Məhkəmə qərarları › İş №e-2(075)-148/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-148/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-148/2025 21.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. İddiaçı MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 12 avqust 2024-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh, iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etmir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və əmək müqaviləsini dəfələrlə tələb etsə də, ona təqdim edilməmişdir. Şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 28 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. İş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib, işə başlamamışdan əvvəl avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmiş və həmin kitab əzbərlənməsi tapşırılmışdır. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusunun və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir. Qısa müddət sonra müstəqil vəzifəsini icra etmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. "xxxx" MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC müqavilə üzrə ona şirkətə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, “təlim alan” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. "xxxx" MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürür. Ancaq peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, eyni tarixdə əmək müqaviləsi bağlanmış və operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni, əmək müqaviləsi üzrə işə başlamağı “təlim”in nəticəsi ilə bağlı deyil. Operator vəzifəsi peşə hesab oluna bilməz. Əmək funksiyası isə servisdə təmir olunan maşınlarda görüləcək işlərin 1 C proqramında sistemə yazmaqdan ibarət olmuşdur. Qeyd etdiyi 1C proqramında servisdə sifarişlər və ustalar tərəfindən görülən işlər qeyd olunur. Həmin qeydiyyat işi nəqliyyat vasitəsinə aid olan terminlər ilə aparılır. İddiaçının iddia etdiyi təlim isə məhz ilkin əmək vərdişlərinin, yəni 1C proqramında işləməyin və müvafiq terminlərin öyrədilməsi (əzbərlənməsi) olmuşdur. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyəti və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməmişdir. Nə onun servisdə təmir ustası kimi işləmək, nə da şirkətin onu təmir ustası kimi işə götürmək niyyəti olmamışdır. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq tədrisin qaydaları, tədrisin tarixi və vaxt, imtahan qaydaları, tədrisin nəticəsi və istehsalata və ya işə buraxılması qaydası göstərilməli idi. Yekunda 20 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin, test imtahanı təlimin nəticəsi ilə bağlı olmamışdır. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olmuşdur. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə "xxxx" MMC sonradan əmək müqaviləsi üzrə işəgötürən, o isə işçi olmuşdur. O, təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və zərərlidir. xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin pozulmasını cavabdehin işdən azad edilməsi əsasında yarandığını göstərir. Beləliklə, tərəflər arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə iddiaçı müqavilənin davamlığını əmək münasibətlərinin davam etdirilməsi ilə şərtləndirmişdir. Bu məcburi əməyə cəlb etmənin əlamətidir. Hazırkı müqavilə şirkətdə işçilərin az əmək haqqı ilə işdə saxlanılmasına xidmət edir. Təlim tədrisinin keçirilməsini iddia edən, təlimçinin olmasını, təlimçiyə ödənilən xidmət haqqını, təlim proqramını, strukturunu, tədrisin qaydaları, tədrisin tarixi və vaxtı, imtahan qaydaları, tədrisin nəticəsi, istehsalata və ya işə buraxılması qaydasını əks etdirən sübutlar təqdim etməlidir. İş materiallarında bununla bağlı heç bir sənəd yoxdur. "xxxx" MMC xx.xx.2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və ona nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə bilikləri öyrətməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı MMC (Şirkət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Təlim keçmə və əməkdaşlıq haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən “Təlim alan” “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtoservisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. 4-cü bəndinə əsasən təlim alanın vəzifələri: 4.2. “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləmək. 4.3. “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkət”in xərclədiyi 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək. 9.1. hazırkı müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək operator vəzifəsinə müddətli əmək müqaviləsi bağlamışdır. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operator vəzifəsinə müddətli əmək müqaviləsi bağlamışdır. - Cavabdeh tərəfindən "xxxx" MMC-yə yazılmış ərizədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlə aralarında olan müqavilə şərtlərinə əməl etməyi təklif etmiş, əks halda pulun tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - ********** saylı xx.xx.2024-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsini bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi və əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və ya lazımi şəkildə icra etməyi, həmçinin “Şirkət”lə əmək müqaviləsi bağlandığı gündən 3 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 2000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər. Bundan 1 gün sonra, yəni 29 noyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 6 aylıq müddətə, yəni 28 may 2023-cü il tarixədək əmək müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Cavabdeh "xxxx" MMC-də aylıq əmək haqqısı 326.86 manat müəyyən edilməklə operator vəzifəsinə işə qəbul edilmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh təşəbbüsünə əsasən 30 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Daha sonra cavabdehin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər "xxxx" MMC-də operator vəzifəsinə 400 manat maaşla işə qəbul edilmişdir. Cavabdeh tərəfindən 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirən iddiaçı "xxxx" MMC Cavabdeh 2000 manat cərimənin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin cavabdeh iddia tələbini qəbul etməmişdir. İddia tələbinin əsasını məhz tərəflər arasında imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması ilə bağlıdır. Lakin iş materiallarına 28 noyabr 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliklərin icrası olaraq "xxxx" MMC-yə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsi, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təlimkeçmə və əməkdaşlıq haqqında 28 noyabr 2022-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklərin tam şəkildə icra edilməsinə ilə bağlı iddiaçının dəlili özüözlüyündə əsassızdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar