Məhkəmə qərarları › İş №e-2(075)-1523/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1523/2024

14.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1523/2024 14.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Şəki rayonu, Suçma kəndi ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, X1 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alqı satqısı barədə 16 fevral 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 15 iyun 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində alqısatqı aktının tarixini 16 fevral 2005-ci il kimi deyil, 05 aprel 2005-ci il kimi oxunulmasını xahiş etmişdir. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Suçma kəndi ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, X4 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini 05 aprel 2005-ci il tarixdə cavabdehlərin razılığı əsasında dəyərini tam ödəməklə onlardan satın almışdır. Həmin vaxt torpaq sahəsinin alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından alqı-satqı müqaviəsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdehlər torpaq sahəsini ona təhvil vermişlər. 3,36 hektar torpaq sahəsi qeyd olunan vaxtdan indiyədək faktiki olaraq onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinə dair cavabdehlərin adına Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanaraq verilmişdir. Dəfələrlə cavabdehlərə müraciət edərək satın aldığı torpaq sahəsini oz adına rəsmiləşdirmək üçün Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini onlardan xahiş etmiş, lakin cavabdehlər son vaxtadək 3,36 hektar torpaq sahəsinin ona satdıqlarını, bunun əvəzində həmin torpaq sahəsinin dəyəri kimi müəyyən edilmiş 800 ABŞ dollarını tam şəkildə aldıqlarını etiraf etsələr də, hazırda torpaq sahəsini ona satdıqlarını inkar edərək alqı-satqı müqaviləsini imza etmək üçün Notoriat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayınırlar. Bu səbəbdən alqı-satqı müqaviləsinin notoriat qaydasında təsdiqlənməsi və torpaq sahəsinin öz adıma rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hazırkı vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Cavabdehlərlə hüquq münasibətlərinin yarandığı zaman,yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb edilən əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 05 aprel 2005-ci ildə cavabdhlər onun atasına müraciət edərək, özlərinin mülkiyyətlərində olan torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Bundan sonra atası 800 ABŞ dolları pulu həmin şəxslərə vermiş və əvəzində qeyd edilən torpaq sahəsini cavabdehlər ona satmışlar. Həmin zaman bununla bağlı onların iştirakları ilə akt tərtib edilmişdir. Həmçinin orada sənədlər hazır olduqdan sonra alqı-satqı müqaviləsinin bağlanması üçün notariat kontoruna müraciət etməli olduqları bildirilmişdir. Lakin cavabdehlər bugünə kimi notariat kontoruna getməkdən imtina etmişlər. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddiaçıya mülkiyyətlərində olan torpaq sahəsini öz aralarında şifahi razılaşma əsasında 500 ABŞ dollarına 10 il müddətinə icarəyə vermişdir. Lakin aralarında torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi hal-hazırda onların istifadələrindədir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: JN:0028 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən 3.36 ha torpaq sahəsi Şəki rayonu, Suçma kənd sakinləri X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərinə verilmişdir. 05 aprel 2005-ci il tarixli aktdan görünür ki, Şəki rayonu, Suçma kənd sakini X3 və onun ailə üzvləri Aqrart İslahat zamanı onlara verilən və hal-hazırda onlara məxsus olan 3.19 ha özəl pay torpaq sahəsini Dərəcənnət kənd sakini, qohumu İddiaçı daimi oaraq bağışlanmışdır. Özəl pay torpaq sahəsinin plan cizgisi İddiaçı təhvil verilmişdir. Hər iki tərəfin haı-hazırda hüç bir iddiası yoxdur və gələcəkdə də heç bir iddiaları olmayacaqdır. Aktın doğruluğunu X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı və X5 öz imzaları ilə təsdiq etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində JN:0028 nömrəli (kod ********) Torpağa Mülkiyyət Hüququna X9 göstərilən 3.19 ha torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 05 aprel 2005-ci il tarixdə Şəki rayonu, Suçma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akt nəticəsində X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini ona satdıqlarını və bunun müqabilində pul aldıqlarını, lakin sonradan müqavilənin rəsmiləşdirilməsi üçün onları notariat kontoruna dəvət etsə də, onların notariat kontoruna gəlməkdən boyun qaçırdıqlarını göstərmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarında tərəflər arasında 3.19 ha torpaq sahəsinin alqı-satqısının 2005-ci ildə baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı məhz 2005-ci il tarixdə yazılı əqdin bağlanması, bağlanmış həmin əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin 2005-ci ildə bağlanmış əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması və həmin əqdin özünün qanuna zidd olmaması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən 05 aprel 2005-ci il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 4 mülkiyyətçidən kimin tərəfindən və kimdən alınması və sair şərtlər göstərilməmişdir. Ona görə də həmin akt 3.19 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 arasında bağlanmış sadə yazılı əqd kimi qəbul edilə bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı Şəki rayonu, Suçma kəndi ərazisində yerləşən JN:0028 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, X1 mülkiyyətində olan cəmi 3,36 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə 05 aprel 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair iddiası rədd edilməməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı torpaq sahəsinin alqı-satqısı barədə 05 aprel 2005-ci il tarixli əqdin etibarlı sayılması, dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar