Məhkəmə qərarları › İş №e-2(075)-1403/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1403/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1403/2023 19.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi; Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi; İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildən gəlin köçdüyü və yaşadığı ünvan 1 ünvanda yerləşən evdən istifadə hüqunun tanınması, ona və X5 cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, onun və qızının ünvan 3 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X14 ilə 25 iyun 1993-cü il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından xx xxxx 1994-cü il təvəllüdlü X15 anadan olmuşdur. Şəki Rayon Məltkəməsinin 18 may 2020-ci il tarixli, 2(075)- 347/2020 saylı qətnaməsi ilə X14 ilə onun arasında Şəki rayon Qeydiyyat şöbəsində 25 iyun 1993-cü il tarixdə bağlanmış 272 nömrəli nikahın pozulması qət edilmişdir. Nikahı pozulmamışdan əvvəl Laçın Məmmədov hələ qızı səkkiz aylıq olduğu vaxtdan Rusiya Federasiyasına getmişdir. Bu müddət ərzində o, həmin evdə qızı ilə birlikdə yaşamış və həmin evdə şəxsi vəsaiti, aldığı kreditlər hesabına təmir-tikinti işləri aparmışdır. İllər sonra qızının xeyir işində X25 Federasiyasından gələrək toy mərasimində iştrak etsə də, yenidən Rusiya Federasiyasına qayıtmış və onların evdə yaşamalarına etiraz etməmişdir. Lakin bu yaxınlarda X7 Rusiya vətəndaşlığını qəbul etdiyini bilən qaynının oğlu olan Cavabdeh1, böyük qaynım Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3, o, evdə olmadığı vaxt onlara məxsus əşyaları evdən çıxararaq qızını və onu evə buraxmırlar. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin, Cavabdeh3 27 iyul 2023cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçiriməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, o, 1993-cü ildə keçmiş həyat yoldaşı Laçınla ailə həyatı quraraq mərhum qayınatasına məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evə gəlin köçdükdən sonra orada keçmiş həyat yoldaşı Laçın, qayınanası və Rəfaellə birlikdə dördü yaşamışlar. Qeyd edilən fərdi yaşayış evi mərhum qayınatasının mülkiyyətində olmuşdur. Bir il sonra onların qızı iddiaçı X8 anadan olmuşdur. Qızı 8 aylıq olanda 1995-ci ildə keçmiş əri Laçın Rusiya Federasiyasına getmişdir. Rəfael isə hərbi xidmətə gedənə onunla və qayınanası ilə birlikdə həmin evdə yaşamışdır. Rəfael hərbi xidmətdən qayıtdıqdan ailə qurmuşdur. Bir müddət sonra Bakı şəhərinə getmiş, daha sonra isə Qazaxıstana köçmüşdür. O, qeyd edilən evdə mərhum qayınansı vəfat edənə kimi, yəni 2006-cı ilə kimi bir yerdə yaşamışdır. Sonradan isə 2006-cı ildə həmin evə kirəkeş qoymuş, özü də kirəkeşlərlə birlikdə orada qalmışdır. Bildirmişdir ki, onun qaynı Qüdrət həmin evi təmir etdirmişdir. Buna görə də o, evdən çıxmalı olmuşdur. Bir müddətdən sonra təmir işləri bitəndə o, yenidən evə qayıdan zaman cavabdehlər onu evə qoymamışdır. Təxminən o, 5 il qabaq həmin mübahisələndirilən evə qayıtmışdır. Cavabdehlərin ona məxsus olan əmlakları evdən çıxardıqlarını görmüşdür. Təxminən 5 ildir ki, mübahisələndirilən evdə yaşamır. O, 5 il müddət ərzində atası evində yaşamışdır. İldə bir dəfə keçmiş həyat yoldaşı Rusiya Federasiyasından gəldikdə onunla birlikdə təxminən 5-10 gün həmin evdə qalmışdır. Bildirmişdir ki, o, həyat yoldaşı Laçınla nikahları pozulana kimi, yəni 2020-ci ilə kimi həmin mübahisələndirilən evdə ara-sıra qalmışdır. Keçmiş həyat yoldaşı Laçın məhkəməyə nikahın pozulmasına dair iddia ərizəsi ünvanladıqdan iki gün sonra çıxıb Rusiya Federasiyasına getmişdir. Nikahları pozulduqdan sonra cavabdehlər onu evə buraxmadığı üçün gedib atası evində qalmalı olmuşdur. 2021-ci ildə qızı iddiaçı X8 ailə həyatı quraraq gəlin köçmüşdür. Bundan sonra qızı Yeganə ər evində yaşamışdır. Bildirmişdir ki, halhazırda həmin evdə qaynı Cavabdeh2, eltisi Cavabdeh3 yaşayırlar. Qaynı oğlu, Cavabdeh1 həmin evdə qeydiyyatda olsa da, hal-hazırda Qazaxıstanda yaşayır. Cavabdeh1 həmin evdə yaşamır. Təxminən 20 il olar ki, Qazaxıstandadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 6 ay Bakı şəhərində yaşayırlar. 6 ay müddətdə isə Şəki şəhərində yaşayırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Şəki şəhərinə gəldikləri zaman mübahisələndirilən fərdi yaşayış evində yaşayırlar. Göstərmişdir ki, Cavabdeh2 onun həmin evdə yaşamsına maneə törədir. Onu evə qoymur. Evləri təmir olduqdan sonra o, qızı, yəni iddiaçı X8 ilə birlikdə həmin evə yır-yığış etməyə getmişdir ki, köçüb yaşasınlar. Onun qaynı, Cavabdeh2 onları yoldan qovaraq evə getmələrinə icazə verməmişdir. Bir müddətdən sonra cavabdehlər ona məxsus olan əşyaları, onun əmlaklarını evdən çıxararaq atası evinə aparıb qoymuşdular. Cavabdehlər özlərinə məxsus olan əşyaları gətirib həmin evə yığıblar. Bildirmişdir ki, Cavabdeh3 ona məxsus olan əşyaları evdən çıxardıb həyətə atmışdır. Göstərmişdir ki, cavabdehlər onu evə qoymur, həmin evdə yaşamağına maneələr yaradırlar. O, həmin evdə yaşadığı müddətdə cavabdehlər onu qorxudublar. Evinin qapısına açar salaraq onu qorxutmağa çalışırdılar. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi onun anasının mülkiyyətindədir. Onlar ailədə beş uşaq olmuşlar. Həmin evə beş nəfər vərəsə vardır. Vərəsələrdən ikisi vəfat etmişdir. Mübahisələndirilən fərdi yaşayış evi iki otaqdan ibarətdir. Bildirmişdir ki, iddiaçı X8 2021-ci ildə toy edərək gəlin kömüşdür. İddiaçı X8 hal-hazırda ər evində yaşayır. Bir azyaşlı uşağı da vardır. İddiaçı1 isə həmin evdə yaşamışdır. İddiaçı1 1993-cü ildə onun qardaşı Laçınla ailə quraraq həmin evə gəlin köçmüşdür. Qardaşı Laçın bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Həmin evdə onun mərhum anası Şükufət, mərhum qardaşının oğlu Rəfael və Rəfaelin bacısı Gülnar yaşayıblar. Sonradan Gülnar ailə qurub ərə getdikdən sonra, mərhum anası və Rəfael həmin evdə yaşamışdılar. Bir müddətdən sonra isə Rəfael də ailə qurub Qazaxıstana getmişdir. Anası Şükufət rəhmətə getdikdən sonra həmin evdə Güllər bir müddət tək yaşamışdır. Bir müddətdən sonra 2003-cü ildə İddiaçı1 evi bağlayaraq çıxıb getmişdir. Bildirmişdir ki, iddiaçı evi dağıtmışdır. İddiaçı ancaq onun qardaşı Laçın Azərbaycana gələn zaman 2-3 gün gəlib qardaşı ilə birlikdə həmin qalıb, sonra yenə də çıxıb getmişdir. Evin açarı iddiaçının özündə olmuşdur. İddiaçı evi dağıtdığı üçün o, 2019cu ildə həmin evi təmir elətdirmişdir. Evdə təmir işləri gedən zaman o, iddiaçıya məxsus əmlakları evin həyətinə yığmışdır. İddiaçı1 isə gəlib əmlaklarını yığıb aparmışdır. O, iddiaçıya məxsus əşyaları qərəzli olaraq həyətə yığmamışdır. Sadəcə olaraq evdə təmir işləri getdiyi üçün iddiaçıya məxsus əşyaları həyətə çıxarmışdır. Göstərmişdir ki, 2019-cu ildən bəri qeyd edilən evdə yaşayan olmamışdır. Hal-hazırda iddiaçının həmin evdə yaşasını istəmir. Qardaşı Laçın gəldikdən sonra özləri öz aralarında razılaşarlar. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 da digər Cavabdeh2 verdiyi ifadəyə uyğun ifadə verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Qızıl Askera T1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş qeydiyyata dair cədvəldən görünür ki, Qızıl Askera 6 ünvanında yerləşən fərdi yaşayış evində X9, X2, X14, X10 və X11 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 05 iyun 1988-ci il tarixli, 559 invertar nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Nuxa şəhəri, 5-ci rayon, Q.Askera küçəsi, tup 1, ev 6 ünvanında yerlşən fərdi yaşayış evi X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 17 fevral 1992-ci il tarixli, İV-ЖГ 279996 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 17 fevral 1992-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 07 aprel 2003-cü il tarixli, AZ-İ 038584 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 07 aprel 2003-cü il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 164 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı1 nikahı 25 iyun 1993-cü il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəmirçi bulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 7 ünvanda fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 X14 ilə 25 iyun 1993cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından X15 anadan olmuşdur. X14 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Bundan sonra cavabdehlər iddiaçını onun gəlin köçdüyü evdə yaşamasına mane olaraq onu həmin evdən çıxarmışlar. İddiaçılar da həmin maneələrə son qoyulmasını, istifadə hüquqları tanınaraq mübahisəli evə köçürülmələri tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir; Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1993-cü ildən yarandığından hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evə 1993-cü ildə gəlin köçmüş, həmin evdə yaşamış və həmin evdə sahiblərindən olan qayınanası X17 ilə birgə təsərrüfat aparmışdır. Tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mövcud olmuş və tərəflər oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi İddiaçı1 da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Ona görə də, iddia tələbi İddiaçı1 ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər tərəfindən buna yaradılmış maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin mübahisəli evdən istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibəti yarandığı zamandan hazırkı vaxtadək mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və həmin evə dair hüquq müəyyənedici sənədlər mövcud deyil. Cavabdeh tərəfindən məhkəmyə təqdim edilmiş ev dəftərindən görünür ki, X6 məxsus olmuş ev Qızıl Əskər küçəsi T1, ev 6 ünvanında yerləşir. Lakin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda iddiaçıların istifadə hüquqlarının tanınmasını tələb etdikləri evlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı1 istifadə hüququnun tanınması mümkün deyildir. Bundan başqa məhkəmə, iddiaçı X5 münasibətdə qeyd edir ki, iddia tələbləri həmin iddiaçıya münasibətdə təmin edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, X8 2021-ci ildə ailə quraraq ər evinə köçmüş və uzun müddətdir daimi əsaslarla başqa evdə yaşamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar