Məhkəmə qərarları › İş №e-2(075)-1517/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1517/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1517/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 3468 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X4” MMC-nin nümayəndəsi məhkəməyə 18 iyul 2024-cü il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli X2 əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 69x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 363 saylı Əmrindən göründüyü kimi, “Oba – Biləcəri 9” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 5305,54 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayında tam olaraq iştirak etmiş, sayılan məhsullarla tanış olmuş, sayı ilı bağlı etirazı olmamışdır. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya Siyahısı” və “İnventarizasiya nəticələrinə dair Akt” cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. İddiaçı MMC-nin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2023-cü il tarixli, 130 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsulşəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,65 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 3468 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. 1 ildn çoxdur işdən ayrılmışdır. Maddi ziyana görə indiyə kimi 500 manata yaxın pul ödəmişdir. Hal-hazırda işsizdir. Pulu ödəməkdən yayınmır. Məhkəmədən pulun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 22 iyul 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 1 illik əmək müqaviləsi ilə «OBA Market” MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli il tarixli əmək müqaviləsin əlavənin surətindən görünür ki, Cavabdeh “baş satıcı” vəzifəsinə keçirilmiş. İş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixli il tarixli əmək müqaviləsin əlavənin surətindən görünür ki, Cavabdeh “admin” vəzifəsinə keçirilmiş. İş materiallarına əlavə edilmiş «OBA market” MMC ilə Cavabdeh arasında imzalanmış 22 avqust 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «OBA Market” MMC-dən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürür. Eyni zamanda ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2023-cü il tarixli, 130 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,65 faizi miqdarında müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli, 69x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya yoxlamalarına dair” aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nə 5305.54 (beş min üç yüz beş manat əlli dörd qəpik) manat çatışmazlığının olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC- də çalışmış Cavabdeh Tofiq oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 19 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X1 ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2023-cü il tarixində 5305.54 (beş min üç yüz beş manat əlli dörd qəpik) manat, çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 3468 (üç min dörd yüz altmış səkkiz) manat borc qalmışdır. Beləliklə, Cavabdeh 19 dekabr 2023-cü il tarixinə "xxxx" MMC-nə olan ümumi borcu 3468 (üç min dörd yüz altmış səkkiz) manat təşkil edir. İş materiallarında əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, 3 gün müddətində borcun ödənilməsini tələb olunnmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında əlavə edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş 25 aprel 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 60 manat onun tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. 28 mart 2023-cü il tarixli, 69x saylı əmrlə isə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-də çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Vurulmuş zərərin ümumi məbləği 5305.54 (beş min üç yüz beş manat əlli dörd qəpik) manat olmuş, həmin zərərin 1837.54 (min səkkiz yüz otuz yeddi manat əlli dörd qəpik) manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, yekun olaraq Cavabdehnın İddiaçı MMC-yə 3468 (üç min dörd yüz altmış səkkiz) manat məbləğində borcu qalmışdır. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göründüyü kimi Cavabdeh "Oba Market” MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməsi, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması, ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehnın İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərdən mal çatışmazlığının olması xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixli inventarizasiya yoxlamasına dair tərtib edilmiş aktla da təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etdiyini bildirmişdir. Həmin akt üzrə Cavabdeh İddiaçı MMC qarşısındakı mal çatışmazlığının 5305.54 (beş min üç yüz beş manat əlli dörd qəpik) manat olmasına baxmayaraq iddiaçı təşkilat tərəfindən ümumi dövriyyə nəzərə alınaraq cavabdehə 1837.54 (min səkkiz yüz otuz yeddi manat əlli dörd qəpik) manat güzəşt tətbiq olunmuş və həmin inventarizasiyanın nəticəsi üzrə cavabdehin iddiaçı təşkilata qalıq borc məbləğinin isə 3468 (üç min dörd yüz altmış səkkiz) manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3468 (üç min dörd yüz altmış səkkiz) manat ziyan məbləği alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 60 manat xərc və ödənilmiş 5 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3468 (üç min dörd yüz altmış səkkiz) manat ziyan məbləği, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş 5 (beş) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar