququ onlara məhkəmə qətnaməsi ilə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə ilk növbədə qeyd edir ki, istifadə hüququ sosial yönümlü cəmiyyətlərdə insanların minimal həyat şəraitinin yaradılması şərait yaratmaq, ən əsas Konstitusion hüquq olan mənzil (yaşayış) sahəsi ilə təmin etmək məqsədi daşıyır. Məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar da bu məqsədə xidmət etməkdədir. İstər mülki qanunvericilikdə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında istifadə hüququnun yaranması əsasları müəyyən edilmiş, lakin hüququn yaranması əsasından asılı olmayaraq istifadə hüququnun verilməsi məqsədi dəyişilməmişdir. Bu səbəbdən cavabdehlərə məhkəmə qətnaməsi ilə istifadə hüququnun tanınması, onların həmin yaşayış sahəsindən istənilən (qeyri-müəyyən) müddət ərzində istifadə etmədikləri halda belə istifadə hüququnun saxlanılmasına əsas vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 məhkəmə qətnaməsi qəbul edilən vaxtdan sonra həmin evə getməmiş, digər Cavabdeh1 isə müəyyən müddətdən bir (təxminən ildə bir neçə dəfə) nənəsini (iddiaçını) görmək üçün həmin evə getmişdir. Belə olan halda cavabdehlərin həmin evə ehtiyaclarının olması müəyyən edilməmişdir. Göstərilənlərə və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, F.Sadıqov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, F.Sadıqov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1309/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1309/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver