Məhkəmə qərarları › İş №e-2(075)-1371/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1371/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1371/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanılan 07 iyul 2022-ci il tarixli «Tikinti podrat müqaviləsi»nin ləğv edilməsi, Cavabdeh 35800 (otuz beş min səkkiz yüz) manat pulun, həmin məbləğin 10%-i miqdarında 3580 (üç min beş yüz səksən) manat dəbbə pulunun, qiymətləndirmə hesabatı üçün ödənilən 650 (altı yüz əlli) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanılan 07 iyul 2022-ci il tarixli «Tikinti podrat müqaviləsi»nə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən ərazidə təmir-tikinti sahəsi 177,40 kv.m, terras sahəsi 10,8 kv.m, balkonu 5,7 kv.m olan iki mərtəbəli fərdi yaşayış evini 6 (altı) ay ərzində inşa edib ona təhvil verməyi, o isə müqavilə ilə müəyyən olunan 67000 (altmış yeddi min) manat məbləği cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra 07 iyul 2022-ci ildə onun tərəfindən cavabdehə müqaviləyə əlavədə göstərilən ilkin ödəniş - 20100 (iyirmi min bir yüz) manat məbləğində vəsait ödənilmiş, daha sonra 09 avqust 2022-ci ildə 10000 (on min) manat ödənilmiş, 19 avqust 2022-ci ildə 10000 (on min) manat ödənilmiş, 05 sentyabr 2022-ci ildə 12000 (on iki min) manat ödənilmiş, 14 dekabr 2022-ci ildə isə 6000 (altı min) manat ödənilmişdir. Ümumilikdə onun tərəfindən cavabdehə 58100 (əlli səkkiz min bir yüz) manat vəsait ödənilmişdir. Cavabdeh bu pulları qeyd olunan mədaxil qəbzləri əsasında ondan qəbul etsə də, fərdi yaşayış evinin tikintisini başa çatdırmamış, vəsaitin çox hissəsini mənimsəyərək tikintini yarımçıq saxlayıb tikinti sahəsini tərk edərək getmişdir. Artıq 3 aydır ki, evin tikintisi yarımçıq qalmışdır. O bu müddət ərzində cavabdehlə əlaqə saxlamaq, görüşüb bu məsələni müzakirə etmək, tikintini başa çatdırmaq üçün ona əlavə vaxt vermək istəsə də, buna nail ola bilməmişdir. Çünki cavabdehin yerini müəyyən etmək və onunla telefonla olsa belə əlaqə saxlamaq mümkün olmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh başqa şəxslərlə də oxşar müqavilələr bağlayaraq onlardan külli miqdarda vəsaitlər qəbul etmiş, vəsaitin bir hissəsini tikintilərə sərf edərək iş görüntüsü yaratmış və sonra da tikinti sahələrini tərk edərək getmişdir. Halbuki müqavilənin şərtlərinə əsasən cavabdeh evi tam təmirli hala gətirərək standart paket şərtlərinə uyğun halda ona təhvil verməli idi. Beləliklə də müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməklə yanaşı, ona külli miqdarda da zərər vurmuş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh ona məxsus ünvanda evin inşasına başlasa da, onu yarımçıq saxlamış və onun ödədiyi ümumi məbləğdən yalnız 22300 (iyirmi iki min üç yüz) manat hissəni tikinti işlərinə sərf etmişdir. Bu hal müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli «Fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatı» ilə də müəyyən olunur. Həmin hesabata əsasən ona məxsus ünvan 2 ünvanda yerləşən ərazidə inşa edilən fərdi yaşayış evinin (yarımçıq tikilinin) tikintisinə 22300 (iyirmi iki min üç yüz) manat xərc çəkilmiş, həmin evin təmirinə çəkilməli olan xərc isə 44800 (qırx dörd min səkkiz yüz) manat təşkil edir. Müqaviləyə əsasən müqavilə qiymətinin 10% hissəsi evin təhvili zamanı onun tərəfindən cavabdehə ödənilməli idi. Lakin cavabdeh müqavilənin bağlandığı vaxtdan 6 aydan da çox vaxt keçməsinə baxmayaraq onun ödədiyi 58100 (əlli səkkiz min bir yüz) manat vəsaitin yalnız 22300 manat hissəsini tikintiyə sərf etmiş, qalan 35800 (otuz beş min səkkiz yüz) manat vəsaiti isə mənimsəmişdir. O cavabdehlə əlaqə yaratmaq üçün dəfələrlə cəhd etsə də, buna nail ola bilməmişdir. Odur ki, müqavilənin ləğv edilməsi və cavabdehdən tikintiyə sərf edilməyən pulun tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ilə bağlanılan 07 iyul 2022-ci il tarixli «Tikinti podrat müqaviləsi» ləğv edilməli, cavabdehdən 35800 (otuz beş min səkkiz yüz) manat tikintiyə sərf edilməmiş vəsait, həmin məbləğin 10%-i miqdarında dəbbə pulu, qiymətləndirmə hesabatı üçün ödənilən 650 (altı yüz əlli) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə Bakı şəhərində 6 ay ərzində fərdi yaşayış evinin inşa edilməsi ilə bağlı müqavilə bağlamışdır. Müqavilənin qiyməti 67000 (altmış yeddi min) manat müəyyən edilmişdir. Evin tikintisi ilə bağlı cavabdehə ümumilikdə 58100 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh tikintini yarımçıq saxlamış və ona ödədiyi məbləğdən yalnız 22300 manat hissəsini tikinti işlərinə sərf etmişdir. Bundan sonra, cavabdehlə əlaqə saxlaya bilməmişdir. Buna görə də o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli «Fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatı»ndan görünür ki, ünvan 2 ünvanda yerləşən ərazidə inşa edilən fərdi yaşayış evinin tikintisinə 22300 (iyirmi iki min üç yüz) manat xərc çəkilmiş, həmin evin təmirinə çəkilməli olan xərc isə 44800 (qırx dörd min səkkiz yüz) manat təşkil edir. 07 iyul 2022-ci il tarixli tikinti podrat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sifarişçi İddiaçı təmir-tikinti işlərinin yerinə yetirilməsini Cavabdeh həvalə etmiş və o, öz növbəsində bu işlərin görülməsinin üzərinə götürmüşdür. Müqavilənin qiyməti 67000 (altmış yeddi min) manat müəyyən edilmişdir. İddiaçı X1 ünvanlandığı pretenziya məktubundan görünür ki, Cavabdeh 07 iyul 2022-ci il tarixli “Tikinti podrat müqaviləsi”nin ləğv edilməsini və əks təqdirdə yaranan mübahisənin həlli üçün barəsində məhkəmədə iddia qaldırılması barədə xəbərdar olunmuşdur. 07 iyul 2022-ci il tarixli, GİG/8 seriyalı, 023871 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 20100 (iyirmi min bir yüz) manat məbləğində ödəniş etmişdir. 08 avqust 2022-ci il tarixli, GİG/8 seriyalı, 023877 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 10000 (on min) manat məbləğində ödəniş etmişdir. 19 avqust 2022-ci il tarixli, GİG/8 seriyalı, 023881 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 10000 (on min) manat məbləğində ödəniş etmişdir. 05 sentyabr 2022-ci il tarixli, GİG/8 seriyalı, 023886 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 12000 (on iki) manat məbləğində ödəniş etmişdir. 14 dekabr 2022-ci il tarixli, GİG/8 seriyalı, 023896 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh tikinti-təmir üçün 6000 (altı min) manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış “Tikinti podrat müqaviləsi”nə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən ərazidə fərdi yaşayış evinin inşa edilməsi üçün iddiaçı cavabdeh ilə 67000 (altmış yeddi min) manat ödənilməli olan puldan 58100 (əlli səkkiz min bir yüz) manat məbləğində pul vermişdir. Bu hal iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri ilə təsdiq olunur. Cavabdeh 6 ay ərzində fərdi yaşayış evini inşa edib təhvil verməyi öhdəsinə götürsə də, fərdi yaşayış evində ümumilikdə 22300 (iyirmi iki min üç yüz) manat dəyərində təmir işləri görmüş və təmiri başa çatdırmamışdır. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada fərdi yaşayış evinin təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi tam yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, iddiaçı cavabdehə təmir xərcləri üçün ümumilikdə 58100 (əlli səkkiz min bir yüz) manat məbləğində pul ödəmişdir. Qiymətləndirmə rəyinə əsasən görülmüş işlərin dəyəri 22300 (iyirmi iki min üç yüz) manat təşkil edir. Yəni, sifarişçi tərəfindən ödənilən 58100 (əlli səkkiz min bir yüz) manat pulun müqabilində podratçı cəmi 22300 (iyirmi iki min üç yüz) manat dəyərində sifariş yerinə yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yerinə yetirilməyən sifarişə görə ödənilmiş 35800 (otuz beş min səkkiz yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 210.09 (iki yüz on manat doqquz qəpik) manat dövlət rüsumundan və tikinti işlərinin qiymətləndirilməsi üçün ödənilmiş 650 (altı yüz əlli) manat puldan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 210.09 (iki yüz on manat doqquz qəpik) manat dövlət rüsumu və qiymtələndirmə hesabatı üçün ödənilmiş 650 (altı yüz əlli) manat məbləğində pul cavabehdən tutulub iddiaçıya veriməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2022-ci il tarixli «Tikinti podrat müqaviləsi» ləğv edilsin. Cavabdeh 35800 (otuz beş min səkkiz yüz) manat pul, həmin məbləğin 10%-i miqdarında 3580 (üç min beş yüz səksən) manat dəbbə pulu, qiymətləndirmə hesabatı üçün ödənilən 650 (altı yüz əlli) manat xidmət haqqı və 210.09 (iki yüz on manat doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar